Banklara “yaşıl işıq”, vətəndaşa “dar ağacı”

bank1Xalqa qarşı bu qədər ögey münasibət nədən qaynaqlanır?

Ölkədə baş verənlərə nəzər salanda xalqın təhqir olunduğunu açıq şəkildə görmək olur. Ayrıseçkiliyin, hörmətsizliyin,  biganəliyini həddi-hüdudu yoxdur. Bir neçə gün öncə məlum oldu ki, Beynəlxalq Bankı xilas etmək məqsədiylə dövlət büdcəsindən Mərkəzi Banka 3 milyard manat vəsait ayrılıb. Həm də bu vəsait 0.15 faizlə verilib və 2045-ci ildə qaytarılacaq.

Bəli, hökumətin başında duranların şəxsi bankı dövlət vəsaiti hesabına sağlamlaşdırılır və lazım olan vəsait dərhal tapılır. Həm də bu vəsaitin ödənilməsi gələcək nəsillərin belinə yüklənir. Deməli, vətəndaşın ən xırda problemini həll etmək üçün pul tapmayanlar, talan etdikləri bankın bərpası üçün lazım olan qədər pul tapa bilirlər və pul dövlət büdcəsindən tapılır.

Bugünlərdə isə məlum oldu ki, hökumət daha bir “səxavət” nümunəsi göstərməyə hazırlaşır. Bəli, Vergilər naziri Fazil Məmmədov bildirib ki, banklar mənfəət vergisindən azad edilə bilər. Biz bankların vergidən azad edilməsinə, bank sektorunun dirçəldilməsinə qarşı deyilik. Məsələ tamam fərqlidir. Necə olur ki, kredit borcu olanlara güzəşt məsələsi gündəmə gələndə hökumət ağlaşma qurur, vətəndaşın problemi həll edilmir, amma bir bankın sağlamlaşdırılmasına 3 milyard ayrılır, bankların mənfəət vergisindən azad edilməsinə müsbət baxılır?

Birinci devalvasiyadan sonra şaiyələr yayıldı ki, kredit borcu olanlar əvvəlki məzənnə ilə ödəniş edəcəklər. Amma bir müddətdən sonra bu şaiyə təsdiqini tapmadı. Sonra 10000-ə qədər kredit borcu olanlara güzəşt məsələsi gündəmə gəldi və bu da təsdiqlənmədi. Daha sonra 5000-ə qədər kredit borcu olanlara güzəştdən söhbət getdi və bunun yalan olduğu üzə çıxdı. Nəhayət, hökumət vətəndaşlara güzəştin maliyyə intizamını poza biləcəyini əsas gətirdi, bankların xeyriyyə cəmiyyəti olmadığını bəyan etdilər. Hətta “ədalət donu” geyinib – biz 5000-ə qədər kredit borcu olanlara güzəşt etsək, digər ödəyicilərə ədalətsizlik etmiş olarıq” dedilər. Bəli, ölkənin hər yerində ədalətsizlik baş alıb gedir, insanlar hər addımda ədalətsizliyin qurbanına çevrilir və hökumət buna seyrçi qalır. Amma söhbət kredit borcu olanalara güzəştdən gedəndə “ədalət tərəzisi” axtarmağa başladılar.

Heç kimə sirr deyil ki, devalvasiyadan sonra mənfəət əldə edən, ən çox kapitala malik olan banklar, hakim ailəyə yaxın  banklardı. Ölkədə fəaliyyət göstərən bütün bankların ümumi kapitalı, 7-8 məlum bankın birgə kapitalından azdır. Yenə də dövlət büdcəsindən bu bankların vəziyyətini yaxşılaşdırmaq üçün pullar ayrılır, yenə də bu bankların mənfəət vergisindən azad edilməsi məsələsi gündəmə gəlir.

Necə olur ki, vətəndaşa 250 milyonluq güzəşt edəndə maliyyə intizamı pozulur, pul tapılmır, amma banklara güzəşt məsələsi gündəmə gələndə milyardlar havada oynayır?

Hətta Dünya Bankı belə bir təklif vermişdi ki, vətəndaşa dəyən zərər 3 tərəf arasında bölünsün. Yəni, dövlət, bank və vətəndaş arasında ortaq məxrəc tapılsın və heç bir tərəfə yük düşməsin. Amma hökumət bu təkliflə də razılaşmadı və bütün yük vətəndaşın üzərinə düşdü.

Bu qədər ayrıseçkiliyin, bu qədər düşmənçiliyin, bu qədər qərəzin səbəbi nədir? Niyə bu hökumət daşa-divara, banklara, mənasız yarışmalara, xeyriyyə tədbirlərinə milyardlar xərcləyir, amma vətəndaşa qəpik-quruş da qıymır? Niyə bir dəfə də vətəndaşa güzəştlə bağlı qərar verilmir?

Bu, vətəndaşı təhqir etmək, heçə saymaq, aşağılamaq deyilmi?  Bu illər ərzində ölkədən yüz milyardlarla pul oğurlanıb. Hətta bundan sonra da xalqa zərrə qədər güzəşt etmək istəmirlər. Bəli, xalqın mənafeyi, yükünün azalması bunların vecinə də deyil. Beynəlxalq Banka 0.15 faizlə, 30 illik güzəştlə 3 milyard manat verirlər, amma vətəndaşa 30 faizlə kredit verirlər və 3 gün ödənişi gecikdirəndə də xəbərdarlıq edirlər.

Və bütün bunlar bir daha təsdiqləyir ki, hökumət məqsədli şəkildə vətəndaşı zülmə salır. Utanmadan, çəkinmədən də göstərirlər ki, xalqa üz çevirsək də, öz banklarımıza qucaq açırıq. Göstərirlər ki, xalqı zülmdən azad etməsək də, öz banklarımızı mənfəət vergisindən azad edirik.

Bir sözlə, banklara “yaşıl işıq”, vətəndaşa  intihar yolu göstərirlər. Vətəndaş “dar ağacı” na layiq görülüb.

Samir