Novella Cəfəroğlunun da bizi ermənilərlə bir sırada tutması

Eurovizion mahnı yarışması ilə bağlı başladığımız “Azad musiqi qeyri-azad ölkədə” kampaniyasına qarşı Azərbaycan hakimiyyəti son bir ayda amansız qarayaxmalara başlayıb.  Iqtidar qəzetlərindəki yazıları hakimiyyətə bağlı QHT-lərin bəyanatları əvəzləməkdədir. Təbii ki, bu arada Çingiz Qənizadə də qələmə sarıldı, RATI-yə və hüquq müdafiəçisi Leyla Yunusa qarşı böhtan fikirləri ilə növbəti tapşırığı yerinə yetirdi. Bu, gözlənilən idi. Amma Novella Cəfəroğlunun bu kampaniyaya qoşulması xeyli yeni məsələdir…  Bütün keçmiş münasibətlərimizə, keçmiş xidmətlərinə rəğmən, deməliyəm ki, Novella xanımım hakimiyyətin kampaniyasına qoşulmasına susmaq fikrimiz yoxdur. Baxmayaraq ki, bizi susmağa çağırır, deyir ki, ölkədəki problemlərlə bağlı xarici təşkilatlara şikayət etmək olmaz. Niyə?  
Bəs onda niyə xarici ölkələrə gedirsiniz? Beynəlxalq təşkilatlarla əməkdaşlı edirsiniz? Bəs onda niyə xarici musiqi yarışmasına qatılırıq?  Axı Evrovizion da xarici yarışmadır?
Azərbaycan hakimiyyəti “dərə xəlvət, tülkü bəy” prinsipi ilə ömrünü uzatmaq istəyir və adamlara da “ölkəmiz haqda xaricilərə şikayət etmək düz deyil” kimi mənfur bir arqument  düzəldiblər. Bir hüquq müdafiəçisi bilmirmi ki, insan haqları bir ölkənin daxili işi deyil, Azərbaycanın beynəlxalq öhdəlikləri var  və s. Görəsən bu adamlar Azərbaycanın Avropa Insan Haqları Məhkəməsinin yurisdiksiyası altında olduğunu da qəbul etmir? Axı orda da xaricə şikayət imkanı var…
Bu cümləyə fikir verin: «Hakimiyyəti Azərbaycanın içində tənqid eləmək lazımdır, beynəlxalq təşkilatlarda yox».  Novella Cəfəroğlu belə deyir. Bəs onda biz xaricdə nə deyək?  Deyəkmi ki, hər şey gözəldir burada? Gözəldirmi görəsən? Novella xanım da xaricdə belə deyir? Qəbul etmək olarmı ki, o illərdir məhz dediyi kimi edib?!
Azərbaycan hakimiyyəti illərdir daha bir üsulla həqiqəti deyənlərə hücuma keçir: ermənilər də belə deyir. Mən anlamıram, YAP-çılar, Çingiz Qənizadə,  Novella Cəfəroğlu haradan bilir ki, ermənilər Evrovizion yarışmasının Azərbaycanda keçirilməsini istəmir. Bu haradan çıxdı? Məncə ermənilərə istəyər ki, bu ölkədə ədalət olmasın, insan haqları tapdansın, siyasi dustaqlarla ad çıxarsın ölkəmiz. Bu ölkənin xalqı əzən, talançı bir hakimiyyəti olsun. Ermənilərə bunlar sərf edir. Amma Evrovizionın nə ziyanı var ermənilərə? Mahnı yarışması torpaqlarımızı onlardan gerimi alacaq?
Novella Cəfəroğlu deyir: “Sabah ermənilər deyəcək ki, biz antidemokratik ölkədə yaşamaq istəmirik”. Ermənilər bunu çoxdan deyir. Hətta antidemokratik Ermənistanda da yaşamaq istəmirlər. Çıxıb gedirlər. Hətta bunu azərbaycanlılar deyir və imkan tapanlar ölkədən gedirlər. Biz də onu deyirik ki, ay Evrovizion mahnı yarışması ilə bizim başımızı qatan hakimiyyət, demokratiya lazımdır, azadlıqlar lazımdır, Avropa ölkəsi olmaq lazımdır. Hüquq müdafiəçilərini  özünə işlətməklə hüquq ölkəsi qurulmur, problemlər həll edilmir…
Biz ölkənin dəyişməsi, hüquq ölkəsinə çevrilməsi üçün bütün fürsətlərdən istifadə etmək fikrindəyik. Bu, dövləti, ölkəni, onun vətəndaşlarını xilas etməyin faydalı, hətta məcburi yoludur. Ayrılıqda isə, bizim bu kampaniya mahnı yarışmasına qarşı da deyil. Biz ilk bəyanatımızda Azərbaycan sənətçilərinin uğuruna sevindiyimizi də qeyd etmişik. Lakin ölkəmiz üçün bundan da vacib hədəflər var. Bizim hədəfimiz mahnı yarışmasının arxasında gizlənən, xalqın başını bu kimi beşinci dərəcəli uğurlarla qatan hakimiyyətdir. Çağırışlarımız, tələblərimiz də çox pozitiv xarakterdə olub. Onu da xatırladıram ki, dəfələrlə ölkə rəhbərliyinə müraciət etmişik, bir çox ciddi problemlərin həll edilməsini istəmişik. Amma heç bir dəyişiklik olmayıb. Əvəzində, qarayaxmalara başlayıblar. Halbuki, gec deyil, hakimiyyətin ciddi addımlar atmağa vaxtı və imkanı var…