Xruşşovdan Vəli Axundova “etimad”…

veli-axundovAncaq respublika 2-ci katib Semiçastnının kontrolundaydı

Şıxəli Qurbanov vəzifəsindən necə kənarlaşdırıldı?

Cəmil Həsənli, tarixçi alim, Milli Şuranın sədri

Ötən əsrin 50-ci illərinin sonlarında ölkə hökumətinin başçısı kimi Vəli Axundov ana dilinin bütün sahələrdə tətbiqində maraqlı idi. Respublikada yaşayan qeyri-azərbaycanlıların yerli dili bilməsi üçün o, rus məktəblərində Azərbaycan dilinin tədrisini vacib sayırdı.

Azərbaycan KP MK Bürosunda müzakirə edildikdən sonra 1959-cu ilin mart ayının 25-də respublika SSR Ali Sovetinin sessiyasında məktəb islahatı ilə bağlı onun geniş məruzəsi oldu. “Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və Azərbaycan SSR-də xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında” məruzəsində Vəli Axundov deyirdi: “Rus məktəblərində oxuyan şagirdlərin xeyli hissəsi Azərbaycanda anadan olmuşdur, məktəbi bitirdikdən sonra öz ata-anaları kimi respublikanın xalq təsərrüfatının müxtəlif sahələrində işləyəcəklər. Ünsiyyət vasitəsi olmaq etibarilə Azərbaycan dilini bilmək onlar üçün son dərəcədə vacibdir. Buna görə də dərs planlarında rus məktəblərində Azərbaycan dilinin öyrənilməsi nəzərdə tutulur”. Əslində, 50-ci illərin sonunda dil məsələsi ilə yanaşı respublika rəhbərliyinə qarşı irəli sürülən əsas ittihamlardan biri də, məhz bu məsələ idi.

1959-cu ilin iyununda Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin respublika partiya təşkilatları ilə iş şöbəsi müdirinin müavini general Ivan Şikin başda olmaqla Azərbaycana göndərilən komissiyanın arayışında və həmin arayışın Nikita Xruşşovun iştirakı ilə müzakirəsində rus məktəblərində Azərbaycan dilinin tədrisi məsələsi sərt tənqidlərə məruz qalmışdı. Qeyd edilən arayışın sonunda komissiya Imam Mustafayevin rəhbərlikdən uzaqlaşdırılmasını zəruri sayır, lakin onun kiminlə əvəzlənməsi məsələsində təklif vermirdi. Moskvada 3 günlük müzakirədən sonra 1959-cu ilin iyulun 2-də Sov.IKP MK Rəyasət Heyətinin qərar qəbul etdi ki, Imam Mustafayev işin öhdəsindən gələ bilmədi, ümidləri doğrultmadı və artıq birinci katib kimi yararsızdır.

Imam Mustafayevin xələfi

Seçiləcək şəxsin adı qərarda olmasa da, Sovet rəhbərliyi öz hazırlığı, rus dilində rəvan danışığı, bir neçə dəfə SSRI Nazirlər Sovetinin toplantılarında parlaq çıxışları ilə diqqəti cəlb etmiş Vəli Axundovun üzərində dayandı. Kadr məsələlərinin həllində müstəsna səlahiyyətə sahib Mərkəzi Komitə aparatı və katiblik onun perspektivli namizəd olduğuna Nikita Xruşşovu inandıra bildi. Bakıya gələn Sov.IKP MK katibi Nurəddin Mühiddinova tapşırıq verildi ki, respublika Nazirlər Sovetinin sədri Vəli Axundovun Azərbaycan partiya təşkilatının birinci katibi seçilməsi məsələsini həll etsin. 1959-cu ilin iyul ayının 6-da Azərbaycan KP MK-nın IX plenumunda Vəli Axundov respublika partiya təşkilatının birinci katibi seçildi və bununla da ölkənin həyatında qarşıdakı 10 ili əhatə edəcək yeni bir dövr başladı. Respublikanın birinci şəxsi olanda Vəli Axundovun 43 yaşı var idi.

