İqtisadiyyatda dollarlaşma davam edir

nemet-eliyev1Ekspertə görə, bu göstərici əhalinin milli valyutaya inamının kəskin itməsinin nəticəsidir

Aprelin 1-i üçün əhalinin bank əmanətləri 7 mlrd. 888,9 mln. (mənfi 16,7%) olub. Bu barədə Mərkəzi Bankın rüblük hesabatında bildirilir.

Hesabatdan bəlli olur ki, manatın devalvasiyası fonunda əhali vəsaitlərini xarici valyuta ilə saxlayır. Əmanətlərin 80,9% və ya 6 mlrd. 377,3 mln. manat xarici valyutada saxlanılır.

I rübdə manatla əmanətlər 6,4% artıb. Xarici valyuta ilə əmanətlər isə 20,8% azalıb.

Rezidentlər banklarda 6 mlrd 860,4 mln manat, qeyri-rezidentlər 1 mlrd 28,4 mln manat əmanət saxlayır və hər ikisində azalma (16,8 və 16,6%) var.

Aprelin 1-i üçün əmant və depozitlər 23 mlrd 121,6 mln manat (mənfi 1,3%) təşkil edib.

Artıq bir müddətdir ki, banklardakı dollarla olan əmanətlərin faizi artır. Buna səbəb 2 devalvasiyadan sonra manatın imicinə dəyən zərbədir. Vətəndaşlar əmanətlərini mili valyuta da deyil, məhz xarici valyutada saxlamağa üstünlük verir. Bəs, iqtisadiyyatın bu formada dollarlaşması nə vəd edir?

İqtisadçı Nemət Əliyev hesab edir ki, bu göstərici əhalinin milli valyutaya inamının kəskin itməsinin nəticəsidir. N.Əliyevin sözlərinə görə, əhali manatın stabil olmadığını gördüyündən vəsaitlərini xarici valyutada saxlamağa üstünlük verir: «Banklar da milli valyutaya güvənmədiyindən manatda qısa müddətli və uzun müddətli kreditlər verməyi dayandırıblar. Əslində banklar bu cür düşüncələrində, bu cür davranmalarında haqlıdırlar. Manatla kredit verilmirsə, bankların bir imkanları qalır ki, xarici valyutada kredit versinlər. Bundan başqa bankların xarici maliyyə institularından cəlb etdiyi vəsaitlər xarici valyutadadır. Ona görə bankların xarici valyutada kredit vermək imkanları var. Amma əhali bu cür kreditləri götürməkdən imtina edir. Çünki növbəti dəfə milli valyutanın xarici valyutaya nisbətdə dəyər itirməsi tam realdır».

N.Əliyev onu da bildirdi ki, xarici valyutada borcu olanların üzləşdiyi ziyan onları bu addımı növbəti dəfə atmaqdan çəkindirir. «Nəticədə belə bir mənzərə yaranıb. Kredit təklifi xarici valyutadadır. Amma xarici valyutada kredit almaq istəyənlər yoxdur. Milli valyuta da kredit almağa tələbat böyük olsa da, manatla kredit verən yoxdur.Məhz bu durğunluq iqtisadi fəallığı kəskin şəkildə baltalayır», deyə N.Əliyev vurğuladı.

Xəyal