Iş elə gətirib, Almaniyada, ən başlcası, Almaniyanın Münhen şəhərində olmamışam. Ancaq bu şəhər mənə çoxdan, universitet öyrəncisi olduğum illərdən tanışdır. Ötən yüzilin 70-ci illəri idi. Kirələdiyim evdə gecələr bir bucağa qısılıb (ev yiyəsi eşidib sata bilərdi) “Azadlıq”, “Svaboda” radiolarına qulaq asardım. Bu radiolar, bax, o Münhendən yayımlanırdı. KQB generalı Heydər Əliyev onda indiki Ramiz Mehdiyevi də yanına alıb Azərbaycanı kommunizmin zirvələrinə doğru aparırdi: xalqın yeməyə ət, yağ, ölüsünü bükməyə kəfənlik parça tapıb ala bilmədiyi bomboş mağazalarla! Teleradiolar, qəzetlər dayanmaq bilmədən yoldaş H.Əliyevin Azərbaycanı göylərə ucaltdığından, dünyaya tanıtdığından dəm vururdu. Dalğaların vurulub qarışdırılması üzündən çətinliklə başa düşdüyümüz “Azadlıq”, “Svaboda” radioları bütünlüklə tərsini deyir, H.Əliyevin Azərbaycanı yaman günə qoyduğunu, kölələr ölkəsinə çevirdiyini bildirirdi. Demək, bizim bildiyimizi. Işə bax: bizim Bakıda bildiyimizi kimlərsə Münhendə otura-otura bilirdilər – biz indi Münhendə olanları Bakıda bildiyimiz kimi!
Işə bax: indi başqa bir yerdə yox, o Münhendəcə H.Əliyevin öz yerində oturdub getdiyi oğlunu solaxay sorularla sıxma-boğmaya saldılar. Onların dediklərindən göründüyünə görə, bizim gənc diktator (84 yaşlı Hüsnü Mübarəkə, 83 yaşlı Ramiz Mehdiyevə görə gənc diktator!) Azərbaycanda marşal Hüsnü Mübarəkin qurduğuna oxşar diktatura rejimi qurub. Düzdür, bizim gənc diktator “alman dəqiqliyilə” ortaya atılmış bu yersiz dəyərləndirmədən çox acıqlandı, ancaq acıqlı olsa da, gözəl dedi: “nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz!”. Bu gözəl, olduqca dəyərli, yerində deyilmiş uyarmanın açıqlaması belədir: Azərbaycanda Misirdə olanlar olmayacaq, Azərbaycan Hüsnü Mübarəkin Misiri olaraq qalacaq, onun Almaniya kimi bir ölkəyə çevrilməyini görməyəcəksiniz! Uğurlu neft-qaz strategiyası görəcəksiz, onu görməyəcəksiz! Bax, belə!!
Ortada ayrıca vurğulanası bir nəsnə də var: Hüsnü Mübarəkin general ikən qurduğu (sonra marşal oldu), qura bildiyi diktatura rejimini bizim gənc diktator (bilirsiz kimlərə görə gənc) ordu nə olduğunu bilmədən, düz-əməlli əmək kitabçası olmadan… neynədi? Qurdu! Qurdu, sonra da başında durdu, durur, duracaq. Taaa… yıxılanadək. Indi kimlərsə onu başdan eləmək istəyirlər. Indi Almaniyanın qəzet-jurnalları elə hey ondan yazır. Yazdıqları da nə? Hətərən-pətərən. Götürüb “Azərbaycan”, “Yeni Azərbaycan”, lap, cəhənnəmə, “Bakinski raboçi” qəzetindən yazı verələr, deyəsən hə! “Bakinski raboçi” dedim, yadıma 3-cü mikrorayon körpüsünün altındakı, bir sıra başqa yerlərdəki kişi qul bazarı, Nəsimi bazarının yanındakı QADIN qul bazarı düşdü. Görəsən, onları da BAKINSKI RABOÇIDƏN saymaq olarmı? Olarsa, hansı kateqoriyadan? Görəsən, doğrudanmı jurnalistika dünyanın ən əski professiyalarındandır? Ola bilər, ancaq professiyanın kateqoriyalarını o professiyadan olanlar yaradır, başqaları yox. Kimi yüksək kateqoriya yaradır, kimi lap ayaqda sürünən, əldə-ətəkdə qalan kateqoriyalardan. Sonuncular (hansı düşərgədə yer tutmağından asılı olmayaraq) özlərini əski professiya subyektlərinə çevirənlərdir. Jurnalistin professional borcu hansı düşərgədə yer tutmağından asılı olmayaraq, doğrunu yazmaq, doğruya qulluq eləməkdir. Oğruya qulluq eləməklə doğrunu yaza bilməzsən.
Hər yerdə (hansı düşərgədə yer tutmağından asılı olmayaraq) doğruya qulluğun, doğru yolçuluğunun (doğrunu deməyin, yazmağın) daşlaşmış BAZA prinsipləri var: yetərincə uyğarlıq (uyğarlıq – mədəniyyət); yüksək ideya-mənəvi sanbal. Yalnız bundan sonra yalana-yamana-yaramazlığa uğurla dirəniş göstərmək, onu yenmək-yıxmaq, ona üstün gəlmək olar. Yalnız göstərilən BAZA prinsiplərinə yiyələnməklə, təkcə jurnalistikanın deyil, istənilən professiyanın üst qatında yer tutmaq, örnək kimsəyə çevrilmək olar. Yalnız!

Başda durmaq, başa varmaq başarıları…
•