Bu gün Bak məktəblərindən birində dərs prosesi baş tutmayıb. Lent.az-ın “qaynar xətti”nə daxil olan məlumata görə, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 62 ünvanında yerləşən 251 saylı orta məktəbin çardağında yerləşdirilmiş su çəni partlayıb. Nəticədə sinif otaqlarına su dolub. Səhər saatlarında məktəbə gələn şagird-müəllim heyəti siniflərin su ilə dolduğunu görüblər və rəhbərliyə məlumat veriblər. Bu səbəbdən bəzi siniflərin şagirdləri evə buraxılıb.
Məlumatda bildirilir ki, şaxtalı günlərdə məktəbin çardağındakı çən donub. Bu zaman çəndə çat yaranıb və donmuş su əriyərək 4 mərtəbəli məktəb binasının sinif otaqlarına dolub.
Bakı şəhər Baş Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı Lent.az-a açıqlamasında hadisədən məlumatlı olduqlarını bildirib. Z.Əliqızının sözlərinə görə, hadisə saat 05.00 radələrində baş verib. Bakı şəhər, Nizami rayon 251 saylı orta məktəbin direktoru Mahirə xanım isə məsələ ilə bağlı danışmaq istəmədiyini deyib.


