
Ötən gün Bəhreyndə anti-hökumət nümayişi keçirilib. Paytaxt Manamada on minlərlə nümayişçi şəhərin mərkəzi meydanı olan Mirvari meydanına toplaşmağa çalışıb. Təhlükəsizlik qüvvələri nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. Minlərlə nümayişçi Manama küçələri ilə yürüş edərək, anti-hökumət şüarları səsləndirib. Bəzi nümayişçilər asayişi qoruyan hərbçilərə daş və yandırıcı maddələr olan şüşələr atıblar.
Bəhreyn müxalifəti isə krala çağırış etməyə hazırlaşır.
Bəhreyndə hakimiyyət kral ailəsinə məxsusdur və siyasi partiyaların fəaliyyəti qadağan olunub. Ölkə əhalisinin əksəriyyətini təşkil edən şiələr isə sünni kral ailəsindən ölkədə daha çox hüquq və azadlıqlar, demokratik islahatlar tələb edirlər.
İğtişaşlar Bəhreyndə etiraz hərəkatının baş qaldırmasının 1-ci ildönümündə baş verib.
Xatırladaq ki, ötən il fevralın 14-də əksəriyyətini şiələr təşkil edən minlərlə adam digər ərəb ölkələrindəki nümayişlərdən ilham alaraq küçələrə çıxmışdı. Şiələr hakim sünni sülaləsinə qarşı etiraz edirdilər. Həmin vaxt iğtişaşlar nəticəsində polislər də daxil olmaqla, 35 nəfər ölmüşdü (ans press).


