Paytaxtın müxtəlif yerlərində rejim əleyhdarlarının aksiyaları keçirilib
Iranda müxalifət tərəfdarlarının aksiyası öncəsi kütləvi həbs və zorakılıq halları baş verib. Fevralın 14-də Iran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubinin ev dustağı edilməsinin ildönümündə paytaxt Tehranın əsas küçə və meydanları ciddi nəzarətə götürülüb.
Iran mətbuatının məlumatına görə, Tehranda Islam Inqilabı Keşikçiləri Korpusunun (“Sepah”), Informasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) çoxsaylı əməkdaşları, motosikletçi polis qüvvələri müşahidə olunub. Buna səbəb isə Iran müxalifətinin səssiz etiraz aksiyası keçirməsi olub.
Mülki geyimli təhlükəsizlik qüvvələri paytaxtın bəzi ərazilərindəki obyektləri, Tehran Universitetinin, bəzi metro stansiyalarının giriş-çıxışlarını bağlayıb. Tehranın mərkəzi ərazilərində mobil telefonlar işləməyib. Şəhərin bəzi müəyyən hissələrində postlar qurulub və vətəndaşlar ciddi yoxlanıb. Təhlükəsizlik qüvvələri Azadlıq meydanına toplaşan nümayişçilərə hücum edərək onlara qarşı güc tətbiq ediblər. Lakin ciddi basqılara baxmayaraq, müxalif fəallar rejim əleyhinə şüarlar səsləndiriblər. Inqilab meydanında tərəflər arasında qarşıdurma olmasa da, bir neçə nəfər həbs edilib. Paytaxtın bəzi yerlərində etirazları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub. Tehranın Camalzadə küçəsində təhlükəsizlik qüvvələri bəzi müxalif fəalları avtomobillərə mindirərək naməlum istiqamətə aparıblar. Hökumət Isfahanda, Kirmanşahda və Əhvazda da təhlükəsizlik tədbirlərini gücləndirib.