Hökumət niyə xalqa izahat vermir?
Ölkədə elə bir vəziyyət yaranıb ki, hamının gördüyü və bildiyi cinayətlər, qanunsuzluqlar, korrupsiya faktları araşdırılmır, günahkarlar cəzalandırılmır. Məsələn, seçki saxtakarlığını ifşa edən videolar yayılır və heç bir tədbir görülümr. Yaxud, məhkəmədə şəxsin günahsızlığı sübuta yetirilir, ittihamların qurama olduğu üzə çıxar, amma nəticədə yenə də sifarişli hökmlə günahsız adam həbs cəzası alır. Çünki, ölkədə qanunun aliliyi təmin edilmir. Qanun şəxslərin əlində alətə çevrilib.
Amma normal ölkələrdə vəziyyət tamam fərqlidir. Tez-tez eşidirik ki, hansısa vəzifəli şəxs korrupsiya faktına görə həbs edilib, hansısa yüksək vəzifəli ictimai etirazlar qarşısında istefa verib, hansısa ölkə başçısı vətəndaşlardan üzr istəyib və s.
Son günlər isə ofşor qalmaqalları yenidən aktuallaşıb. Əvvəlcə hakim ailənin Vircindəki varidatıyla bağlı sənədlər yayıldı, bugünlərdə Panama sənədləri ortaya çıxdı, son olaraq hakim ailənin Londondakı dəbədəbli saraylarının fotoları yayıldı. Bundan əlavə digər iri məmurların milyonluq villaları, Avropadakı şirkətləri, ölkədəki biznes imperiyaları haqqında faktlar ortaya çıxıb.
Amma bugünə qədər rəsmi şəkildə yayılan məlumatlara münasibət bildirilməyib. Yaxud, bu korrupsiya cinayətlərinə görə istefa verən, məsuliyyətə cəlb olunan olmayıb. Bu günə qədər aidiyyatı orqanlar görüntü xatirinə belə bu faktlarla bağlı araşdırma aparmayıb.
Amma ofşorlarda adı hallanan Islandiyanın baş naziri istefa verdi, Böyük Britaniyanın baş naziri Devid Kameron atasından qalma ofşor şirkətdə payı olduğunu və satdıqları paydan gəlir vergisi ödədiklərini etiraf etdi.
Göründüyü kimi normal ölkələrdə xalqla hesablaşırlar, ictimai rəyə hörmətlə yanaşırlar, xalqa izahat verirlər.
Amma günlərdi Azərbyacanda hakim ailənin ofşorlardakı hesablatıyla bağlı xəbərlər yayılır, faktlar ortaya qoyulur və heç bir reaksiya yoxdur.
Bu qədər səs-küylü hadisədən sonra hökumət baş verənləri ya təsdiq, ya da təkzib etməlidir. Əgər bu xəbərlər əsassızdırsa ilkin məbə məhkəməyə verilməlidir. Yəni, hansısa formada xalqa izahat verilməlidir, aidiyyatı qurumlar araşdırma aparmalıdır.
Axı, ölkədə daha nə baş verməlidir ki, hökumət hesabat vermək zərurəti hiss etsin? Ictimai-rəyə bu qədər hörmətsizlik, cəmiyyətə bu qədər sayğısızlıq olarmı?
Başa düşürük ki, bu ölkədə məlum məsələylə bağlı prokurorluğun və digər qurumların reaksiya verməsi, cinayət işi başlaması mümkün deyil. Söhbət hansısa müxalifətçini ilişdirməkdən, hansısa fəalı şərləməkdən getmir ki, operativlik müşahidə edək. Amma heç olmasa etika xatirinə, xalqa hörmət nümunəsi olaraq çıxıb yalan da danışmaq olardı.
Bir daha aydın olur ki, hakimiyyət üçün ictimai rəy qətiyyən önəm daşımır, xalqın həqiqətləri bilməsi hökuməti narahat etmir. Ona görə də istənilən qanunsuzluğu rahatlıqla törədə bilirlər. Əmindilər ki, cəmiyyət bu kimi faktları qəbul edib və belə hallar adiləşib.
Samir


