«Bu hakimiyyətin elə bil ki, artıq Allah da gözünü bağlayıb, günahını artırdıqca artırır»
Sara Pənahlı: «Ölkə başçısının ətrafında bir nəfər olsun səmimi adam yoxdur ki, ona doğru yolu göstərsin»
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, hazırda həbsdə olan siyasi məhbus Nemət Pənahlının anası Sara Pənahlı “Azadlıq”a növbəti dəfə müsahibə verib. Son günlər səhhətində ciddi problemlər yaşandığından Sara xanıma ilk sualımız da elə səhhətilə bağlı oldu.
– Əslində səhhətimdə elə bir problem yox idi. Nemətin evinin işıqlarını söndürmüşdülər. Elə kişinin vəziyyətinin pisləşməsi də ondan başladı. Onsuz da oğlunun şərlənməsinə, həbs olunmasına dözə bilmirdi. Kişi elə bil havalanmışdı. Hər namazdan sonra əllərini Allaha açıb körpə uşaq kimi hönkür-hönkür ağlayırdı. Ay Allah, məni bu dünyadan həsrət niskili ilə aparma deyirdi. Dözə bilmirdi. Bir tərəfdən də Nemətin balalarının yaşadığı qaranlıq, soyuq şərait əsəblərinə təsir edirdi. Özünüz fikirləşin, bu soyuq, bu şaxta havada işıq olmayan evi nə ilə isitmək olar. Əvvəl soyuqdəymədən yatağa düşdü. Elə özüm də möhkəm soyuqlamışdım. Amma kişinin vəziyyəti o qədər ağır idi ki, hamımız onun hayına qalmışdıq. Son iki günü demək olar ki, səhərə kimi yatmadı. Gecənin yarısı uşaqların hamısını oyatmağımızı istədi, Nemətin balalarını. Bir-bir qucaqladı, hönkür-hönkür ağladı. Elə bil görüşürdü uşaqlarla. Nemətin kiçik qızının adı Güneydi. Nəsə o anadan olandan ona Qaratel deyirdi. Bağrına basdı, Qaratel, dedi, baba da ölür. Mən öləndən sonra qoyma saçını kəsələr. Qız da ağladı. Dedim uşaqları qan bağır eləmə. Dedi yox, sən başa düşmürsən, bu dəfə sondur, məni çağırırlar, məni aparmağa gəliblər. Bircə Neməti evində görə bilsəydim. Neməti son dəfə görmək üçün ürəyi titrəyirdi. Nə qədər çalışdı gedə bilmədi. Sonra da infarkt keçirdi. Kişinin 7-sini verdiyimiz gün möhkəm titrətdim. Sonra demək olar ki, özümü bilməmişəm. Təcili yardım çağırıb, məni xəstəxanaya aparıblar. 7 gün reanimasiyada qaldım. Xeyli dava-dərman uddum.
Nemətlə görüş istədik, xəstəxanadan çıxardılar
– Siz xəstəxanada olanda, mətbuatda yayımlandı ki, Həcər xanım, Nemətin sizinlə görüşə bilməsi üçün penitensiar xidmətə müraciət edib, amma izn ala bilməyib?
– Hə, elə ora gəlirdim. Reanimasiyadan palataya köçürüləndən bir neçə gün sonra həkim dedi ki, böyrəklərində ciddi problem olduğuna görə sabah səni böyrək şöbəsinə köçürəcəyik. Ertəsi gün birdən-birə həkim gəlib dedi ki, səni evə yazıram. Nə isə ki, məni evə gətirdilər. Nemətin yoldaşı evdə yox idi. Evə gəlib məni evdə görəndə narahat oldu, niyə tam düzəlməmiş çıxarıblar, dedi. Xəstəxana ilə əlaqə saxladı, həkim dedi ki, xəstə özü çıxmaq istəyib.
Nə bilim, gəlin nə qədər yalvardı, qayıtmadım ora, hələ ki, evdə müalicə olunuram, iynə, dərman qəbul eləyirəm, sonrası, Ya qismət. Yəqin ki, Nemətə mənimlə görüş vermələri üçün izn istədik deyə, məni belə tələm-tələs xəstəxanadan çıxardılar.
Bu düşmənçilik deyil, namərdlikdir
– Yaxşı bəs səbəbi? Neməti atasının dəfn mərasiminə qoymadılar, görüşməyə qoymadılar, bütün bunların bir izahı da olmalıdır hər halda.
