pul-korrupsiya

Korrupsiya və rüşvət ölkənin 50 faizini yeyir

pul-korrupsiyaNemət Əliyev: «Korrupsiya və rüşvəti kölgə iqtisadiyyatından ayrı təsəvvür etmək mümkün deyil»

Xəbər verdiyimiz kimi Beynəlxalq Valyuta Fondunun (BVF) analitikləri tərəfindən hazırlanan “Korrupsiya: Xərcləri və Həlli Strategiyaları” adlı hesabat dərc ediblər. Hesabatda, sadəcə rüşvətin qlobal iqtisadiyyata ziyanının 1,5 ilə 2 trilyon dollar arasında olduğu qeyd olunub.

BVF Rəhbəri Kristin Laqard da qələmə aldığı məqalədə korrupsiyanın həll edilməsi əsrlər çəkəcək bir problem olduğu fikrini qətiyyən qəbul etmədiyini ifadə edib.

Hesabatda, korrupsiyaya qarşı mübarizənin tezliklə sürətləndirilməsinin vacibliyi qeyd edilib. Belə ki, korrupsiya iqtisadi artım və məşğulluğu ləngidir, xalqın qəzəbəinə səbəb olur.

Azərbaycan da korrupsiya və rüşvətin dövlət aparatına işləməsinə görə öncil ölkələrdəndir. Dünya Bankının nümayəndəsi Azərbaycanda olarkən bəan etmişdi ki, ölkəmizdə kölgə iqtisadiyyatının faizi 32-50 faiz arasındadır. Belə bir cavab Azərbaycanın Dünya Bankından kredit istəməsinə müvafiq olaraq verilmişdi. Bəs, korrupsiya və rüşvətin Azərbaycanda faizi hansı səviyyədədir?

nemet-eliyev1

İqtisadçı Nemət Əliyev hesab edir ki, konkret rəqəm söyləmək çətin olsa da, amma onu əminliklə demək olar ki, korrupsiya və rüşvətin də dərəcəsi kölgə iqtisadiyyatı qədərdir. Kölgə iqtisadiyyatının dövriyyənin gizlədilməsi olduğunu deyən N.Əliyev vurğuladı ki, dövriyyə kooporativ və şəxsi maraqları təmin etmək məqsədilə gizlədilir: «Ona görə korrupsiya və rüşvəti kölgə iqtisadiyyatından ayrı təsəvvür etmək mümkün deyil. Əksinə korrupsiya kölgə iqtisadiyyatını şərtləndirir. Ona görə ölkədəki korrupsiya və rüşvətin səviyyəsini Azərbaycandakı kölgə iqtisadiyyatının səviyyəsinə uyğun dəyərləndirmək lazımdır. Azərbaycan bütün rüşvət korrupsiya siyahılarına az qala başçılıq edir. Elə bir biyabırçı siyahı yoxdur ki, orada Azərbaycanın adı çəkilməsin. Belə bir vəziyyətin yaranmasına görə Azərbaycan rəhbərliyində olan insanlar məsuliyyət və utanc hissi keçirməlidirlər. Çünki məhz onların rəhbərliyi dövründə Azərbaycan dünyada çox pis tərəflərindən tanınıb. Azərbaycan rəhbərliyində təmsil olunan insanların adları həmin korrupsiya siyahılarında çəkilir».

N.Əliyev onu da bildirdi ki, Azərbaycanın Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna kredit üçün müraciətlərinin cavabsız qalması da təsadüfi deyil. Buna səbəb ölkənin kölgə iqtisadiyyatının səviyyəsidir: «Nəticədə yanlış siyasət nəticəsində Azərbaycan cüzi faizlərlə verilən beynəlxalq kreditlərdən məhrum olur. Azərbaycanda rüşvət və korrupsiyanın çiçəklənməsi, kölgə iqtisadiyyatının yüksək olması ölkəmizə yönələn bütün beynəlxalq təşəbbüslərin qarşısını alır».

Xəyal