Hökumətin bəyanatları bəyanat olaraq qalacaq

rovshen agayevMilli Bankın sədri Elman Rüstəmovun “2016-cı ildə manat dəyərdən düşməyəcək” bəyanatından çıxan əsas mesajlar bunlardır:

1) Hökumətin iqtisadi fəallığın artırılması ilə bağlı bəyanatlar ən azı ilin sonunadək elə bəyanat olaraq qalacaq. İqtisadiyyatın “manat çatışmazlığı sindromu” ilin sonunadək həll edilməyəcək. Son ilyarımda 2 dəfə məhdudlaşdırılan pul bazasında valyuta bazarına təsir edə biləcək artım gözləməyin. İqtisadiyyatın monetezasiya səviyyəsini 15-16% ətrafında hərəkət etdirməkdə davam edəcəyik. İqtisadiyyatın kreditləşməsinə mümkün olduğu qədər gedilməyəcək. Məlumat üçün deyim ki, 2016-c ilin ilk 3 ayında 7% azalıb. Halbuki 2013-2014-cü illərdə kreditlərin orta aylıq artım tempi təxminən 2%, rüblük artım 5-6% təşkil etmişdi.
Büdcə vasitəsilə ölkə daxilində xərclənən invesitisiya vəsaitləri 2015-ci ilə nisbətən 4 dəfəyədək azaldılıb.

2) Ölkədən kənara çıxarıla biləcək böyük kapital 2014-2015-ci illərdə ölkənin valyuta ehtiyatlarının 30% əriməsi hesabına əsasən daşınıb. Hələlik valyuta bazarını silkələyəcək kapital qaçışını yaxın vaxtda gözləməyin;

3) Əvvəlki illərdə ölkəyə ən azı 2-2.5 milyard dollar dövlət sektorunun idxalının ən azı 2-3 dəfə azaldılası hesabına 1-1.5 milyard dollar valyutaya qənaət ediləcək;

4) Hökumət il ərzində müxtəlif layihələrin icrası üçün böyük həcmli xarici borclanma problemini həll edəcək, həmin borc sazişləri sayəsində ölkəyə gələn valyuta manatı bir qədər rahatladacaq;

5) Bank sektorunun və ev təsərrüfatlarının durumunun kəskin pisləşməsinə səbəb olan ikiqat devalvasiya sayəsində hökumət büdcə və başqa maliyyə öhdəliklərini ən azından yaxın bir neçə ayda rahatlıqla icra edə bilir – sonra necə olacağını 2017-ci ildə müzakirə edərik.

 

Yazı iqtisadçı-ekspert Rövşən Ağayevin Facebook hesabından götürülüb.