Braziliya prezidentinə göstərilən münasibət Əliyevə də göstərilərdi
Ətrafa nəzər salanda nə qədər qanunsuz, hüquqsuz, ədalətsiz ölkədə yaşadığımız daha aydın görünür. Daha doğrusu ölkəni şəxsi təsərrüfata çevirmiş bir zehniyyət bütün ali dəyərləri sıradan çıxarıb və öz “dəyər”lərini tətbiq ediblər. Ona görə də insanların ədalət umacağı, özünü təhlükəsiz hiss edəcəyi, çiynini söykəyəcəyi heç bir dövlət strukturu qalmayıb. Ən ali orqan sayılan məhkəmələr də ən adi orqana çevrilib. Millətə vəkillik etməli olan adamlar hökumətin vəkilinə çevrilib və xalq parlamentdən də heç bir müsbət addım gözləmir.
Amma dünyada vəziyyət tamam fərqlidir. Hökumətlər ictimai rəylə hesablaşır, qanun qarşısında hamı bərabərdi, heç kim cinayət məsuliyyətindən yayına bilməz və s.
Bugünlərdə daha bir nümunənin şahidi olduq. Braziliya prezidenti Dilma Russef Braziliya Konqresi komitəsinin korrupsiya ittihamlarına görə impiçmentlə üzləşdi. Braziliya parlamentinin yuxarı palatası prezident Dilma Rusefin haqqında impiçment proseduruna başlamaq və onun vəzifələrindən dərhal kənarlaşdırılması barədə qərar çıxardı. 55 senator qərarın lehinə, 22 nəfər isə əleyhinə səs verib. Səsvermə ərəfəsində prezident Rusef Ali Məhkəməyə müraciət edərək impiçmentlə bağlı səsvermənin qarşısını almağa çağırıb. Ali Məhkəmə onun müraciətini qəbul etməyib. Ali Məhkəmənin qərarından dərhal sonra prezident Dilma Rusef kabinetində olan şəxsi əşyalarını götürərək iş yerini tərk edib.
Azərbaycanda belə bir hadisəni təsəvvür etmək mümkündürmü? Azərbaycan parlamenti ölkə başçısını varidatıyla bağlı, ofşordakı hesablarla bağlı müzakirə keçirə bilərmi? Ali Məhkəmə hakim ailəylə bağlı korrupsiya şikayətlərinə baxarmı?
Məsələ burasındadır ki, Dilma Russelfin cinayəti hələ sübuta yetirilməyib, bu adam külli miqdarda pulları mənimsəməkdə ittiham edilmir, hansısa beynəlxalq araşdırma şirkətləri onun haqqında faktlar ortaya çıxarmayıb. Sadəcə olaraq Dilma Russefə qarşı ittihamlar var və parlament bunun araşdırılmasına səs verib və prezident tutduğu vəzifədən azad edilib. Yəni Dilma Rusself bu ittihamı irəli sürənləri şərləyərək həbs etdirməyib, Ali Məhkəməyə təzyiq göstərmək haqqında fikirləşməyib, senatorları ələ almağa cəhd etməyib. Prezident də, parlament də, məhkəmə də öz missiyasını bilir və heç bir fərd bu missiyanı dayandıra bilməz.
Azərbaycanda isə bu günə qədər yüzlərlə korrupsiya faktları aşkarlanıb. Icra başçısından tutmuş, ölkə başçısına qədər müxtəlif şəxslərin varidatı üzə çıxarılıb. Son günlər “Panama sənədləri” yayıldı, hakim ailənin ofşorlarda adı hallandı, London mülklərinin fotoları yayıldı. Bundan əvvəl Vircin adasındakı ofşorlara 48 milyard daşındığı məlum olmuşdu.
Amma bu qədər fakt qarşısında bütün aidiyyəti qurumlar susub. Heç bir millət vəkili bu məsələyə münasibət bildirmək iqtidarında deyil, heç bir məhkəmə bu məsələyə baxa bilməz, faktlarla bağlı cinayət işinin açılması mümkün deyil və ölkə başçısı yayılmış faktlara münasibət bildirmək zərurəti hiss etməz.
Əgər Azərbaycanda baş verənlər, Azərbaycan rəhbərliyi haqqında aşkarlanan korrupsiya faktları digər ölkələrdə baş versəydi, həmin hökumətlər ya həbsxanaya, ya da istefaya göndərilərdi. Yəni bu qədər çirkli bioqrafiya ilə heç bir qüvvə hökumətdə qala bilməzdi. Bəli, məhkəmə, parlament, hüquq mühafizə orqanları o qədər zəlil vəziyyətə salınıb ki, göz deşən cinayətlərə münasibət bildirmirlər. Bütün strukturlar yuxarıdan gələn sifarişləri icra edirlər.
Amma bütün bu baş verənlərdə xalqın da böyük məsuliyyəti, günahı var. Əgər xalq dövlət mənafeyinin keşiyində dayansa, neqativlərə etiraz bildirsə, özünə hörmət tələb etsə, hökumət bu qədər qəddarlaşa, kriminallaşa bilməz. Biz susduqca, qorxduqca, biganə qaldıqca, hökumət daha da azğınlaşır, qanunlar kağız parçasına çevrilir, xalqı təhqir etməkdən çəkinmirlər.
Bəli, xalq öz qürurunu qorumasa, hakimiyyətin mənbəyi olduğunu əyani şəkildə təsdiq etməsə, hökumət talançılığını, yalançılığını davam etdirəcək.
Niyə dünyanın başqa ölkələrində olduğu kimi bizdə də qanunun aliliyi təmin edilməsin? Niyə bizim də xalqın mənafeyindən çıxış edən parlamentimiz olmamalıdır? Niyə bizim ölkəmizdə də müstəqil məhkəmə olmamalıdır? Niyə bu ölkədə də ictimai rəyə, cəmiyyətin etirazına hörmətlə yanaşılmamalıdır?
Demək istəyirik ki, hökumətin bu qədər azğınlaşması, ən xırda məsələlərdə belə xalqın zərərinə qərar çıxarması xalqın susğunluğundan doğur. Hakimiyyət yalnız xalqın susqunluğundan, laqeydliyindən, ruh düşkünlüyündən güc alır. Müşahidə etdiyimiz ölkələrdə başqa planetdən gələnlər yaşamır. Sadəcə olaraq onlar özlərinə hörmət tələb edirlər. Hökumət başa düşür ki, hər hansı səhvi, qanunsuz əməli bağışlanmayacaq, cavab verməli olacaq.
Amma bizim ölkəmizdə hökumət əmin olub ki, nə qədər korrupsiya faktları ortaya çıxsa da xalq susacaq, adi baxacaq, qəbul edəcək. Deməli, problemlərin həlli, normal ölkənin qurulması xalqın iradəsindən keçir. Xalqın iradəsi əriyəndə ölkə cəhənnəmə çevrilir.
Samir