“AZAL”ı kim özəlləşdirə bilər?

azal1Ölkədə buna maddi imkanı çatan investor yoxdur

Gündəmə gələn xəbərlərə görə, “AZAL” Dövlət Konsernini özəlləşdirilə bilər. Verilən məlumatlara görə, telekommunikasiya və hava yolları sektorlarında islahatlar, bu sahələrdə mövcud müəssisələrin özəlləşdirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin qarşısında mühüm vəzifə kimi dayanıb. Fins.az Komitənin “Mülkiyyət” qəzetinə istinadən bu barədə məlumat yayıb.

Məlumata görə, qarşıdakı illərdə iri müəssisələrin özəlləşdirilməsi tempi daha da sürətləndiriləcək. Həmçinin, iri dövlət şirkətlərinin restrukturizasiyası, inhisarsızlaşdırılması və sağlamlaşdırılması sahəsində işlər həyata keçiriləcək.

Nazirlər Kabinetinin 2015-ci ilin yekununa dair iclasında da prezident Ilham Əliyev bəzi sahələrin özəlləşdirilməsi barədə tapşırıqlar verib.

Görəsən, “AZAL”ın hansı qiymətə özəlləşdirilməsi mümkündür? Ölkədə belə investor varmı, yoxsa konsern əcnəbiyə satıla bilər?

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev “AZAL”ın qiymətinin çox yüksək olduğunu deyir. Ekspert onun təyyarə parkının böyük olduğunu və MDB ölkələriylə müqayisədə bizdə köhnə təyyarələrin qalmadığını söyləyir. Həmçinin, “AZAL”la aeroportu ayırmaq da vacibdir: “Aeroport xidmət işiylə məşğuldur və onun uçuşlara heç bir əlaqəsi yoxdur. Yəni uçuşu təmin etmək üçün xidmət göstərir. Ölkədə elə bir imkanlı sahibkar yoxdur ki, yeni təyyarə alsın və ya onu təmir etdirsin. Bu mənada bu məsələ bir neçə il gecikə bilər və onu dövlət özü özəlləşdirə bilər. Aeroportun özünün tərkibində çoxsaylı ticarət obyektləri, restoranlar və s. var. Onun hamısı böyük bir təsərrüfatdır. Özəlləşdirilsə, həm servis yaxşı olar, həm də dövlətə daha çox gəlir verilə bilər. ”AZAL”ın özəlləşdirilməsinə gəlincə, bu məsələ baş versə, vəziyyət müsbətə doğru dəyişər. Indilikdə isə, “AZAL”ın dövlət büdcəsinə daim borcu olur”.

Nigar