YAP AXCP-ni tanımırsa…

ilham-huseynİlham Hüseyn

Yaxud, Cənab Novruzov, özünüzü təqdim edin

YAP-çı deputat Siyavuş Novruzov yenə də AXCP-dən danışıb. Ümumiyyətlə, bu adamın mətbuata verdiyi açıqlamaların, müsahibələrin 99 faizi AXCP və Əli Kərimli mövzusundadır. Bu adam ixtisasca hüquqşünas olsa da, könüllü olaraq “cəbhəşünaslıq”ı seçib.
Bəs, millətimizin vəkili bu dəfə hansı “mötəbər” məqamlara toxunub?
Birincisi, Siyavuş Novruzov iddia edib ki, AXCP-nin qurultayında saxtakarlıq olub. Saxtakarlıq üzrə böyük təcrübə qazanmış bir partiyanın nümayəndəsinin “irad”larını qəbul etmək olardı. Amma Siyavuş müəllim həmişəki kimi fikirlərini əsaslandıra bilməyib. Yəni, Əli Kərimlinin gizli videosunu üzə çıxara bilmədiyi kimi, qurultaydakı saxtakarlığın nədən ibarət olduğunu da əsaslandıra bilməyib. Xahiş edirik ki, Siyavuş müəllim bu saxtakarlıq faktlarını ortaya çıxarıb, AXCP-ni ifşa etsin. Topa bülletenlər necə atılıb, alternativlər necə sıradan çıxarılıb, karusel necə təşkil edilib, ATƏT bu seçkiləri neçə faiz “pis və ya çox pis” kimi qiymətləndirib və digər bu kimi məqamlara aydınlıq gətirilməlidir.
Siyavuş Novruzovun toxunduğu ikinci məsələ daha “qlobal” məsəlidir. YAP-ın siması deyib ki, biz AXCP-ni partiya kimi tanımırıq. Əlbəttə, AXCP çoxdandır ki, partiya olmaqdan çıxıb və daha böyük missiyanı yerinə yetirir. Üstəlik, AXCP yeganə partiyadır ki, qərargahı yoxdur, partiya sədrinə posport verilmir, partiyanın 10 üzvü həbsdədir və hökumət bütün resursları ilə bu partiyanın üzərinə gəlməkdədir. Bəli, AXCP partiya maraqlarını çoxdan unudub və xaqın hüquq müdafiəçisi rolunda çıxış edir.
Amma Siyavuş Novruzovun AXCP-ni tanımaması bizi çox təəccübləndirdi. Ona görə də bəzi xatırlatmalar edib, əzəmətli deputatımızın yaddaşını təzələmək istəyirik.
Canab Novruzov, bu, gecə-gündüz telekanallarda, saytlarda, qəzet səhifələrində şər-böhtan yağdırdığınız AXCP-dir. Bu, üzvlərini qondarma ittihamlarla həbs etdiyiniz, qərargahını dağıtdığınız, seşkidə səsini oğurladığınız AXCP-dir. Yəni, hər gün evinin qarşısında şou göstərdiyiniz, əlaltılarınızın dili ilə ləkələməyə çalışdığınız, həftədə üç dəfə haqqında açıqlama verdiyiniz Əli Kərimlini tanımırsız? Tanımadığınız bir partiya haqqında bu qədər danışmaq, bu qədər təbliğat aparmaq, bu qədər enerji itirmək nəyə lazımdır? Tanımadığınız partiyanın lideri ilə mübarizə aparmaq niyə siyasətinizin ana xəttini təşkil edir?
Biz başa düşürük ki, hakimiyyət AXCP-ni yaxşı tanıyır, sadəcə olaraq unuda bilmir.
Amma Siyavuş Novruzovun xətrinə özümüzü bir daha təqdim edirik. Gəlin, tanış olaq! AXCP- sıralarından minlərlə şəhid vermiş, bütün fəaliyyətini dövlətin və millətin mənafeyi üzərində qurmuş, korrupsiya, ədalətsizlik, saxtakarlıqla mübarizə aparan, Azərbaycanda demokratiyanı bərpa etmək istəyən, prinsiplərinə sadəqət nümayiş etdirən bir təşkilatdır. Bu təşkilatın lideri isə hərbi xidmətdə olmuş, BDU-nun hüquq fakultəsində təhsilini yarımçıq qoyub, 90 nəfər tələbə yoldaşı ilə birlikdə Laçın və Qubadlının sərhəd kəndlərinin müdafiəsinə yollanmış, tərcümeyi-halında qara ləkələr olmayan, bu gün də mübarizəsini davam etdirən Əli Kərimlidir.
İndi, növbə sizindir, özünüzü təqdim edin!