Millətçiliyə qarşı mübarizə

Axundov hakimiyyətinin ilk illəri çox ağır keçdi. Respublikanın üzərində millətçilik damğası var idi. Hələ Moskvadakı müzakirələr zamanı Nikita Xruşşov Azərbaycanda millətçiliyin baş alıb getdiyini, lakin bu məsələni çox qabartmamağı tövsiyə etmişdi. O demişdi ki, bizim milli siyasətdə hansısa böhran haqqında danışmaq üçün süni şəkildə düşmənə dəlil vermək olmaz. Xruşşov bildirmişdi ki, bununla biz özümüz üçün süni böhran yaratmış olardıq.ÿRespublikada güclənmiş millətçiliyə qarşı geniş danışmamağı tövsiyə edən Xruşşov Azərbaycana nəzarətin gücləndirilməsini də zəruri hesab edirdi. Vəli Axundova “etimad” göstərsə də, lakin ona və bütövlükdə respublikaya nəzarəti gücləndirmək məqsədilə özünün yaxın adamı sayılan 1950-1958-ci illərdə Ümumittifaq Komsomol Mərkəzi Komitəsinin katibi, 1958-ci ilin aprelindən isə birinci katibi olmuş, 1959-cu ildə Sov.IKP MK-nın partiya orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş Vladimir Semiçastnını Axundovun işə başlamasından bir ay sonra, 1959-cu ilin avqust ayının 10-da Azərbaycana KP MK-nın ikinci katibi vəzifəsinə göndərdi. Nikita Xruşşovun şəxsi nümayəndəsi kimi Azərbaycana geniş səlahiyyət və xüsusi mandatla göndərilən 35 yaşlı Vladimir Yefimoviçin respublikada qarsımadığı bir iş, burnunu soxmadığı bir yer yox idi. O, sonralar öz xatirələrində yazırdı: “Görünür, izah etmək lazımdır ki, nə üçün respublikalarda Mərkəzi Komitənin ikinci katibləri rus olmalı idi. Ermənistandan başqa, demək olar, hər yerə ikinci katibləri mərkəzdən göndərirdilər… Bu qayda özünü doğrultmuşdu… Ikincilər sıradan biri deyil, nüfuzu, gücü və idarəçilik bacarığına sahib lider olmalı idilər ki, yaranmış məsələləri həll etsin, yaxşı təşkilatçı olsun, respublika rəhbərliyinə və kütlələrə təsir edə bilsin… Mən belə bir qayda qoymuşdum: partiya Mərkəzi Komitəsinin heç bir qərarı mənim dərkənarım olmadan buraxılmırdı. Hətta Axundov artıq imzalasaydı belə”.

Ədəbiyyat və incəsənətə nəzarət…

Azərbaycanda Vladimir Semiçastnının qarşısında duran əsas vəzifə ilk növbədə ədəbiyyat və incəsənətə nəzarət etmək, yaradıcılıq təşkilatlarında millətçilik meyllərini yerindəcə boğmaq, Nikita Xruşşovun ət, yağ və süd istehsalına görə Birləşmiş Ştatlara çatmaq və onu keçmək arzusunu gerçəkləşdirmək naminə respublikanın müsəlman kəndlərində donuzçuluq fermaları şəbəkəsini genişləndirmək, 50-ci illərin sonu – 60-cı illərin əvvəllərində kommunizm qruculuğunun başlıca simvoluna çevrilmiş qarğıdalı əkininə şəxsi nəzarəti gücləndirmək və silos basdırılması işini qaydaya salmaqdan ibarət idi. Çünki 1959-cu ilin iyun ayında respublikanı təftiş edən Moskvanın yoxlama briqadası donuzçuluğa və qarğıdalıya ögey münasibəti az qala Amerika imperializminə xidmət və kommunizm quruculuğuna arxadan zərbə kimi qiymətləndirmişdi. Şikin komissiyasının arayışında deyilirdi ki, “respublikanın partiya və sovet orqanları donuzçuluğun inkişafı ilə bağlı fəal iş aparmır, bunun nəticəsində kolxozların çoxunda donuzçuluq fermaları yoxdur… Respublikada qarğıdalının əhəmiyyəti barədə az nitqlər söylənilməyib… Lakin praktikada bunun əksi alınır. Qarğıdalıya etinasızlıq göstərilir və əslində qarğıdalı etibardan salınır”. Semiçastnıy məhz, kommunizm qruculuğunda strateji hədəf olan bu işləri qaydaya salmalı və millətçiliyin başlıca ideya mənbəyi olan ziyalılara nəzarəti gücləndirməli idi. Sovet komsomoluna rəhbərlik etdiyi dövrdə bu sahədə onun zəngin təcrübəsi vardı. Nikita Xruşşovun qəzəbinə düçar olmuş ədəbiyyat, sənət və mədəniyyət xadimləri bu mübariz komsomolçunun təhqirlərini eşitməli olurdu.

