Türkiyə-İsrail NATO birliyi

xaliq-bahadirXaliq Bahadır

xanbahadir@mail.ru

Türkiyə Israilin NATO-ya qatılmasının yolunu açdı. Bu, başqa Türkiyə, daha doğrusu, başında başqasının durduğu Türkiyə deyil, Ərdoğan Türkiyəsidir. Işdəki ilginclik də elə burasıdır: illərlə ərəb yandaşlığında bulunmaqla Israilə açıq düşmənçilik sərgiləyən Ərdoğan birdən dönüb Israil dostu oldu. Bu, Ərdoğanın illərlə yürütdüyü bəlli bir poitikanın sınıq çıxması görsənişidir.

Yeri gəlmişkən, burada iki faktı ayrıca anmaq gərəkir: 1) Ərdoğanın Davosda Israil prezidenti Şimon Peresi “divara” dirəməsi faktı. Şimon Persin onda Ərdoğanın kəskinliyindən necə ŞOK keçirdiyini bütün dünya görmüşdü. O gözlənilməz sərtlikdən, ola bilsin, çox-çox aylar sonra da yazıq Peres özünə gələ bilməmişdi. Türkiyənin, Türkiyə dövlətinin Israilə qarşı o çağkı Ərdoğan ayaqlanmasından qazandıqlarından danışmağa dəyməz – ortada hər hansı qazanc faktı olmadığı üçün; 2) Fələstin-ərəb sevdalısı Ərdoğan Israilin Qəzzə quşatmasını (blokadasını) aradan qaldırmaq üçün Qəzzəyə orduyla “humanitar yardım” göndərmək istəyində bulundu. Israil Türkiyənin NATO dövləti olmasını da gözə almadan gəmiyə saldırdı, 9 Türk əsgərini öldürdü. Çoxsaylı yalanları, hap-goplarıyla Türkiyəyə daha çox uğursuzluq qazandıran Ərdoğan öz əliylə Israilin qarşısında NATO qapılarını açmağadək Türkiyəni gerilətdi. Bu isə elə-belə gerilətmə deyil, istər iç, istərsə də dış politikada Ərdoğanın Türkiyəni uduzdurması, düşürməsi görsənişlərindəndir. Bunlar Ərdoğanın iç, dış politikalarının uğursuzluğu sonucunda Türkiyənin dəyərsizləşməsi faktlarıdır…

Ərdoğan bir çağlar özünün ABŞ-ın “Orta Doğu projesinin eş başqanı” olduğunu bildirmişdi. Çağındaca bunun söyləncə-mif olduğunu yazmışdım. Mənim belə düşünməyimin bir başlıca nədəni vardı: anqlosaks birliyi, Vatikan başda olmaqla, yüz illər boyunca Türkiyəni Batıdan-Doğudan sıxışdırıb çıxarmaqla ilkin sınırları içinədək yenmə projesini gerçəkləşdirmə üzərində çalışmış, projeni yalnız Birinci dünya savaşı dönəmində gerçəkləşdirə bilmiş, neftlə dolu Mosul-Kərkük bölgəsini itirməsinədək Türkiyəni uğursuzluğa uğratmışdılar. Sözügedən güclərin ortada Türkiyəni gerçəkdən üstləndirmə politikaları olmaya-olmaya Ərdoğan özünü belə bir politikanın (onun öz diliylə desək, projenin) olduğuna inandırmiş durumdaydı. Ortada ABŞ-ın “Böyük Yeni Doğu” projesi var idi, ancaq, o proje Ərdoğanın düşündüyü kimi, Türkiyəni böyüdüb “Yeni Osmanlıya” dönüşdürmə projesi deyildi. Öz baxışları, düşüncələri ilə yanaşmaqla, Ərdoğanla Davudoğlu özlərini o projenin başlıca yetkililəri sırasında görürdülər. Son çağlar onlar bunu gizlətmir, bu yöndə açıq çıxışlarda, üstəlik, kəskin davranışlarda bulunurdular. 9 Türk əsgərinin qurban verilməsi ilə sonuclanan uğursuz Fələstin “yürüşü”, Rusiya uçağının vurulması kimi çağdaş dünya düzəni baxımından gözlənilməz görsənişlər bu seriyadan olan davranışlar idi.

Rusya uçağının vurulmasının üstündən öncə Ərdoğan, ardınca getdikcə şefinə çox oxşamağa çalışan Davudoğlu bağırtıyla döşlərinə döyərək gərəkərsə, Suriyaya ordu yeridəcəklərini, Bayır-Bucaq Türkmənlərini sonadək qoruyacaqlarını bildirirdilər. Dediyinin üstündə sonadək durmamaqla Ərdoğan bir daha yalançı çıxdı: Bayır-Bucaq Türkmənləri arxasız qalaraq Putin-Əsəd güclərinin saldırısına uğradılar. Sonra Rusiya televiziyaları rus ordusunun ACLIQ ÇƏKƏN Bayır-Bucaq Türkmənlərinə çörək payladığını göstərdi – Ərdoğanla Davudoğlu onda gözdən itmişdi. Nədən? ABŞ da, NATO da Ərdoğanla Davudoğlunun mifik “eş başqanlığı” ilə bağlı ötkəm davaranışlarına qarşı olduğunu sərgiləmişdi…

Yaxın-uzaq çevrəylə, başlıcası, Rusiya ilə bağlı uğursuz politikalar Ərdoğanı sevmədiyi – onun yaratdığı görüntü beləydi! – Israil qarşısında qapı (indilikdə NATO qapısı) açmağadək gətirib çıxardı! Görəsən, çoxdan Ərdoğan politikalarının Bayır-Bucaq faktoruna çevrilmiş Türkiyəni daha hansı uğursuzluqlar gözləyir?