İlham Əliyevin lovğa bəyanatları və səmərəli daxili siyasət
Çox qəribə vəziyyət yaranıb. Güney Qafqazın ən güclü dövləti elan edilən Azərbaycanın xarici siyasət strategiyası, az qala “Eurovision” mahnı yarışmasından asılı duruma düşüb. Rəsmi təbliğat ruporları bəyan edirlər ki, dünya dağılsa da, “Eurovision” nəqəratlarının taleyi təhlükəyə düşsə də Azərbaycan milli təhlükəsizliyini güzəştə getməyəcək.
Azərbaycanın milli təhlükəsizliyi nəyi nəzərdə tuturmuş?
Insanları siyasi motivlərlə həbsə atmağı, ölkədə təkpartiyalı sistemi yaradıb siyasi avtoritarizmi möhkəmlətməyi, sarsaq “milli mentalitet” çağırışları arxasında korrupsiyanı dərinləşdirməyi, rüşvətxorluğu dövlət idarəetmə siyasətinə çevirməyi…
Nəğmə diplomatiyası
Bu yaramazlıqlar milli təhlükəsizliyin Heydərizm postulatları ilə möhkəmləndirilən anlayış müstəvisidir.
Bu müstəvidə isə olduqca ironik olaylar baş verir. Dövlət bütünlüklə və tamamilə bir mahnı müsabiqəsinin təsiri altına düşüb. Yekə nazirlər, güc strukturları, neft-kimya sənayəsi, paytaxtın təsərrüfat işlərinin rəhbəri, inşaat şirkətləri, ölkənin ən nəhəng mafiozları bu mahnı yarışmasının təşkilatçıları arasındadır. Ilham Əliyev şəxsən toyxana tikintisinə rəhbərlik və nəzarət edir. Mahnı yarışmasının təşkil edildiyi gün, hətta Müdafiə Nazirliyinin də səfərbərliyə alınaraq milli təhlükəsizliyimizin bu parlaq və alabəzək təminatının mühafizəsinə cəlb ediləcəyi kəsindir. Indi Azərbaycan yalnız bundan ibarətdir. Avropa gənclərinin bir hissəsini ilgiləndirən mobil telefonların qulaqcıqlarından axıdılacaq bir illik musiqi sədası Azərbaycan hökumətini dövlət adına bütün cəfalara qatlanmağa, hətta dövlət adına reketlə və soyqunçuluqla məşğul olmağa vadar edib.
Heydərist aristokratiyanın komfortu naminə!
Hələ 2003-cü ildə ölkə mediası belə bir xəbər yaydı ki, Bakının mərkəzi elitar zona elan ediləcək, burada yaşayan sadə vətəndaşlar köçürüləcək, şəhərin mərkəzi yalnız Heydərizm aristokratiyasınin həyat və biznes mərkəzinə çevriləcək. O zaman “Azadlıq”ın da yaydığı bu xəbərə dodaq büzənlər, bunu qərəzli şayiə adlandıranlar olmuşdu. Ilham Əliyev hakimiyyətdə möhkəmləndikcə müstəqil mətbuatın özəl mənbələrdən aldığı bu məlumatın doğruluğunu təsdiqləməyə başladı. Böyük neft pulları və dövlətin bətnində cinayətkar qruplaşma yaratmaq hesabına külli miqdarda var-dövlət və hüdudsuz zor sahibi olan qeyri-siyasi bu qrup Azərbaycanı mənimsəmə əməliyyatlarının növbəti mərhələsinə qədəm qoymağa başladı. Ölkənin bütün ərazisini monopoliyalar vasitəsilə tam inzibati və iqtisadi nəzarət altına almaqla yanaşı Bakı şəhərində vətəndaşların məskunlaşması planını da öz istəklərinə uyğunlaşdırmağa başladı. Adamlar nə yeyəcək, nə ilə dolanacaq, hansı həyati prioritetləri olacaq, nə oxuyacaq və nəyə tamaşa edəcək kimi ən özəl haqlar da mafiyanın biznes monopoliyasının mənafelərinə uyğun tərtib edilir.
Indi “Eurovision” mahnı yarışması adı ilə insanların ev-eşiyini tar-mar etmək də, əslində 10 il əvvəl planlaşdırılmış həmin müdhiş və heyvərə əməliyyatın icrasıdır. 2006-cı ildə “Azadlıq” qəzeti zorla, Bakı polisinin bütün personalının cəlb edilməsi ilə öz ofisindən çıxarılanda sabiq KQB zabiti, indiki “aristokrat”lardan biri olan Mahmud Məmmədquliyev xarici jurnalistlərə bu vəhşiliyi belə izah etmişdi: “Şəhərin mərkəzində yerləşən bu bahalı binadan onlar çox səmərəsiz şəkildə istifadə edirlər”.
