Polis “Azadlıq”ın şərhçisindən izahat aldı

Ötən ilin martında oğurlanaraq döyülən “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzinin yenidən izləndiyi haqda məlumat yayılandan sonra o, Daxili İşlər Nazirliyinə çağırılıb. Fevralın 14-də o, Baş İstintaq İdarəsinin rəisi Xəzər Mehrəliyevlə görüşüb. Görüşdə ötən ilin martında baş vermiş hadisə müzakirə olunub.
Fevralın 15-də isə Seymur Həzi Abşeron Rayon Polis İdarəsinə dəvət olunub. İdarədə ona hadisə ilə bağlı suallar verilib. Əməkdaşımız onu izləyən şəxslərin xarici görünüşü, neçə nəfər olduqları haqda danışıb.
Xatırladaq ki, Seymur Həzi 2011-ci il martın 26-da qara maskalı 6 nəfər naməlum adam oğurlayaraq döyüb. Onlar jurnalisti gecə vaxtı evinə gedərkən yaşadığı Ceyranbatan qəsəbəsində döyə-döyə mikroavtobusa mindiriblər. Avtomobildə Seymur Həziyevin başına maska keçirib yenə döyüblər. Təxminən 20-25 dəqiqə yol qət edərək onu bir evə gətiriblər. Naməlum şəxslər jurnalisti palçıqda sürüyüblər, videoya çəkiblər, sonra gətirib bir yerdə küçədə tullayıblar. Jurnalisti döyənlər ona “ağıllı olmağı, camaat necə yaşayırsa, elə yaşamağı” məsləhət görüblər.
Baş vermiş hadisə ilə əlaqədar cinayət işi başlansa da, cinayətin üstü hələ də açılmayıb.