Avropa Komissiyasının prezidenti xəbərdarlıq edib ki, Ankara öz öhdəliklərinə əməl etməsə, türklərin Avropaya vizasız gediş-gəlişi barədə sövdələşmə baş tutmayacaq.
Jean-Claude Juncker deyib ki, Türkiyənin anti-terror qanunvericiliyinə dəyişikliklərin edilməsi viza qaydalarının liberallaşdırılması üçün şərtlərdən biridir.
Lakin Türkiyə həmin qanunvericiliyin silahlılarla mübarizə aparmaq üçün lazım olduğunu vurğulayaraq onu dəyişməkdən imtina edir.
Viza məsələsi tərəflər arasında Avropada miqrant böhranını yüngülləşdirmək məqsədilə əldə edilən razılaşmanın bir hissəsidir.
“Biz hesab edirik ki, həmin şərtlər yerinə yetirilməlidir, əks halda Aİ ilə Türkiyə arasında sövdələşmə baş tutmayacaq”, Jean-Claude Juncker deyib.
Ötən həftə, Türkiyə prezidenti Recep Tayyip Erdoğan xəbərdarlıq edib ki, Ankara öz anti-terror qanunvericiliyini dəyişməyəcək.
(bbc azəri)