Indi həmin yerdə mafiyanın paraları hesablanır və bu, “çox səmərəli”dir.
Indi Heydərist aristokratlar paytaxt sakinlərini çox səmərəsiz şəkildə yaşadıqları mərkəzi ərazidən tamamilə uzaqlaşdırmaq əzmindədirlər. Planın əhəmiyyətli hissəsi icra edilib və bu dalğa Azərbaycanın strateji təhlükəsizliyinin təminatlarından biri olan “Eurovision” mahnı yarışması naminə elan edilib.
O, kimi qorxutmaq istəyir?
Amma “Eurovision”, təbii ki, bəhanədir, çox uğurlu, yerinə düşmüş bir yaramaz bəhanə. Bundan sonrakı mərhələdə isə Bakının əsaslı şəkildə yenidən qurulmasını zəruri edən daha fəlakətli bir plan gəlir: Ilham Əliyev Azərbaycanda Olimpiadanın keçirilməsini istəyir. Bu, daha əzəmətli işğalçılıq əməliyyatı, daha müdhiş korrupsiya planı deməkdir!
Əslində, Ilham Əliyevin lovğalıqla bəyan etdiyi bütün uğurların ya altında, ya da üstündə korrupsiya dayanmırmı? Baxın, dövlət başçısının son zamanlar nəyə görəsə səngimiş hərbiyyun bəyanatları dünya ictimaiyyətinə və ya ermənilərə hədə-qorxu kimi nəzərdə tutulurdumu? Artıq ironiya və gülüş hədəfi olmaqdan başqa heç nəyi ehtiva etməyən “lazım gəlsə” bəyanatlarının, “bizim hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsindən artıqdır” lovğalığının arxasında vətənpərvərlik ritorikasımı dayanırdı? Əlbəttə, yox. Bu hərbi büdcə akademik Ziya Bünyadovun, general Rail Rzayevin qətlə yetirilməsi kimi səsli-küylü və nə qədər batırılmış səssiz-küysüz cinayətlərin mənbəyidir. Bu, korrupsiyadır. Ilham Əliyevin sülalə sərvətinin əzəmətinin artırılmasıdır və Azərbaycanın döyüş və müharibə qabiliyyətinin artırılmasına heç bir dəxli yoxdur. “Lazım gəlsə” kimi demoqoq bəyanatlar eyni zamanda Azərbaycan cəmiyyətinin gözünü qorxutmaq üçündür. Paytaxtın inzibati və hərbi zəhmini artırmaq, insanları mafiyanın istədiyi və tələb etdiyi kimi yaşamağa məcbur etmək, onları “Eurovision” kimi strateji milli məsələlərin təranələri altında əzmək!
“Xaniman xərab…”
Indi milli QHT sistemimiz də inzibati barbarlığın cəbhəsində sıra səfini tutub. “Eurovision”un müqəddəs addım səslərinə xələl gətirən bütün səsləri millətə xəyanət, dövlət əleyhinə fəaliyyət kimi dəyərləndirən gurultulu patriotik bəyanatlar ölkəmizin informasiya məkanını zəbt etməkdədir. “Eurovision”un müqəddəsatına xələl gətirmək olmaz. Bu cür hadisələr iri qazanc mənbəyidir axı. Bu gurultulu tədbir üçün büdcədən ayrılan və hələ də can çəkərək mövcudluğunu sürdürən seyrək yerli sahibkarlardan, Rusiyada və ya başqa ölkələrdə öz biznesini qura bilən azərbaycanlılardan, yerli oliqarxların tayfa bayraqları altında Əliyevlə beyət edərək işləməkdə olan məmurlardan toplanan vəsait çox müqəddəs bank hesablarını doldurmaqdadır.
Bu günlərdə politoloq Zəfər Quliyev Facebookda varlı diktatorların siyahısını yaymışdı. Bu siyahıda bizim dövlət başçısının adı yox idi və bu, məni məyus etdi. Bəyəm bizim diktator Müəmmər Qəzzafidən, Hüsnü Mübarəkdən, Zinəl Abiddən əskikdirmi? “Eurovision” da, olimpiada avantüraları da bu natamam siyahıları tamamlamaq üçün zəruridir.