FTB-nin xüsusi agenti Azərbaycandan danışdı

Əli Sufan: «Iran qorxur ki, Azərbaycan münaqişədə qələbə çalsa, o mühasirəyə alınmış olacaq»

Amerikada məşhur teleşou aparıcısı Con Stüartın proqramına dəvət edilmiş Federal Təhqiqatlar Bürosunun keçmiş xüsusi agenti Əli Sufan Iranda azərbaycanlıların vəziyyəti, Dağlıq Qarabağ münaqişəsində Iranın mövqeyi və regionla bağlı digər məsələlərdən danışıb.
Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. Xəbərdə deyilir ki, hər axşam milyonlarla tamaşaçının izlədiyi “Con Stüartla gündəlik şou”nun fevralın 13-də efirə çıxan proqramında Əli Sufan Yaxın Şərq regionunda bugünkü durumu şərh edərək diqqəti Iranda yaranmış daxili vəziyyətə çəkib. O, Iranın monoetnik deyil, bir çox etnik qrupların yaşadığı bir ölkə olduğunu deyib. Əli Sufan bildirib ki, Iran əhalisinin təxminən 51 faizini farslar, 40 faizini isə azərbaycanlılar təşkil edir. “Azərbaycanlılar türk mənşəli xalqdır. Tarixən farslar və azərbaycanlılar arasında münasibətlər yaxşı olmayıb. Bununla yanaşı burada ərəb mənşəli əhvazlar, bəluclar yaşayır və bu etnik qruplar farsların dominantlıq etməsinə qarşı olub”, – o bildirib.  C.Stüartın azərbaycanlıların Türkiyə ilə yaxınlığından Iranın nə dərəcədə qıcıqlandığı barədə sualının cavabında Ə.Sufan deyib ki, Türkiyənin Yaxın Şərqdə və Mərkəzi Asiyada rolu artır və Iran bundan çox narahatdır, çünki onu əhatə edən ölkələrin çoxunda türk əsilli xalqlar yaşayır. Onun sözlərinə görə, Mərkəzi Asiyada hər hansı bir etnik hərəkat regionda Iranın nüfuzunun azalmasına gətirib çıxaracaq. Ekspert burada Iranın Dağlıq Qarabağ münaqişəsinin həllində bütün dünyada şiələrin müdafiəçisi olduğunu deməsinə baxmayaraq, qonşusu şiə Azərbaycanı deyil, ortodoks xristian olan Ermənistanı dəstəklədiyini bildirib: “Azərbaycan Türkiyə ilə yaxın əlaqələrə malikdir və əhalisi türk mənşəli xalqdır, buna görə də Iran qorxur ki, Azərbaycan münaqişədə qələbə çalsa, o mühasirəyə alınmış olacaq”.
Ə.Sufan Livan mənşəli amerikalı mütəxəssisdir. O, Federal Təhqiqatlar Bürosunun xüsusi agenti kimi ABŞ-da və dünya ölkələrində əks-terror əməliyyatları və təhqiqat proseslərində iştirak edib. O, Üsəma Bin Ladenin sürücüsü və mühafizəçisi olmuş Səlim Həmdan və Bin Ladenin mətbuat katibi olmuş Əli əl-Bəhluldan dəyərli informasiyanın alınmasında mühüm rol oynayıb. Ə.Sufanın 11 sentyabr hadisələrindən sonra ABŞ-da terrorizm əleyhinə mübarizə haqda yazdığı kitab 2011-ci ildə işıq üzü görüb.