«Bəzi adamlar saxta sənədlə Çernobıl əlili adı ilə təqaüdə çıxarılıb. Konkret adlar da çəkə bilərik»
Sumqayıtda yaşayan Çernobıl əlilləri dövlət başçısı Ilham Əliyev də daxil olmaqla, bir sıra strukturların rəhbərlərinə, o cümlədən Baş prokuror Zakir Qaralov və bu qurumun tərkibində olan Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin rəisi Kamran Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə müraciət edib. Onlar müraciətlərinin surətini “Azadlıq” qəzetinə də göndəriblər. Məktubda məmur özbaşınalığından, korrupsiyadan, üzləşdikləri haqsızlıqlardan bəhs edirlər:
“Biz bəşər tarixinin ən bağışlanılmaz hadisəsinin məcburi qurbanı olmuşuq. Hadisə baş verdiyi gündən indiyədək dövlətin qayğısını hiss etmişik. Amma Çernobıl Əlillər Cəmiyyətində baş verənlər biz əlilləri dövlətdən narazı salır. Çernobıl Əlillər Cəmiyyətinin sədri Mirhəsən Həsənov və Sumqayıt şəhər Çernobıl Əlillər Cəmiyyətinin sədri Bəylər Hacıyev dövlət tərəfindən ayrılıb bizə çatası olan imtiyazları vermirlər.
Bəzi adamlar saxta sənədlə Çernobıl əlili adı ilə təqaüdə çıxarılıb. Konkret adlar da çəkə bilərik. Qəzanın 30-cu ildönümündə Çernobılda əlil olanlara yardım verilməyib, amma saxta yolla “Çernobıl əlili” adını alanlara verilib.
Çernobıl əlili kimi təqaüdə çıxanlar ev tikmə kombinatında fəhlə işləyirdilər. Onların hər birinə saxta arayış verənin kimliyi də məlumdur. Araşdırma aparmaq fikriniz olsa, bu adamların hər birinin evinin ünvanını kombinatdan götürmək münkündür.
Həqiqi hərbi xidmət dövründə borcunu yerinə yetirərkən Çernobılda olanlara prezident təqaüd verilməsi barədə fərman imzalanıb. Təsəvvür edin, Slavutiç şəhərinin tikintisinin iştirakçısına da saxta yolla prezident təqaüdü düzəldilib. Çernobıl əlilləri bütün bu saxtakarlıqlar haqda d övlət məmurlarına, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məlumat veriblər.
Nazirin cavabı bu oldu ki, “Çernobıl Əlillər Cəmiyyəti qeyri-hökumət təşkilatı olduğu üçün heç nə edə bilmərəm”. Baş Prokurorluqda da bildirdilər ki, kimsə özünə saxta sənəd düzəldib və üstündən 2 il keçibsə, prokurorluq heç nə edə bilməz. Bəs onda dövlət məmurları hara baxırlar?!
Bu saxtakarlıqlar haqqında dəfələrlə prezident Ilham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Baş Prokurorluğa, Ombudsmana, Milli Məclisə və s. dövlət orqanlarına yazılı məlumat versək də, heç bir tədbir görülmür.
Cənab prezident, Sizə yalan məlumatlar verirlər. Dövlət büdcəsinin talanmasına şərait yaradırlar. Biz Çernobıl əlillərinin ümidi sizədir. Xahiş edirik, haqsızlığa və ədalətsizliyə son qoyulması üçün müvafiq göstərişlər verəsiz”.
Sosial şöbə