Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Milli.Az-ın EL TV kanalına istinadən verdiyi məlumata görə, naməlum şəxs və ya şəxslər rayonun Maşadqanlı kənd sakini 37 yaşlı Vahidov Vasif Yusif oğluna məxsus mənzilə daxil olaraq ümumi dəyəri 20 min manat və çəkisi 900 qram olan qədim qızıl-zinət əşyaları, 485 manat və 100 dollar pul oğurlayıb. Ev sahibi, Kürdəmir rayonunun Muradxanlı kəndində bir sahibkara məxsus mal-qara fermasında çoban işləyən Vasif Vahidov yanvar ayının 12-də evinə gəlib və mənzilinin qapısındakı qıfılı sınıq, evdəki əşyaları isə dağılmış vəziyyətdə görüb. Çobanın sözlərinə görə, oğurlanan qızıl-zinət əşyaları ona babasından yadigardır.
Kənd sakinlərinin dediklərinə görə, əvvəllər də bu kənddə oğurluq halları baş verib.
Rayon Polis Şöbəsindən verilən məlumata görə, oğurluq baş verən mənzilə baxış keçirilib, əşyaların üzərindən oğurluq edən şəxsin əl izləri götürülüb. Faktla bağlı CM-nin 177.2.3 və 177.2.4 maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