– Sizcə nə səbəb ola bilər. (ağanəzərəm, belə gəzərəm) Bir insana, hələ bir müsəlmana can üstə olan atası ilə vidalaşmağa, halallaşmağa imkan verməməyə, bunu da keçdim, öləndən sonra bir oğula atasının cənazəsini dəfn eləməyə imkan verməməyə nə səbəb ola bilər, ancaq son dərəcə insanlıqdan çıxmaq. Inanın ki, Nemətin atasının dəfninə gələn adamlar dəhşətə gəlmişdilər. Içəri girən birinci Neməti soruşurdu. Heç kim inana bilmirdi ki, bu qədər insanlıqdan kənar hərəkət eləmək olar. Yaxşı, lap tutaq ki, Nemətlə düşmənsiz, nə bilim nəsiz. Axı düşmənçiliyin də bir qaydası var. Bu, düşmənçilik deyil, namərdlikdir.
Nemət üçün atasının bu cür həsrətli, niskilli ölümü nə deməkdir, mən bilirəm. Çox böyük namərdlik elədilər Nemətə qarşı, çox. Amma mən vəsiyyətimi bəri başdan eləmişəm, demişəm ki, mən ölsəm heç kimə ağız açmayın.
Bizim erməni əsirliyində olmuş bir qohumumuz vardı. Ermənilərin mühasirəsinə düşmüşdülər, atışmada qızı ölmüşdü. Danışırdı ki, erməni məni tutdu, yalvardım ki, imkan ver qızımı basdırım. Soyuqdan qarın üstündə bir dəqiqə hərəkətsiz dayanmaq olmurdu. Erməni nə fikirləşdisə, dedi götür, amma harda yerə qoysan, bir də götürməyə imkan verməyəcəm. Uşağı qucağıma alıb qarın içində 3-4 km məsafəni bir nəfəsə getdim. Nəfəsim az qalırdı kəsilə, amma meyidi yerə qoymurdum. Axır ki, qəbiristanlığa çatdım, uşağı dəfn eləyəndən sonra, rahatladım. Adam ermənidən gördüyü bu qəddarlığı o qədər böyük dəhşətlə danışırdı ki. Bəli, mən də razıyam, ağlasığmaz qəddarlıqdır. Amma Nemət bəlkə də atasını son nəfəsində görə bilmək üçün, heç olmasa son mənzilə onu öz çiynində aparmaq üçün bundan da ağır şərtə razı olardı. Ona bu imkanı da vermədilər. Nə isə. Bu dünya çox fironlar görüb. Insanlara ibrət olacaq elə şeylər yaşanıb ki bu dünyada. Kimsə bu ölkənin hakimi ola bilər, amma inanın ki, bu dünyanın bir hakimi var ki, bütün dünya onun hökmünə tabedir. Səbri gen, ədaləti sonsuz, haqqlının haqqını haqqsızdan ala bilən tək Allahdır. Ümidimizi ona bağlamışıq. Bu hakimiyyətin elə bil ki, artıq Allah da gözünü bağlayıb, günahını artırdıqca artırır. Yükünü ağırlaşdırdıqca, ağırlaşdırır.
Nemət bu halında ölkə başçısından yaxşı durumdadır
– Başınıza gələnlərdən sonra hakimiyyətə, sözsüz ki, bir başa dövlət başçısına qarşı haqlı olaraq nə qədər qəzəbli olduğunuz açıq-aşkar görünür. Imkanınız olsaydı, ölkə başçısına nə deyərdiniz?
– Düşünmürəm ki, mənim halıma qəzəbli demək olar. Mən onlara qarşı daha çox təəssüf və acıma hissi duyuram. Çünki, birincisi biz dininə bağlı insanlarıq. Yəni bu dünyadan daha çox o dünyamızı düşünürük. Ikincisi isə, mən əminəm ki, bu günkü halı ilə belə mənim oğlum bu ölkənin başçısından qat-qat yaxşı durumdadır. Əvvəla o bütün ömrünü Allahın ən ağır sınaqlarından keçə-keçə yaşayıb, anası olaraq bilirəm ki, Nemətin həyatı boyu nə qəlbində, nə şüurunda bu millətə qarşı çirkin niyyət olmayıb. Demirəm ki, yanlışları olmayıb, qüsursuz və yanlışsız olan yalnız Allahdır. Amma təmiz niyyətinə görə Allah onu həmişə qoruyub. Ölkə başçısınınsa ətrafında bir nəfər olsun səmimi adam yoxdur ki, ona doğru yolu göstərsin. O “Böyük dayaq” filmində deyir e – oyan a kişi, bir gör arxanı kimlərə söykəmisən? (gülür).
