Yasamaldakı polis – vətəndaş davası barədə yeni məlumatlar

Hadisəyə görə həbs edilənlərdən biri «qanuni oğru» Yunis Nəzərovun qardaşı oğludur

Polis onlarla dava edən şəxslərdən birini yaşadığı ünvanda ölümcül döyüb

Yasamal rayonu ərazisində, “Inşaatçılar” metrostasiyasının girişində bir qrup şəxslə Çevik Polis Alayının əməkdaşları arasında baş verən dava ilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, bu hadisə fevralın 9-u saat 21.00-da baş verib. Rəsmi məlumatlara görə, bir qrup şəxs polis əməkdaşlarına sataşıb. Bu isə tərəflər arasında mübahisəyə səbəb olub. Mübahisə davaya çevrilib. Əraziyə əlavə polis qüvvələri cəlb edildikdən sonra münaqişənin qarşısı alınıb.
Hadisədən bir neçə saat sonra Bakı şəhər sakinləri 1987-ci il təvəllüdlü Nəzərov Canəhməd Imanbala oğlu, 1986-cı il təvəllüdlü Ismayılov Intiqam Məmmədağa oğlu və  1986-cı il təvəllüdlü Abbasov Əliağa Elşən oğlu saxlanılıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Əldə etdiyimiz yeni məlumatlarda deyilir ki, polislə dava edən şəxslər həmin gün yaxınlıqdakı kafedə dostlarının ad gününü qeyd edib. Kafedən çıxıb, metroya enmək istəyərkən həmin şəxslərdən birinin çiyni həmin vaxt ərazidə polislərdən birinə dəyib. Polisin buna aqressiv cavab verməsi mübahisəyə səbəb olub. Mübahisə qızışaraq davaya çevrilib. Və həmin şəxslər polisləri döyüblər. Məlumatlara görə, polisləri döyənlərin sayı 30-dan çox olub. Əraziyə əlavə polis qüvvələri cəlb edildikdən sonra polislər davada üstünlük əldə ediblər. Dava edən şəxslərdən ikisi – Canəhməd Nəzərov və Elşən Abbasov elə hadisə yerindəcə saxlanılıb. Intiqam Ismayılov isə hadisədən iki gün sonra tutulub. Iddialara görə, polislər davanın səhəri Intiqam Ismayılovun yaşadığı məhəlləyə gəliblər və onu həbs ediblər. Polislər əvvəlcə onu elə məhəllədəcə cəzalandırmaq qərarına gəliblər və onu ölümcül döyüblər. Intiqam Ismayılov huşunu itirdikdən sonra onun öldüyünü zənn ediblər və dərhal məhəlləni tərk ediblər. Lakin olayın səhəri bəlli olub ki, Intiqam Ismayılov sağdır. Polislər yenidən onun yaşadığı ünvana gələrək adıçəkilən şəxsi həbs ediblər.   
Məlumatlarda o da bildirilir ki, həbs olunanlardan Canəhməd Nəzərov “qanuni oğru” Yunus Nəzərovun qardaşıoğludur.
Faktla bağlı başlanan cinayət işinin istintaqını aparan müstəntiq Erol Əliyev isə Xətai rayon prokuroru, daxili işlər naziri Ramil Usubovun qudası Yusif Ildırımzadənin qohumudur.

Azad