İranla İsrail arasında “diplomatik terror” savaşı

Təl-Əviv Tehranı terrorçuluqda, Tehran isə Təl-Əvivi böhtançılıqda ittiham edir

Hindistanda və Gürcüstanda israili diplomatları hədəf alan terror aktlarından sonra İsraillə İran arasında yeni gərginlik yaranıb. Rəsmi Təl-Əviv olaylara görə Tehran rejimini və “Hizbullah” terror təşkilatını açıq ittiham edir. İsrail baş nazirinin bəyanatından sonra prezident Şimon Peres də məsələyə münasibətini bildirib. Prezident həmişəki kimi İrana qarşı sərt çıxış edib.

“Biz kimlərin bunu təşkil etdiyini bilirik. İran təkcə nüvə silahı hazırlayıb, insanları məhv etməklə hədələmir, İran və ya İran hökuməti hazırda terror, hiddət, aqressiya və müharibə mərkəzinə çevrilib və onlar qətllər törətmək, məhv etmək üçün əllərindən gələni əsirgəmirlər”, – deyə İsrail prezidenti bildirib.

İran isə İsrailin ittihamlarına cavab olaraq terror aktları ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb. İranın Hindistandakı səfiri Mehdi Nəbizadə olayları pisləyərək İsrailin İrana yönəlik ittihamlarını rədd edib: “İran istənilən terror hücumunu pisləyir və biz İsrail rəsmilərinin bütün uydurma şərhlərini təkzib edirik. Bu ittihamlar əvvəlki kimi yalan və iftiradan ibarətdir”.

Xatırladaq ki, Dehlidə israilli diplomatın əyləşdiyi maşının partlaması nəticəsində 4 nəfər yaralanıb. Hindistanın daxili işlər naziri bildirib ki, bomba partlayışı motosikletçinin bombanı maşına bərkitməsindən bir neçə saniyə sonra baş verib və hücum yüksək hazrlıqlı casuslar tərəfindən həyata keçirilib.

İnformasiya şöbəsi