Xalqlar Dostluğu körpüsü çökür

MDB məkanında ən uzun körpündə çalalar yaranıb

Bakı yolları buzdan azad olunduqca qarın törətdiyi fəsadlar ortaya çıxmağa başlayıb. ANS TV-nin məlumatına görə, demək olar ki, şəhərin əksər küçə və prospektlərində asfalt qatı tamam dağılıb, iri çalalar əmələ gəlib. Bakının ən uzun yol qovşağında da analoji vəziyyət höküm sürür. Xalqlar dostluğu körpüsündə də çökmə və çalalar yaranıb. Əslində nəqliyyat vasitələrinin hərəktini çətinləşdirən körpünün çökməsi yox, onun üzərində yaranmış çalalardır.

Sürücülərin sözlərinə görə, həftə səkkiz mən doqquz burada maşınlar xarab olub, yolda qalır. Özü də körpünün çökməsi təzə xəbər deyil. Sadəcə yağan qardan sonra yolun bərbadlığı özünü daha qabarıq göstərib. Hətta qəzalar belə baş verib.

Körpünün bir hissəsində çatlar yarandığından həmin hissəyə az əvvəl yamaq vurulub. Digəl ki, həmin yamaq da işə yaramayıb. Sürücülərsə yolun sıradan çıxmasını çox güman ki, körpüdə asfalt salınarkən tələb olunan texnki qaydalara əməl edilməməsindən qaynaqlandığını deyirlər.

Xatırladaq ki, Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində yerləşən, MDB məkanında ən uzun körpü sayılan “Xalqlar dostluğu” körpüsünün tikintisinə 2006-cı ilin iyununda başlanılmışdı və yol qovşağının 2008-ci ilin ortalarınadək tam şəkildə təhvil verilməsi nəzərdə tutulurdu. Amma bəzi texniki problemlər ucbatından təhvili yubanmışdı.

Nəqliyyat Nazirliyinin balansında olan yol qovşağında yaranmış problemləri qurumun nümayəndəsi təbii sayır və iradları qəti qəbul etmir. Nazirliyin katibliyinin müdiri Namiq Həsənovun sözlərinə görə, bu adi haldır: “Bütün ölkələrdə belə olur. Çünki oradan ağır maşın keçir, yeri təmizləyir və çatlar olur. Oradan da su gedir içəri və çat yaranır”.

Qeyd edək ki, çalalar və çatlar təkcə Babək prospektindəki yol qovşağında yox, paytaxtın əksər yol və körpülərində yaranıb. Namiq Həsənov həmin qüsurların qar örtüyünün tamamilə yollardan təmizlənəndən sonra ört-basdır ediləcəyini deyib. “Yollar qum və duzdan təmizlənsin, hamısını təmir edəcəyik”.

Deməli, qar örtüyünü təmizləyən ağır texnikadan sonra indi də asfalt örtüyünü təmir edən ağır texnika yolların canına düşəcək. Təbii ki, bu işdə çətinlik isə sərnişinlərin, bir də sürücülərin üstünə düşəcək.