Semiçastnının Pasternak və muğam “düşüncələri”

Azərbaycana təyinatdan 10 ay öncə SSRI komsomolunun 40 illiyi ilə bağlı tədbirdə Semiçastnının Boris Pasternak haqqında təhqirləri hamını heyrətə salmışdı. O demişdi: “Bəzən biz – yeri gəlmişkən, tamamilə haqsız olaraq donuz haqqında danışırıq ki, o elədir, belədir və sair. Mən sizə deməliyəm ki, bu, donuza iftiradır. Bu heyvana bələd olan bütün adamlar donuzun xüsusiyyətlərini bilir, donuz heç vaxt yediyi yeri murdarlamır, heç vaxt yatdığı yeri murdarlamır. Ona görə, əgər Pasternakı donuzla müqayisə etsək, donuzun etmədiklərini o edib. Halbuki, Pasternak – bu adam özünü cəmiyyətin elitar hissəsinə aid edir – bunu etmişdir. O, yediyi yeri batırıb murdarlamışdır, o, kimin əməyi ilə yaşayıb və nəfəs alırdısa, oranı murdarlamışdır”.

Taleyin qəribə istehzası və Sovet quruluşunun eybəcərliyi idi ki, Vəli Axundov kimi mədəni və istedadlı bir dövlət xadiminin üzərinə belə tərbiyəsiz bir komsomol nəzarətçi qoyulmuşdu. 2002-ci ildə nəşr olunmuş “Narahat ürək” adlı xatirələrində Vladimir Semiçastnı özünün Azərbaycandakı fəaliyyətini belə xarakterizə edir: “Mən müntəzəm olaraq Bakı operasına gedirdim. Bazar ertəsi onların istirahət günü idi və mənə danışmışdılar ki, həmin günlər onlar orada muğam konserti təşkil edirlər. Bir gün elanı gördüm və getmək qərarına gəldim. Mən artıq əvvəllər bu avaz haqqında eşitmişdim. Bu sadə xalq musiqisi bir qayda olaraq otlaqlarda çoban dəyələrində oxunurdu. Mənə danışmışdılar ki, orada narkotika olmadan – tiryək çəkmədən keçinmirlər”. Hətta, Bakıdan gedəndən 40 il sonra yazdığı xatirələrdə bu satrapın Azərbaycan musiqisinin əsasını təşkil edən muğam haqqında təsəvvürləri yuxarıdakı epizoddan bəlli olar. Halbuki, Semiçastnının Bakıda işlədiyi dövrdə Azərbaycan bəstəkarlarının yazdığı simfonik muğamlar artıq dünya səhnələrində çalınırdı.

Qarğıdalının vəsfi, donuzun faydası…

Vladimir Semiçastnı Azərbaycanda ilk addım kimi mətbuatı nəzarətə aldı. Onun təlimatı ilə Azərbaycan dilində nəşr olunan qəzetlərin hər iki həftədən bir rus dilində icmalı hazırlanırdı. Mətbuat səhifələrində kommunizm quruculuğu, proletar beynəlmiləlçiliyi, rus dilinin əhəmiyyəti, sosializm yarışı, qarğıdalının vəsfi və Amerikaya çatmağın bütün ağırlığını öz üzərinə almış donuzun faydası haqqında yazıların xüsusi monitorinqi hazırlanıb Moskvaya göndərilirdi. Semçastnı yaxşı başa düşürdü ki, respublikada ideoloji işin mərkəzi fiqurlarından biri MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanovdur. Şikin komissiyasının hazırladığı arayışda tarixin yazılmasında baş qaldıran millətçilik meylləri bilavasitə Şəxəli Qurbanovla əlaqələndirilmişdi. Ivan Şikinin müdiri kimi Vladimir Semiçastnı həmin arayışla tanış idi və sənəd məhz onun qoşma məktubu ilə Mərkəzi Komitəyə göndərilmişdi. Moskvadan təzyiqlər olmasına baxmayaraq Vəli Axundov Şıxəli Qurbanovu 1961-ci ilə qədər vəzifəsində saxlaya bildi. Lakin Semiçastnının təşəbbüsü ilə Nikita Xruşşov Şıxəli Qurbanovun MK-dan uzaqlaşdırılması məsələsini qoyanda artıq onu rəhbər partiya işində saxlamaq mümkün olmadı. Büronun qərarı ilə o,  1961-ci ildə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsindən azad edilib Elmlər Akademiyasının Ədəbiyyat və Dil Institutuna şöbə müdiri vəzifəsinə göndərildi.

ardı var