Əliyevlər ölkəni dünyaya necə tanıdıb?

aliyevler-ataholdingYaxud, Azərbaycan 200 milyard sərmayə yatırılan ölkəyə oxşayırmı?

Mayın 11-də ölkə başçısı  Ilham Əliyev Fransa Sahibkarlar Təşkilatının – MEDEF-in nümayəndə heyətini qəbul edib. Ölkə başçısı həmişəki kimi ölkədəki iqtisadi inkişafdan, göyə uçan peykimizdən, “Ağ şəhər” layihəsindən, uğurlu siyasətdən söhbət açıb.

Ilham Əliyev bəzi məqamlara xüsusi olaraq toxunub ki, biz də həmin məqamlara toxunmaq istəyirik. “Son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb və həmin investisiyaların yarısı xarici sərmayələrdir”- deyə Ilham Əliyev bildirib.

Bu məqamda zəruri bir sual meydana çıxır. Bu ölkə 200 milyard sərmayə yatırılan ölkəyə oxşayırmı? Bu 200 milyard dolları əyani olaraq hansı sahədə görürük?

Təhsilimiz, səhiyyəmiz, iqtisadiyyatımız, yerli istehsalın vəziyyəti göz qabağındadır. Faktiki olaraq ölkə iqtisadiyyatı neftdən asılı vəziyyətdədir. Orta aylıq əmək haqqının miqdarına görə kasıb Gürcüstan və Ermənistandan da geri qalırıq. 2 milyondan artıq ölkə vətəndaşı dolanışıq üçün ölkə xaricinə üz tutub. Işsizlik və yoxsulluq səviyyəsi hər gün artmaqdadır. Ölkənin maliyyə sektorunun 94 faizini təşkil edən bank sistemi iflic vəziyyətə düşüb. Ölkənin coğrafi mövqeyi turizm üçün əlverişli olsa da ölkə vətəndaşları istirahət üçün qonşu ölkələrə pənah aparırlar.  Bəli, 200 milyard sərmayə qoyulmuş ölkənin xarici borcu 25 milyardı ötüb. Əliyevlərin hakimiyyətdə olduğu 23 il ərazində 23 dənə zavod-fabrik tikilməyib. 200 miyard sərmayənin yatırıldığı ölkədə vaqon məktəblər fəaliyyət göstərir, təqaüdüçü, müəllim, həkim dilənçi maaşına möhtac qalıb. 200 milyard dollar sərmayə yatırılan ölkədə 2.5 milyon insan bankların girovuna çevrilib. Paytaxtın qəsəbələrində hələ də kanalizasiya sistemi, su sistemi yoxdur. Dünyaya qaz satan ölkədə vətəndaş qazsızlıqdan əziyyət çəkir. Minlərlə ali təhsilli gənc fəhləlik edir.

Amma bütün bunlara baxmayaraq rəsmi araşdırmaya görə son 10 ildə ölkədən 95 milyard vəsait oğurlanıb. Hakim ailədən tutmuş, 10-cu dərəcəli məmura qədər hər kəsin biznes imperiyası var. Ölkənin bütün sahələri məmurlar arasında bölünüb. Bəli, şadlıq sarayları, banklar, villalar, holdinqlər, ölkənin dilbər guşələri bir qrup adamın ata malına çevrilib. Yəni, bu 200 milyard dollar dövlətin və xalqın simasında hiss olunmasa da, hökumət komandasının simasında açıq şəkildə hiss olunur.

Onu da qeyd edək ki, Misirdə 7 milyon əhalinin yaşaması üçün nəzərdə tutulan paytaxt tikilir və bu tikintiyə 43 milyard vəsait sərf olunub. Bizm ölkəmizə isə bundan 5 dəfə artıq sərmayə yatırılsa da, yalnız paytaxtın və rayon mərkəzlərinin süni bəzədilməsi, keyfiyyətsiz yollar göz dəyir. Əgər hökumət mənasız layihələrə milyardlar xərcləməsəydi, neft pulları ofşorlara daşınmasaydı, həqiqətən də bu ölkə 200 milyard sərmayə qoyulan ölkəyə oxşayardı. Indi isə 200 milyard sərmayə qoyulmuş ölkənin hökuməti dünyadan 3-4 milyard kredit götürmək üçün özünü oda-közə vurur. Onu da qeyd edək ki, iqtisadi siyasətiylə öyünən hökumət bir ildə milli valyutanı 100 faiz dəyərdən saldı ki, bu da heç bir ölkədə müşahidə olunmadı. Belə məsələlərdə hökumətimiz həqiqətən də analoqsuzluğun rekordunu vurmağı bacarır.

Bir sözlə, 200 milyard sərmayə qoyulan ölkənin vətəndaş üçün 150-200 manat əlçatmaz arzuya çevrilməkdədir.

