Naz-Lifan qurtardı, pambıq kampaniyası başladı

pambiq1Hökumət böhrandan necə çıxmaq istəyir?

Dəfələrlə sübut olunub ki, hakimiyyətin islahat təbliğatı  görüntü xarakterlidir və heç bir halda böhrandan çıxmağa xidmət etmir. Əksinə, hər dəfə müşahidə olunur ki,  hökumətin anti-böhran tədbirləri daha böyük böhranın yaranmasına səbəb olur.

Hamının yadındadır ki, devalvasiyadan sonra ölkə başçısı Ilham Əliyev böyük vədlər verdi, məmurları Azərbaycan istehsalı olan Naz-Lifan avtomobili almağa çağırdı və bu tendensiyanın qeyri-neft sektorunu gücləndirəcəyini  bildirdi. Amma qısa vaxt ötdü və məlum oldu ki, Naz-Lifan çağırışı sadəcə kampaniya imiş. Bir neçə məmur Naz-Lifan sifariş versə də, ümumilikdə hökumət xarici istehsala üstünlük verdi. Hətta deputatlara da yeni mersedeslər paylandı. Ümumiyyətlə, Naz-Lifanın dünya bazarına çıxmaq, ölkəyə gəlir gətirmək potensialının olmadığı göründü. Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muxtar respublikada 725 ədəd minik avtomobili yığılıb. Əvvəlki illə müqayisədə istehsal 1136 ədəd azalıb. Demək istəyirik ki, ölkə başçısının Naz-Lifan əməliyyatı uğursuz oldu və artıq bu məsələ gündəmdən çıxıb.

Yazımızın əsas mövzusu isə hökumətin pambıq kampaniyası ilə bağldır. Bildiyiniz kimi ölkə başçısı Naz-Lifandan sonra, pambıqla bağlı böyük vədlər, tapşırıqlar verməyə başlayıb.  Ölkə başçısı hansı rayona gedirsə pambıqçılığın inkişaf etdirilməsinin vacibliyini qeyd edir, sahibkarları pambıq istehsal etməyə səsləyir. Amma görünən budur ki, ölkə başçısının bu çağırışı da böhrandan çıxmaq üçün çıxış yolu deyil.

Belə ki, redaksiyamıza əyalətlərdən xeyli sayda şikayət məktubları daxil olur və yerli hakimiyyətin sahibkarları incitdiyi bildirilir. Yəni, Ilham Əliyevin pambıq çağırışından sonra hamıya pambıq əkdirmək istəyirlər. Yeri gəlmişkən, bugünlərdə Zərdab rayonunda 10 sahibkar aclıq aksiyasına başlayıb və Ilham Əliyevə şikayət məktubu göndəriblər. Şikayət məktubunda bildirilir ki, Zərdab Rayon Icra başçısı Lütfəli Babayevin özbaşınalığından, qanunsuz əməllərindən beziblər. “Uzun illərdi qanunu icarə müqaviləsi ilə qoyunçuluqla məşğul olub dövlətə vergi ödəyib xeyir veririk. Indi isə Zərdab rayon icra başçısı Lütfəli Babayev  ”prezidentin tapşırığı var fermer təsərrüfatlarını ləğv edib yerində pambıq əkiləcək buradan çıxmalısınız” deyir. Iki gündür polisləri, texnikaları və icra hakimiyyətinin işçilərini töküb bizim qoyun yataqlarına ki, buradan çıxmalısınız yer şumlanacaq”.

Göründüyü kimi hökumət növbəti kampaniyaçılığa başlayıb. Məsələ burasındadır ki, fermerə heç bir şərait yaradılmır, pambığın qiyməti aşağıdır və sahibkarlar bu şərtlrə daxilində mənfəət əldə edə bilmir. Indi prezident pambıqla bağlı çağırış edib deyə, hamını pambıqçıya çevriməyə çalışırlar. Sahibkarlar deyir ki, pambıqçılığın inkişaf etdirimləsi üçün kollektorlar təmizlənməlidir, pambığın alış qiyməti qaldırılmalıdır. Onu da bildirirlər ki, KTZ Aqro MMC fermerlərlə müqavilə bağlayanda qarşı tərəfin şərtlərini nəzərə almır və öz şərtlərini fermerlərə qəbul etdirirlər. Nəticədə fermer aldadılır və hüquqi baxımdan əsası olmadığı üçün məhkəməyə də müraciət edə bilmir.

Bəli, hökumətin anti-böhran tədbirləri həmişəki kimi şikəstdir. Elə bilirlər ki, “filan sahəni inkişaf etdirin” deməklə hər iş düzəlir. Əvvəlcə, sahibkara sərfəli şərtlərlə kredit verilməlidir, istehsal olunan məhsulun sərfəli bazarı tapılmalıdır, fermerin problemləri həll edilməlidir, fermerlər lüzumsuz vergilərdən, cərimələrdən azad edilməlidir və s. Əks halda, pambıqçılığa güc verməklə, sahibkarı zorla pambıqçıya çevirməklə heç nəyi dəyişdirmək olmaz.

Aydın görünür ki, hökumət növbəti kampaniyaçılığa başalayıb. Naz-Lifandan sonra bir müddət də pambıqçılıqla camaatın başın qatacaqlar. Sonra hansısa başqa məhsulun üzərində təbliğat qurulacaq. Bir sözlə, hökumət problemləri kökündən həll etmək, real əngəlləri aradan qaldırmaq əvəzinə, qulağa xoş gələn vədlər verməklə məşğuldu. Guya, hamı pambıqçıya çevriləndə bütün problemlər həll olunacaq, büdcə dolacaq, əhalinin həyat şəraiti yaxşılacaq.

Ölkəni böhrandan çıxarmaq üçün korrupsiya ləğv edilməlidir, monopoliyalar ləğv edilməlidir, ölkədən oğurlanan pullar geri qaytarılmalıdır, gömrükdəki, vergi sistemindəki süründürməçiliyə son qoyulmalıdır, ən əsası isə hesabatlı bir hökumət olmalıdır. Bu qədər qaranlıq məqamlar qaldığı halda, ağ pambıqla heç nəyə nail olmaq mümkün deyil.

Samir