“Moody’s”: “Rusiyadakı böhran Azərbaycandakı vəziyyəti daha da pisləşdirəcək”
Ekspertlərə görə, Azərbaycanın mənzil bazarı və tikinti sektoru bundan daha ciddi ziyan çəkəcək
Rusiya iqtisadiyyatındakı resessiyanın yaxın iki ildə MDB ölkələrinin müstəqil kredit reytinqinə neqativ təsir göstərəcəyi ehtimal edilir.
“Report”un “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, 9 MDB ölkəsindən 5-də Agentliyin neqativ iqtisadi proqnozu qalmaqda davam edəcək və bu, onların gələcəkdə suveren reytinqinin azaldılmasına səbəb ola bilər.
“Moody’s” agentliyinin eksperti Kristin Lindou hesab edir ki, MDB ölkələri iqtisadiyyatları, maliyyə sektorları və büdcələrinin neft qiymətlərindən asılılığı davam etdirəcək: “Bu da yaxın iki il ərzində onların suveren reytinqlərinin artımını əngəlləyəcək”. Bu ölkələr arasında Rusiya, Qazaxıstan və Azərbaycan da yer alıb. (report)
Rusiyada iqtisadi durumun pisləşməsi Azərbaycanda hansı sahələrə təsir edə bilər?
Rəsmi statistika Rusiyadakı azərbaycanlı əmək miqrantlarının sayını 600 min civarında olduğunu deyir. Qeyri-rəsmi məlumatlarda Rusiyada çalışan azərbaycanlıların sayı 1,5-2 milyon nəfər arasındadır.
Onların vətənə hər il nə qədər pul göndərdiyinin də dəqiq statistikası yoxdur. Rəsmi rəqəmlərdə bu məbləğ hər il 1,3 milyard dollardan yuxarıdır. Qeyri-rəsmi olaraq söhbət bir neçə milyard dollardan gedir.
Rusiya Mərkəzi Bankı həmin rəqəmi 2 milyard dollara yaxın göstərir. Onu da qeyd edək ki, Rusiyada son maliyyə böhranından sonra bu məbləğ ciddi şəkildə azaldı. Amma son zamanlar iqtisadi proseslərin nisbətən stabilləşməsi bu məbləği nisbətən əvvəlki göstəriciyə gətirmişdi.
Amma ekspertlərə görə, Rusiya yenidən iqtisadi və maliyyə böhranına sürüklənir. Təbii ki, bu fonda azərbaycanlıların ailələrinə göndərdikləri məbləği də yenə azalma gözləyir.
Nəzərə almaq lazımdır ki, Azərbacanda əhalinin müəyyən faizi Rusiyadan göndərilən pullar hesabına ayaqda dayanır. Xüsusilə bölgələrdə Rusiyadan gələn gəlirlərdən asılılıq çox yüksəkdir. Bu mənada Rusiya iqtisadiyyatının çökməsi Azərbaycanda milyonlarla insanın güzəranının pisləşməsi deməkdir. Rusiyadakı böhran Azərbaycanda onsuz da böhranlı vəziyyətdə olan mənzil bazarını və tikinti sektorunun durumunu bir qədər də pisləşdirəcək. Çünki məhz Rusiyadan gələn kapital mənzil bazarında əsas alıcı kimi hələ də çıxış etməkdədir.
Xəyal