Hamımızın tanıdığı diktatorlar

K.Popper yazırdı ki, hər bir alim öz nəzəriyyəsini təkzib edən arqumentlər və faktlar axtarmalıdır. Bu fikri bir azca ümumiləşdirər və bunu hamıya aid edərdim… Münhendəki hadisədən artıq bir müddət keçib. Bu haqda hamımız yazmışıq. Mən indi nəyisə təkrar etmək istəməzdim. Lakin bir detalı yenə də qeyd edərdim. I.Əliyevin arqumentlərinin zəifliyi nədədir?
1. Opponentsiz mühitdə səslənən istənilən fikir zəifdir. Fikir təftiş ediləndə o sanki sınaqdan keçir. Fikir də adam kimidir, o, bərkə-boşa düşəndə əsl fikir olur.
2. Qədim yunanlar belə hesab edirdi ki, mühakimələr, mübahisələr, ən əsası isə məntiq vasitəsilə həmişə gəlib həqiqətə çatmaq olar. Amma bir müddət keçdi, orta əsrlərdə F.Bekon adlı adam peyda oldu və o adam yunanların bir qədər ifrata vardığını göstərdi. Bekon dedi ki, həqiqətin meyarı təcrübədir…
Indi I.Əliyev və yaxud başqası istənilən mülahizəni yürüdə bilər. Lakin əsas təcrübədir. Təcrübə başqa şey deyirsə, deməli mülahizələrdə nəsə qaydada deyil.
3. Insan və Vətəndaş Haqları Bəyannaməsində belə fikir var ki, hakimiyyətin bölünmədiyi yerdə, hakimiyyət bölgüsü olmayan yerdə konstitusiya yoxdur.
Əgər konstitusiya yoxdursa, deməli, insan haqları yoxdur, ədalətli məhkəmə yoxdur, müstəqil və demokratik seçilmiş parlament yoxdur. Parlamentdə bir mandatla təmsil olunan, insanların çoxunun heç adını bilmədiyi partiyaların ölkədə siyasi plüralizm və sabitlik üçün əsas olduğunu düşünmək isə bəlkə əsl plüralist və demokratik rejimin nə demək olduğunu bilməməyin nəticəsi hesab oluna bilər. Totalitar və avtoritar rejimləri bizə tanıtmağa ehtiyac yox, çünki biz onları yaşamışıq və yaşayırıq. Bu rejimlərdə ilk baxışda böhran və təlatüm olmur, həmişə hər şey qaydasında olur. Amma bir gün onlar karton evciklər kimi uçur…
Əvvəldə dedim ki, bu məsələnin üstündə çox dayanmayacam, çünki bunlar hamıya aydın olan məsələdir. Elə situasiylar var ki, orada danışanlar yalnız ona görə haqlı görünürlər ki, onlar başqasına danışmağa imkan vermirlər. O baxımdan, bu da adi bir təcrübədir – avtoritar idarəçiliyin təcrübəsidir. Mən bunda bir innovasiya, yenilik görmürəm. Diktatorlar ona görə hakimiyyətdə qalmırlar ki, onlar başqalarından ağıllı, iradəlidirlər, ona görə qalırlar ki, çox adamın bildiyi, amma etmək istəmədiyi şeyləri onlar edirlər. L.Trotskinin də maraqlı bir fikri vardı: “Mən Stalini sitatlarla, Stalin isə məni sürgünlərlə və məhrumiyyətlərlə vururdu”. Bəli, diktaturanın mahiyyəti budur. Dünyada bu qədər diktator olub, onların heç biri yeni bir şey tapmayıb, hamısı bir-birini təkrar edib. Elə təkrar etdiklərindən də onlardan darıxdırıcı adam yoxdur…
Əgər müxalifət yoxdursa…
Bu fikir də məni tutdu. Doğrudan da, müxalifət yoxdursa onda bunlar nədən qorxur? Ümumiyyətlə, elə ölkə ola bilərmi ki, orada normal halda müxalifət olmasın?! Bunlar özləri də başa düşür ki, bu, mümkün deyil, ona görə də on partiya məsələsi meydana çıxıb, bunlara elə gəlir ki, parlamentdə on partiya təmsil olunur. Müxalifətə gəldikdə isə o, var, sadəcə, ona imkan verilmir. Bu vəziyyətə baxmayaraq, bu gün müxalifət böyük iş görür. Siz istənilən hadisə ilə bağlı əsl həqiqəti müxalifət qəzetlərindən, müxalifət liderlərinin bəyanat və çıxışlarından öyrənə bilərsiniz. Lakin bir detal var: həqiqət hamını və hər kəsi maraqlandırırmı? Kimi maraqlandırırsa o, müxalifətlə də maraqlanır və onun mövcudluğunu hiss edir. Mənim bir vaxt Ukrayna dairəsində bahalıqla bağlı keçirilən mitinq yadıma düşür. Çox seyrək mitinq idi. O vaxt bir daha əmin oldum ki, sosial problemlər heç də hər şeyin açarı deyil. Əgər ölkədə müxalifət bir institut kimi zəifdirsə bunu utanc kimi yaşamaq lazımdır, ona görə ki, bu ölkənin necə idarə olunmasını və hər birimizin iç dünyamızı açıb göstərir. Politologiyada “güzgü effekti” deyilən fenomen var. Hər kəs, eləcə də hakimiyyət özünün necəliyini görmək istəyirsə müxalifətə baxsın, çünki orada hər şey öz əksini tapır. Indi bunlar başa düşürlər ki, parlamentdəki on partiya heç də “güzgü” deyil. Vintlər azacıq boşaldılsa əsl “güzgü” görünər və qorxudan bəlkə də bunların ürəyi partlayar…