Yaxınları: “Bölmədən çıxarılanda Zaurun ağzı-burnu qan içində olub”
Paytaxtda polis orqanında ölüm faktı qeydə alinib. Xəzər rayonu Şüvəlan qəsəbəsində yaşayan 29 yaşlı Sultanov Zaur Səxavət oğlu 1-ci polis bölməsinə dəvət olunub. Şəxsi maşını ilə polis orqanına gələn Zaurun bir neçə dəqiqə sonra öldüyü barədə yaxınlarına məlumat verilib. Mərhumun ailə üzvlərinin sözlərinə görə, Zaur Sultanovun ürəyində qüsur olub.
Onun bölməyə çağırılmasına səbəb isə, bir müddət öncə mərhumun mağazasından oğurluq edilməsi olub. Ehtimal edilir ki, bu məqsədlə də o, 1-ci bölməyə dəvət olunub. Ailənin iddiasina görə, Zaur bölmə əməkdaşlarının zor tətbiq etməsi nəticəsində dünyasını dəyişib. Bölmədən çıxarılanda Zaurun ağzı-burnunun qan içində olduğunu görüblər.
Məsələ ilə bağlı 1-ci polis bölməsindən məlumat əldə etmək cəhdi boşa çıxıb (ANS TV).
Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda isə deyilir ki, mayın 12-də Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Əli Rüstəmzadə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək mayın 11-də qəsəbə ərazisində Zaur adlı şəxsin bir neçə nəfərlə birgə onu, həmyerliləri Afəddin Hüseynovu və qardaşı Elməddini xuliqanlıq zəminində döyməsini bildirib. Araşdırma ilə əlaqədar 1-ci Polis Bölməsinə dəvət olunan qəsəbə sakini Zaur Sultanov Polis Bölməsinin həyətindəki oturacaqda infarktdan ölüb.
Mərhumun dayısı Əlihüseyn Zeynalov izahatında Z.Sultanovun ürək xəstəliyindən əziyyət çəkməsini bildirib.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.