Ev dustaqlığında olan keçmiş müstəntiq yenə “Azadılq” üçün yazdı
“QORXUkratiya”
“Respublikada bərqərar olmuş məhkəmə, ədliyyə, istintaq, əməliyyat-axtarış fəaliyyətini banan ölkələrində mövcud olan sistemlərlə müqayisə edənlər dərhal daş-qalaq edilir, rəsmi dairələr və onların növbətçi buyruqqulları quzğun tək onların üzərlərinə şığıyırlar. Azərbaycan ədliyyəsinin necəliyi barədə eşidib, oxumuşduq, amma açığı, öz dərimizdə duymamışdıq. Bu mənada, insanı insan kimi doğulmağa peşiman edən bir faktı gündəliyimizdən köçürüb, sonrakı qeydlərimizdə diqqətinizə çatdıracağıq, hələliksə onu ərz edək ki, buralarda gerçəkliyi ifadə edən hüquqçular ən yaxşı halda “5-ci kolon”un təmsilçisi, ən pis halda erməni dəyirmanına su tökən qismində dəyərləndirilirlər. Biz həmin əsassız yarlıqlara tuş gələcəyimizi zənn etsək də, çəkinmədən göstəririk ki, idarə edənlər idarə olunanları hər vəchlə açıq dünyadan, kristal cəmiyyətdən, hüquq dövlətindən, vətəndaşa dayanan idarəetmədən sapdırmağa səy edirlər. Çünki yəqinliklə bilirlər ki, qeyri-zorakı tərz ümumi işlərinə bir elə də fayda verməz. Rəsmi təbliğatda, nitqlərdə, bəyanatlarda qorxu adlanan hissin təşviqinə ayrıca yer verilməklə idarəetmə forması olaraq “QORXUkratiya”ya üstlənirlər. Lakin azacıq təhlükə hiss etdikləri halda xalqla əlbir oduqlarını, insanlara xidmət etdiklərini, sosial dövlətə can atdıqlarını nümayiş etdirirlər. İmitasiya olaraq. Əziz oxucu, birgə xatırlayaq…”.
Bu sətirlər siyasi bəyanatla prokurorluq orqanlarından istefa verən, bindan sonra repressiyaya məruz qalıb həbs edilən və hazırda ev dustaqlığı şəraitində istintaq altında olan keçmiş müstəntiq Rüfət Səfərovun növbəti məqaləsindəndir. Məqalə “Hüququn qətli” adlı irihəcmli yazısının tərkib hissəsidir.
Xatırladaq ki, yazının ilk hissəsi bir müddət əvvəl Azadlıq qəzetində dərc olunub. Müəllif növbəti hissəni çapa hazırlayıb və yenə də dərc olunması üçün Azadlıq qəzetinə göndərib. Məqaləni qəzetin sabahkı sayında oxuya bilərsiz.



