Şirkət rəhbəri iddia edir ki, Allahverdi Dəmirov onun 450 min manat pulunu mənimsəyib
“Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru Sənan Əliyev ölkə başçısı Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də “Azadlıq”a yollayıb. Sənan Əliyev yazır ki, 2007-2012-ci illərdə “Xudafərin Tikinti Quraşdırma” MMC-nin təhsil müəssisələrində abadlıq, quruculuq işləri həyata keçirib. “Həmin dövrdə təhsil naziri olan Misir Mərdanovun yaxın qohumu, həm də Təhsil Nazirliyinin Əsaslı Tikinti Idarəsinin rəisi işləmiş Allahverdi Dəmirovla tanışlığım yaranıb. Allahverdi Dəmirovun idarə rəisi kimi 2007-2012-ci illərdə bir neçə layihənin icrası ilə bağlı direktoru olduğum MMC ilə müqaviləsi olub. Əsaslı Tikinti Idarəsinin sifarişi ilə işlədiyim dövrdə Allahverdi Dəmirov məndən dövlət tədbirləri altında 450 min manat pul alıb.
Mən 2011-ci ilə qədər, yəni Allahverdi Dəmirov işdən azad edilənə qədər həmin pulların geri alınması üçün çox çalışdım. Amma bir nəticə əldə edə bilmədim. Hər dəfə Allahverdi Dəmirovdan məndən müxtəlif adlarla aldığı pulların qaytarılmasını xahiş edəndə o, başqa-başqa bəhanələrlə pulları qaytaracığını vəd edirdi. O vəzifəsindən getdikdən sonra mənim pullarımın qaytarılacağını onun yerinə təyin olunmuş Isağxan Babayev öz üzərinə götürdü. 2012-ci ilin sonuna qədər də Isaxan Babayev məni müxtəlif bəhanələrlə aldadaraq pulu geri qaytarmadı. Həmçinin bildirdi ki, mən pulu tək yeməmişəm, “yuxarılar”ın haqqını vermişəm”.
Sənan Əliyev bildirir ki, hazırda rəhbəri olduğu MMC-nin vergi orqanlarına 350 min manat, banka 150 min manat, ayrı-ayrı şirkətlərə və fiziki şəxslərə isə 127 min manat borcu var. Sənan Əliyev külli miqdarda borcunun yaranmasında Allahverdi Dəmirovla Isaxan Babayevi ittiham edir.
MMC rəhbəri həmçinin qeyd edir ki, Allahverdi Dəmirovun özü və yaxın adamları onu və ailəsini hədələyirlər. “Evimə qədər gəlib çıxıblar. Deyirlər ki, harasa şikayət etsən səni məhv edərik”, – deyə Sənan Əliyev bildirir.
Qeyd edək ki, ötən həftə mediada məlumat yayılmışdı ki, Allahverdi Dəmirov barəsində cinayət işi başlanıb. Bildirilirdi ki, “Xudafərin Tikinti Quraşdırma” MMC-nin direktoru Sənan Əliyev prokurorluğa müraciət edərək bildirib ki, 2010-cu ilin sentyabr ayında Təhsil Nazirliyinin inzibati binasındakı iş otağında Allahverdi Dəmirova külli miqdarda pul verib.
Şikayətçi qeyd edib ki, həmin vaxtdan 2011-ci ilin aprel ayınadək müxtəlif vaxtlarda nazirliyin keçmiş idarə rəisinə üst-üstə 450 min pul verib. Pulun qarşılığında Allahverdi Dəmirov adı yuxarıda qeyd edilən şirkətə müxtəlif təmir-tikinti işlərinin həvalə ediləcəyinə söz verib. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq verilən söz yerinə yetirilməyib, həmçinin Allahverdi Dəmirov müxtəlif vədlərlə aldığı pulu da geri qaytarmayıb.
Sənan Əliyevin müraciəti əsasında müvafiq araşdırmalar aparılıb və faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanaraq Nərimanov rayon Polis Idarəsinin Istintaq Şöbəsinin icraatına verilib.