AXCP sədrinin arqumentlərinə YAP-dan məntiqsiz cavab
Fuad Qəhrəmanlı: «Hakimiyyət AXCP sədrinin gətirdiyi arqumentlər qarşısında acizliyini etiraf edir»
AXCP sədri Əli Kərimlinin dövlət başçısı Ilham Əliyevə dərs verən yazısı hakimiyyət düşərgəsində ciddi təşvişə səbəb olub. Bunu “Yeni Azərbaycan” qəzetinin son sayında gedən geniş məqalə də sübut edir. Belə görünür ki, YAP bu məqalə vasitəsilə öz aləmində Ə.Kərimlinin yazısına cavab verir. Amma səbrini basıb “Yeni Azərbaycan” qəzetində dərc olunan məqaləni oxuyanlar əmin olurlar ki, bu yazıda Ə.Kərimlinin ortaya qoyduğu arqumentlərin heç birinə cavab verilmir. Əksinə, hakimiyyət AXCP-nin ünvanına bir qayda olaraq səsləndirdiyi ənənəvi ittihamları bir daha gündəmə çıxararaq, tarixə ekskurs nəticəsində bəzi “reallıqlara” aydınlıq gətirməyə çalışır.
Əslində, Ə.Kərimlinin məqaləsindəki arqumentlərin cavabsız qoyulması bir daha sübut edir ki, o, “onluğa” dəyib. Əks halda hakimiyyət “AzTVsayağı” məqaləyə müraciət edərək bir daha özünü pis vəziyyətdə qoymazdı.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, Ə.Kərimlinin bu məqaləsinə verilən reaksiya gözlənilən idi. Çünki məqalədə səsləndirilən fikirlərin mövcud reallığı əks etdirir. Aydın şəkildə ifadə olunur ki, məhz müasir dövrdə baş verən demokratik dəyişikliklərdən nəticələr çıxarılmasa, Azərbaycan hakimiyyətini analoji aqibət gözləyə bilər: “Tarixin qanunauyğunluqlarını hər hansı zorakılıqla, inadkarlıqla durdurmaq mümkün deyil. Bütün bunlar hakimiyyətin gələcəyi, perspektivləri ilə bağlı aparılan yalan təbliğatın hakimiyyət düşərgəsində pessimizmə yol açdığını göstərir. Çünki məqalədə mövcud rejimin perspektivsizliyi ifadə olunub. Cavabın primitivliyi, səsləndirilən arqumentlərə qarşı hər hansı fikir qoyulmaması onu göstərir ki, məqaləni sifariş verənlər və onu yazanlar AXCP sədrinin gətirdiyi arqumentlər qarşısında acizliklərini etiraf edirlər”.
Xəyal



