Bəşər Əsədin sarayı ətrafında şiddətli döyüşlər başladı

Qərb Suriyaya xüsusi-təyinatlılar göndərməyə hazırlaşır

Suriyada gərginlik davam edir. Hökumət qüvvələri Bəşər Əsəd rejiminə qarşı etirazların mərkəzinə çevrilən Homs və Həma şəhərlərində qanlı əməliyayatları şiddətlənib. Əsəd qüvvələrinin hücumları nəticəsində son 2 gündə bu şəhərlərdə ölüdürlən müxaliflərin sayı onlarladır. Bəşər Əsəd isə ölkədəki gərginliyi yatırmaq məqsədiylə fevralın 26-da Suriyada yeni konstitusiya layihəsinə dair referendum keçirilməsinə qərar verib.

Paytaxt Dəməşqdə isə Bəşər Əsədə bağlı xüsusi təyinatlı elitar qüvvələr hərbi-zirehli texnikanın dəstəyiylə mərkəzi rayon Bərza üzərinə hücuma keçib. Rayonda müxaliflərlə hökumət qüvvələri ilə şiddətli döyüşlər getdiyi haqda məlumat yayılıb. Respublika Qvardiyasının əsgərləri Bərza rayonunu mühasirəyə alıb. Şiddətli döyüşlərin Bəşər Əsədin iqamətgahı ətrafına yaxın ərazilərdə də getdiyi bildirilir. Bundan başqda Rəstan, Kfar-Nabud, Xan-Şeyxun, Carcanazə, İdlib, Dəraa, Harasta kimi şəhərlərdə də üsyançılarla Əsədin əmrindəki əsgərlər arasında qanlı döyüşlər yaşanıb.

Bu arada “The Guardian” qəzeti yazıb ki, fevralın 17-də Parisdə Fransa prezidenti Nikola Sarkozi və İngiltərənin baş naziri Devid Kameronun görüşü zamanı suriyalı üsyançıların hərbi-texniki peşəkarlığını artırmaq üçün Bəşər Əsəd əleyhdarlarının nəzarətində olan bölgələrə fransız-ingilis xüsusi təyinatlılarından ibarət dəstə göndərilməsi müzakirə olunacaq.

Bundan əlavə Suriya ordusunun general-mayoru Fayiz Kaddur Bəşər Əsədin əmrindəki hərbi birliklərindən istefa verərək müxalif hərbçilərin yaratdığı “Azad Suriya Ordusu”na qatıldığını bildirib. “YouTube” sosial şəbəkəsində yayımlanan görüntülərdə general-mayor rəsmi hərbi şəxsiyyətini kənara ataraq üsyançıların tərəfinə keçdiyini deyib.

İnformasiya şöbəsi