Gömrükçülər maşınları buraxmırlar
Son 3 gündə Azərbaycan-İran sərhədində gərginlik yaranıb. İran gömrükçüləri Azərbaycandan gələn yük maşınlarını geri qaytarırlar. Səbəb kimi onların standartlara uyğun gəlmədiyi deyilir. Fevralın 15-də isə qaydalar daha da sərtləşdirilib.
Bu haqda AzadlıqRadiosuna sərhəddə yığışan sürücülər deyiblər.
Elə Azərbaycan tərəf də son günlərdə adekvat olaraq İrandan gələn yük avtomobillərinin eyni səbəbdən geri qaytarırlar. Həmin avtomobillər də İran gömrüyündə gözləyirlər.
Astara yük terminalında Azərbaycana aid 60-dan çox yük maşını toplanıb.
Bunu isə terminalın direktor müavini Zülfüqar Abdullayev deyib:
«Elə maşınlar var ki, sənədləri düz deyil. Amma bu cür maşınlar həddən artıq azdır. Əvvəllər belə maşınları İran ciddi yoxlamırdı. İndi onları çox diqqətlə yoxlayırlar. Bütün maşınlar geri qaytarılır».
Sürücülərsə bildirirlər ki, indiyə kimi İrana dəfələrlə gedib gəlsələr də, onlara avtomobillərinin standarta uyğun gəlmədiyini deyən olmayıb. Üstəlik onlar qeyd edirlər ki, standartlarla bağlı tələblər Rusiyadan gələn maşınlara şamil edilmir:
«Elə bil, elan olunmamış müharibə gedir».
Sürücülər baş verənləri son zamanlar Azərbaycanla İran arasındakı diplomatik gərginliklə izah edirlər.
Bir müddət əvvəl Azərbaycan hüquq-mühafizə orqanları İranın İsrail vətəndaşlarına qarşı Bakıda terror hazırlaması haqda məlumat yaydı. Daha sonra Tehran Azərbaycanı İsrail kəşfiyyatının öz ərazisində İran əleyhinə fəaliyyət göstərməsinə şərait yaratmaqda ittiham etdi.
Azadlıq Radiosu


