Statistik rəqəmlər iqtisadi çöküşdən xəbər verir

nemet-eliyev1Nemət Əliyev: «İqtisadiyyatın vəziyyəti gerçəkliklə əlaqəsi olmayan bəyanatlarla qiymətləndirilə bilməz»

Azərbaycanın ağır sosial-iqtisadi durumda olduğu bir zamanda dövlət başçısı maraqlı açıqlama ilə çıxış edib. Neftin qiymətinin müəyyən müddət enməsi Azərbaycan iqtisadiyyatında ciddi maliyyə böhranı yaşatdı. Amma dövlət başçısı İlham Əliyev tam başqa fikirdədir. İ.Əliyev vurğulayıb ki, hələ də dünyada iqtisadi və maliyyə böhranının hökm sürməsinə baxmayaraq insanların rifah halı yaxşılaşır: «Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və iqtisadi sahədə heç bir problem yaşanmır».

İ.Əliyevin sözlərinə görə, ölkədə maliyyə durumu sabitdir, iqtisadi inkişaf davam edir. Neftin qiyməti 3-4 dəfə aşağı düşsə və problemlər olsa da, onların öhdəsindən gəlmək olur.

Amma nədənsə, dövlət başçısı ötən müddət ərzində ölkənin idxal və ixracının kəskin azalmasını, manatın dövriyyədəki kütləsinin azalması hesabına milli valyutanın stabil saxlanıldığını unudur. Bundan başqa hər ötən ay banklardakı problemli kreditlərin faizi artır. Vətəndaşların alıcılıq qabiliyyəti qiymətlərin artması üzündən aşağı düşüb.

İqtisadçı Nemət Əliyev bildirdi ki, iqtisadiyyatın real vəziyyətini gerçəkliklə əlaqəsi olmayan bəyanatlarla deyil, həmin dövr üçün olan statistik rəqəmlərə əsasən qiymətləndirmək gərəkdir. Ötən müddət ərzində ölkənin xarici ticarət dövriyyəsində kəskin azalmanın baş verdiyini deyən N.Əliyev vurğuladı ki, mart ayı ərzində təxminən 295 milyon dollar mənfi saldo əmələ gəlib. N.Əliyevin sözlərinə görə, ölkənin tədiyyə balansına diqqət yetirilsə, o zaman bəlli olacaq ki, bu istiqamətdə 4 milyardlıq kəsir əmələ gəlib: «İxrac yönümlü fəaliyyət kəskin şəkildə pisləşib. Baxmayaraq ki, hələ iqtisadiyyatın 86 faizini neft və neft məhsulları təşkil edir. Neft məhsullarının satışı əsasında əldə olunan gəlirlər əhəmiyyətli dərəcədə aşağı düşüb. Qeyri-neft sahələrindən əldə olunan gəlirlər 38 faiz azalıb. Bu bütövlükdə xarici ticarət dövriyyəsi üzrə olan mənzərədir. Konkret halda ölkənin ümumi daxili məhsul göstəricisi azalıb. Xarici valyutaya çevirib hesablamalar aparsaq, o zaman məlum olur ki, ÜDM-in 3 aylıq göstəricisində 5 milyarddan artıq azalma var. Müəssisə və təşkilatların əldə etdiyi gəlirlər əhəmiyyətli dərəcədə azalıb. Qiymətlərdə kəskin şəkildə bahalaşma baş verib. Nəticədə vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşüb».

N.Əliyev eyni zamanda vurğuladı ki, ölkə iqtisadiyyatına kapital qoyluşu ciddi şəkildə azalıb. Əhalinin əmanətlərində də azalmanın baş verdiyini deyən N.Əliyev vurğuladı ki, əhali banklara etibar etmədiyindən vəsaitlərini geri çəkir.

Hikmət