rovnaq

Rövnəq Abdullayev 10 milyard borc axtarır

rovnaq

 

Nemət Əliyev: «Dövlət nəzarətini həyata keçirən təsisatların ARDNŞ-də təcili yoxlamalara başlaması gərəkdir»

“Cənub Qaz Dəhlizi” QSC 7 milyard dollarlıq investisiya cəlb etmək niyyətindədir. Fins.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.
“Biz bütün banklarla işləyirik. Bilirsiniz ki, “Cənub Qaz Dəhlizi” QSC 1 milyard dollar cəlb edib. Bu ilin sonuna qədər 1,5 milyard dolların cəlb olunması gözlənilir. Biz Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edirik. Ümumiyyətlə, biz 7 milyard dollaradək ucuz və uzunmüddətli vəsait cəlb etmək niyyətindəyik. İnanıram ki, proses normal şəkildə aparılacaq”, – deyə R. Abdullayev qeyd edib.

SOCAR indiyə qədər müxtəlif layihələrin reallaşdırılması üçün xaricdən təxminən 8 milyard dollara yaxın vəsait cəlb edib. Əgər SOCAR-ın son borc alma niyyəti də baş tutsa, şirkətin borcu 15 milyarda yaxınlaşacaq. Amma yaranmış situasiyada sual olunan bəzi məqamlar var. Onlardan biri Neft Fondunda vəsait ola-ola SOCAR-ın nəyə görə borca girməsiylə bağlıdır. Axı Neft Fondunun vəsaitləri illik 2 faizlə xarici idarəetməyə verilib. Amma hökumətin bir qayda olaraq xaricdən cəlb etdiyi vəsait daha yüksək faizlə olur.

nemet-eliyev1

İqtisadçı Nemət Əliyev bildirdi ki, SOCAR Azərbaycanın ən böyük şirkətlərindən biridir. Bu şirkətlə nəinki ölkədə, regionumuzda rəqabət apara biləcək şirkət də tapmaq çətindir. Böyük şirkətlərin ehtiyaclarının da böyük olduğunu deyən N.Əliyev vurğuladı ki, amma SOCAR-ın həm öz adı, həm də onun rəhbərliyinin adı korrupsiya layihələrində halanıb. Bütün bunlar isə çoxlu suallar doğurur: «SOCAR-da ciddi şəffaflıq problemi var. Maliyyə vəsaitlərinin müxtəlif istiqamətlərə xərclənməsiylə bağlı müxtəlif narahatlıq doğuran məqamlar var. Amma Dövlət Neft Şirkəti bütün bu qaranlıq məqamlara aydınlıq gətirməyib. Bir müddət əvvəl məlum olmuşdu ki, ARDNŞ Azərbaycanın neftini xarici ölkədə oturan qohumunun adından istifadə edərək satırmış. Bir-iki xırda əməliyyata şirkətə rəhbərlik edənlər milyonların yiyəsi olub. Halbuki həmin milyonlara xalqın böyük ehtiyacı olub».

N.Əliyevin sözlərinə görə, SOCAR-ın maliyyə vəsaitinə ehtiyacı olduğunu normal qarşılamaq mümkün olsa da, aydınlıq gətirilməyən məqamlarla bağlı suallar hələ də qalır. N.Əliyev bildirdi ki, SOCAR özəl şirkət deyil, dövlət şirkətidir. Deməli burada dövlətin, xalqın maraqları da təmin edilməlidir: «Ona görə SOCAR-ın cəlb etmək istədiyi maliyyə vəsaitinin vacibliyi əsaslandırılmalıdır. ARDNŞ-in gəlirləri iri məbləğlərlə ölçülür. Ona görə belə bir vəziyyətdə SOCAR-ın iri maliyyə vəsaiti cəlb etməsinin zəruriliyi də sual doğurur. Ona görə dövlət nəzarətini həyata keçirən təsisatların ARDNŞ-də təcili yoxlamalara başlaması gərəkdir. Bu cür yoxlamalar nəticəsində xeyli miqdarda maliyyə vəsaitinin təyinatından yayınmasını aşkara çıxarmaq mümkündür. Əgər dövlət vəsaitləri düzgün istiqamətləndirilsəydi, o zaman ARDNŞ-in bu qədər iri maliyyə vəsaitlərinə ehtiyacı qalmazdı. Elə öz vəsaitləri hesabına ehtiyaclarını ödəyərdi».

N.Əliyev onu da bildirdi ki, əgər SOCAR-ın xarici maliyyə institutlarından cəlb edəcəyi vəsaitlər yüksək faizlər hesabına başa gələcəksə, o zaman NEft Fondundan bu vəsaitləri cəlb etmək daha məntiqli olar. Çünki onsuz da Neft Fondunun vəsaitləri cüzi faizlərlə xarici idarəetməyə verilir. Yüksək faizləri xarici institutlara verincə, aşağı faizlə Neft Fondunun vəsaitlərindən istifadə etmək olar.

Xəyal