ABU rektorunun plagiatlığı onun barəsində başlanan cinayət işinə əlavə edilib
Hazırda Fransada mühacir həyatı yaşayan ABU-nun keçmiş rektoru Elşad Abdullayev barəsində cinayət işi başlandığı rəsmən təsdiqlənib. Bunu Respublika Prokurorluğu “Təzadlar” qəzetinin sorğusuna rəsmi cavabında bildirib.
Xatırladaq ki, hələ ötən il qəzet Elşad Abdullayev barəsində cinayət işi başlandığı barədə məlumat yaymışdı. Lakin Respublika Prokurorluğu bu məlumatı nə təsdiq, tə də təkzib etmişdi. Elşad Abdullayevin doktorluq işinin plagiat olduğu aydınlaşandan sonra (bu barədə “Azadlıq”ın ötən saylarında məlumat verilib) “Təzadlar” həmin bu faktları rəsmən Respublika Prokurorluğuna təqdim edib. Prokurorluq isə redaksiyaya aşağıdakı cavabı göndərib:
Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin doktorluq elmi işinin plagiat olması barədə 12 yanvar 2012-ci il tarixli müraciətinizlə əlaqədar bildirilir ki, həmin müraciətiniz Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti ilə əlaqədar aşkar edilmiş qanun pozuntuları və digər xüsusatlar üzrə Azərbaycan Respublikası CM-nin 308.1, 320.1 və sair maddələri ilə istintaq olunan 105157 saylı cinayət işinin istintaq materiallarına əlavə olunmuşdur.
Müraciətinizin tam, hərtərəfli və obyektiv araşdırılması davam etdirilməklə nəticəsi barədə sizə əlavə məlumat veriləcəkdir”.
Beləliklə də göründüyü kimi Elşad Abdullayevin doktorluq işinin plagiat olması da onun barəsində başlanan cinayət işinə əlavə olunub.