Təbii ki, ölkə başçısı Fransız nümayəndə heyətinə təkcə bu məqamlardan danışmayıb. Həmişə ki, 90-cı illərə sayəhət edib, o dövrün bərbad mənzərəsini təsvir etməyə çalışıb. Xatırladaq ki, ölkə başçısı “keçmişə sayəhət”i çox sevir. Idmançıları, gəncləri, əcnəbi qonaqları, sadə vətəndaşları qəbul edəndə də 23 il əvvəlki hökumətin qeybətini etməyi xoşlayır. Bu ənənəni dünya siyasətində bir ilk kimi də qəbul etmək olar.

“Biz Azərbaycanda daha cəlbedici biznes mühitinin yaradılması üzərində çalışırıq. Çünki 1991-ci ildə müstəqilliyi əldə etdikdən sonra ölkəmiz çox yoxsul vəziyyətdə idi. Vəziyyət tamamilə nəzarətdən çıxmışdı, siyasi böhran hökm sürürdü, vətəndaş müharibəsi baş verdi. Həmçinin Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı çox ağır və faciəli anlar idi. Biz dövləti qurmalı idik. Iqtisadiyyat tənəzzülə uğramışdı. Inflyasiya min faizdən artıq idi. Sənayedə durğunluq yaranmışdı. Ölkə təcrid olunmuşdu. Heç kəs Azərbaycan haqqında heç nə bilmirdi”- deyə Ilham Əliyev bildirib.

Əvvəla qeyd edək ki, Əliyevlər hakimiyyəti qəsb edənə qədər Azərbaycan ordusu xeyli uğurlar əldə etmişdi və faciəli anlar Əliyev hakimiyyəti dövründən sonra başlandı.

Iqtisadi vəziyyətə gəlincə, həmin dövrdə kifayət qədər problemlər var idi və bu təbii idi. Amma həmin dövrdə adambaşına düşən xarici borc cəmi 9 dollar təşkil edirdi, indi isə bu borc 750 dollar təşkil edir. Həmin dövrdə hər gün 2-3 adam kredit borclarına görə, sosial vəziyyətin ağırlığı səbəbindən intihar etmirdi. Həmin dövrdə ədalətsizlik, talançılıq, hüquqsuzluq minlərlə ölkə vətəndaşını xarici ölkələrə mühacirət etmək məcburiyyətində qoymamışdı. Həmin dövrdə ölkə başçısının saysız-hesabsız villaları aşkar edilməmişdi, prezidentin övladlarının adına şirkətlər, banklar tapılmamışdı. Həmin dövrdə vəzifəli şəxslərin cinayətkar dəstə yaratması, vicdanlı adamların şərlənərək həbs edilməsi, nazirlərin dövlət əmlakını mənimsəməsi, generalların xüsusi həbsxana saxlaması, sahibkarların MTN podvallarında işgəncəyə məruz qalması da müşahidə edilmirdi.

Ilham Əliyev deyir ki, heç kim Azərbaycanı tanımırdı. Bəs, Əliyevlər ölkəni dünyaya necə tanıtdılar? Tanınmış hüquq müdafiə təşkilatları, dünyanın nüfuzlu mətbuatı Azərbaycandakı korrupsiyadan, saxtakarlıqdan, repressiyalardan yazır. Dünyanın ən nüfuzlu təkilatları Azərbaycan hakimiyyətini anti-demokratik idarəçilikdən imtinaya səsləyir. Bu hökumətin xaricdəki səfirləri, konsulları, diaspora nümayəndələri də korrupsiya əməlləri ilə gündəmə gəlirlər. Bütün dünya Azərbaycandan ofşorlara axan çirkli pullardan danışır. Beynəlxalq təşkilatlar bu hökumətin “kürü diplomatiyası” əməliyyatını lətifə mövzusuna çevirib. Elə bir həftə yoxdur ki, hansısa iri məmurun qanunsuz əməlləri aşkar edilməsin. Bu hökumətin məmurları ilə əməkdaşlıq edən senatorlar, komitə sədrləri öz ölkələrində tənqid atəşinə tutulurlar. Bütün reytinq cədvəllərində Azərbaycan sonuncu yerləri tutur. Dünyada 15-20 qeyri-azad ölkə var ki, Azərbaycan onların sırasında yer tutur. Azərbaycanı Avropa Birliyindən, ÜTT-dən, demokratik dünyadan təcrid edib, avtoritarların qucağına atan bu hakimiyyət deyilmi?

Bəli, zəngin, potensiallı bir ölkəni dünyaya qanunsuzluğun, korrupsiyanın yuvası kimi tanıdan adamlar, 23 il əvvəlki hakimiyyəti yarıtmazlıqda ittiham edirlər.

90-cı illərdə bu ölkəyə yüz milyardlarla neft pulu axmırdı və çətinliklər, problemlər təbii idi. Amma buna baxmayaraq bu çətin dövrdə müəyyən işlər görüldü. Amma 23 il ərzində hakimiyyətdə təmsil olunan qüvvələr 200 milyard sərmayənin gəldiyi ölkəni səfillər diyarına çevirdilər. Çünki, 90-cı illərdə xalq hakimiyyəti mövcud idi, indi isə antixalq hakimiyyəti var.

Samir