Əliyevlə Sarkisyan nələri müzakirə edəcək?

 

aliyev-putin-sarkisyanİndiki mərhələdə beynəlxalq vasitəçilər üçün mühüm məsələ atəşkəsin dayanıqlığını saxlamaqdır

Dövlət başçısı İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan gələn həftə Avstriyanın paytaxtı Vyanada görüşəcək. Bu haqda İrəvandakı diplomatik mənbə TASS-a bildirib. “Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq”-mənbə bildirib.

Onu da qeyd edək ki, görüşlə bağlı məlumat yayılmamışdan əvvəl ATƏT-in Minsk Qrupu həmsədrlərinin birgə bəyanatı yayılıb. Bəyanatda deyilir: «Təmas xəttində bir müddət əvvəl müşahidə olunan zorakılığı və gərginliyin azaldılmasının zəruriliyini nəzərə alaraq hesab edirik ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün vaxtı çatıb. Xarici işlər nazirlərimiz bu görüşün gələn həftə Vyanada keçirilməsinə yardım etməyə hazırdırlar. Onların əsas vəzifəsi atəşkəs rejimini gücləndirmək və müzakirə olunan elementlər və prinsiplər əsasında münaqişənin hərtərəfli həlli barədə danışıqların bərpa edilməsi üçün əlverişli şərait yaradacaq etimad tədbirləri üzrə konsensus əldə etmək olacaq”.

Görüş isə mayın 16-də Vyanada keçiriləcək. Bu barədə Moskvadakı diplomatik mənbələr məlumat veriblər. Görüşdə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirak edəcəyi qeyd olunur.

Maraqlıdır ki, bundan əvvəl İ.Əliyev bəyan etmişdi ki, bundan sonra nəticəsiz görüşlərdə iştirak etməyəcək. Bundan başqa 2008-ci ildə Rusiyanın o zamankı prezidenti Medvedevin rəhbərliyi altında tərəflərin silsilə görüşü təşkil olunsa da, heç bir nəticə hasil olmadı.

Bəlli olduğu kimi Azərbaycan ilə Ermənistan arasında olan münaqişənin nizamlanması üzrə BMT-nin mandatına ATƏT-in Minsk Qrupu sahibdir. Ekspertlərə görə, çox uzun illər ərzində məhz bu formatda münaqişənin həlli variantları axtarılıb. Tərəflər ATƏT-in Minsk Qrupunu nə qədər tənqid etsələr də beynəlxalq birliyin münaqişənin məhz bu format çərçivəsində həllinə üstünlük verməsi aşkar görünür. Hətta Rusiyanın xarici işlər naziri Lavrov özü də Rusiyanın məhz Minsk Qurupu çərçivəsində problemin həlli ilə məşğul olmağın vacibliyini vurğulamışdı. Bu görüşün təşkilində məqsəd hansısa həll variantlarını təmin etmək deyil, münaqişə tərəfləri arasında dialoq prosesini davam etdirməkdir. İndiki mərhələdə beynəlxalq vasitəçilər üçün mühüm əhəmiyyət kəsb edən məsələ atəşkəsin dayanıqlığını saxlamaqdır.

Xəyal