Əliabbas Rüstəmovun həbsilə bağlı ilginc məqamlar
Saxta ittihamlarla həbs olunan tanınmış hüqunşünas Əliabbas Rüstəmovun işi ilə bağlı Ali Məhkəməyə kassasiya şikayəti verilib. Bu barədə məlumatı “Azadlıq”a Əliabbas Rüstəmovun vəkili Yavər Hüseyn verib. Vəkilin sözlərinə görə, kassasiya şikayəti Apelyasiya Məhkəməsinin baxış iclasında verilən qərarla bağlıdır: “Baxış iclasında qərar qəbul olunub ki, işə məhkəmə istintaqı olmadan baxılsın. Biz isə bununla razı deyilik. Bu baxımdan Ali Məhkəməyə şikayət vermişik”.
Qeyd edək ki, Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
Əliabbas Rüstəmov ictimai-siyasi fəallığı ilə tanınan şəxsdir. Onun həbsinin kökündə də mediada və sosial şəbəkələrdə hakimiyyət barədə tənqidi çıxışları dayanır. Elə bu səbəbdəndir ki, Əliabbas Rüstəmov həbs olunandan dərhal sonra vicdan məhbusu kimi tanınıb.
Cinayət işinin materiallarına diqqət yetirdikdə də Əliabbas Rüstəmov barəsində ittihamların əsassız olduğu çıxır. Materiallarında göstərilir ki, Əliabbas Rüstəmov hüquqlarını müdafiə etdiyi, Beyləqan sakini, “Prestij-Q” MMC-nin direktoru Məmmədov Ilham Bəykişi oğlunun şikayəti əsasında həbs olunub. Ilham Məmmədov ifadəsində bildirir ki, Əliabbas Rüstəmov onunla bağlı Vergilər Nazirliyində başlanmış cinayət işinə xitam verilməsi üçün müstəntiqə 100 min manat rüşvət verilməsini təklif edib. Ilham Məmmədov bundan sonra Əliabbas Rüstəmova ofisində 95 min manat pul verib. Bu pulun 5 min manatını vəkil göstərdiyi hüquqi xidmətə görö qonorar kimi götürüb. 90 min manatı isə müstəntiqə vermək üçün ofisində seyfə qoyub. Özü də Ilham Məmmədov pulu gətirərək Əliabbas Rüstəmov ona “pulu bura niyə gətirmisən, get vergi borcunu ödə” deyib. Ilham Məmmədov isə işi olduğunu, pulun Əliabbas Rüstəmovda qalmasında israr edib. Bundan sonra Əliabbas Rüstəmov seyfi açıb, Ilham Məmmədov pulu ora qoyub. Hüquqşünas hətta seyfin açarını da ona vermək istəyib. Lakin Ilham Məmmədov ona etibar etdiyini deyərək açarı götürməyib. Ilham Məmmədov pulu Əliabbas Rüstəmova verəndən sonra ofisə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları daxil olub və vəkil həbs edilib. Bəs əməliyyat niyə yarımçıq keçirilib? Niyə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin əməkdaşları Əliabbas Rüstəmovu pulu müstəntiqə verərkən, yəni cinayət başında yaxalamaq istəməyib? Sualın cavabı aydındır. Çünki həmin pul müstəntiqə rüşvət verilməsi üçün nəzərdə tutulmayıb.
Müstəntiq Tariyel Tağıyev də üzləşmədə bildirib ki, Əliabbas Rüstəmov rüşvət sözünü işlətməyib. Tanınmış vəkil müstəntiqdən Ilham Məmmədovun vergi borcunun hesablayaraq müəyyən etməsini xahiş edib. Eyni zamanda bildirib ki, Ilham Məmmədov 30 min gəlir əldə edib. Qalan gəlirlər isə başqa şəxslərə çatıb. Bu baxımdan da vəkil onun vergi borcunun 240 min manat olması ilə razılaşmayıb. O, müstəntiqdən Ilham Məmmədovun büdcəyə 90 min manat ödəyəcəyini bildirib.
Ilham Məmmədov da bu məbləği ödəməyə hazır olduğunu deyib.
Lakin birdən-birə Ilham Məmmədov Əliabbas Rüstəmovdan “şübhələnməyə” başlayıb və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə müraciət edib.
Məlumat üçün deyək ki, Əliabbas Rüstəmov həmin ərəfədə ölkə başçısına müdhiş korrupsiya faktları barədə ardıcıl müraciətlər edirdi. Həmin müraciətlərdə bir çox iri ranqlı məmurların adları çəkilirdi. Bu müraciətlərin edildiyi vaxtda Əliabbas Rüstəmovun özünün rüşvət ittihamı həbs olunması bu işin sifarişlə həyata keçirildiyini deməyə əsas verir.