Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesə hakim Elmar Rəhimov sədrlik edib. Prosesdə dövlət ittihamçısı çıxış edərək Cavid Hüseynovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə mayın 16-da davam edəcək.
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.İsmayılov 13, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Cinayət işinin materiallarından C.Hüseynovun təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və “Qəbələ”nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib. (Virtualaz.org)