Heydər Əliyev hönkür-hönkür ağlayıb
– Deyirsiz yəni, günlərin birində Lal Hüseyn…
– Bilirsiz, bəlkə də hər kəs məni düzgün başa düşməyəcək. Amma mən həmişə bu mövzuda “Allah eləməsin” deyirəm. Elə bil ki, bir gəmidə iki adam savaşır. Biri o birinin acığına gəmini batırmağa çalışır. Sizcə bu cahillik deyilmi? Zülm onsuz da heç vaxt cəzasız qalmır. Necə olur ki, mən yaşlı qadınam, başa düşürəm ki, doğru yol ağzını açıb danışanı tutub türməyə doldurmaq deyil. Bunun bir sonu olacaq, özü də çox pis sonu olacaq. Pişik pişikdi, divara qısnayanda, qayıdıb adamın üzünü cırır. Adam öz övladının da haqqına girəndə, ata-anasının üzünə qayıdır. Bunu deyən, izah edən niyə yoxdur. Inanın ki, bu ölkənin başçısının sabah ayağı büdrəsə, birinci ona zərbəni ətrafındakılar vuracaq. Bunu dəfələrlə görmüşük. Nemət bunu həmişə xatırlayırdı. Deyirdi bir dəfə Heydər Əliyev mənə dedi ki, mənim Moskvadakı o ən ağır günlərimdə bircə ehtiyacım vardı ki, heç olmasa nələr elədiyim minlərlə adamdan biri sadəcə mənə zəng vurub keyfimi xəbər alsın, amma bunu eləyən olmadı, dedi və hönkür-hönkür ağladı. Deyirsiz ki, ölkə başçısına nə deyərdim. Deyərdim ki, Heydər Əliyev, Heydər Əliyev idi, bunu onun dostu da bilir, düşməni də. Əgər Heydər Əliyev dar gününü belə xatırlayıbsa, siz nə fikirləşirsiz .
– Bəs Nemətin necə, dar günündə kimsə ona əl uzatdımı?
– Bilirsiz, rəhmətlik kişi son günlərdə tez-tez Nemətin uşaqlığını, gənclik dövrünü xatırlayırdı. Xüsusilə də bir dəfə bütün kənd camaatını başına yığıb, kəndə yol çəkməyini.
Biri dedi mənim ağacım zədələndi, biri dedi mənim hasarım dağıldı, biri belə dedi, biri elə dedi. Yazıq uşağın evdə də hamı üzünü danlayırdı. Xüsusilə nənəsi, el üçün ağlayan gözsüz qalar deyirdi. Bütün bu təzyiqlərə baxmayaraq Nemət o yolu axıra kimi çəkdirdi. Ömür boyu belə olub Nemət.
Ömür boyu da kim deyibsə ki, gördün bu millət belədir, milləti müdafiə eləyib. Millət belə deyil, milləti belə günə salıblar, deyib. Amma inanın ki, yenə də deyirəm hər şər bildiyimiz şeydə, bir xeyir var. Nemətin evinin işıq probleminin ziyalılar tərəfindən ödənməsi onun üçün nə demək idi mən bilirəm. Məsələ pulda deyil. Məsələ burasındadır ki, Nemət həbs olunan gündən onu həbsxanada daim bu cür sözlərlə əsəbiləşdirməyə çalışırdılar ki, bu millət, millət deyil, bəs nə oldu niyə səni müdafiə eləmir, bəs deyirdilər “biz ölərik, Neməti tək qoymarıq”, nələr, nələr. Azadlıqda baxmayın, 4 divar arasında bu sözləri eşitmək ona çox pis təsir edirdi. Amma bu son hadisə, inanın ki, hətta azadlıqda olanda küsülü olduğu adamlar belə işıq məsələsində onun ailəsinə yardım elədilər. Səhəri gün evə zəng eləmişdi. Xəbəri eşidəndə yoldaşına dedi ki, mətbuat vasitəsilə hamıya təşəkkür bildir və de ki, bu, bu milləti müdafiə etmək üçün irəli çıxan bütün adamları ruh düşkünlüyünə salmağa çalışanlara çox gözəl bir cavabdır.
Nemət Əli Həsənova zəng eləmişdi
– Mətbuatda belə bir fikir getdi ki, guya Nemətə əvvəlcə Milli Məclisdə təmsil olunmaq üçün söz verilib, sonra isə oyundan kənar vəziyyətə salınıb, sizcə, bu belədirmi?
– Hamı bilir ki, Nemət 1995-ci ildə deputat siyahısını açıqlamaqla hakimiyyətə qarşı çıxmışdı. O siyahıda Nemətin adı başda idi. Nemət ən yüksək vəzifədən özü istefa vermiş bir adamdır. Amma onu deyim ki, seçkiyə qatılanda da onun əsəbləri ilə oynamağa başladılar. Divara şəkillərini vurdururdu, cırırdılar, hərəkət eləməyə imkan vermirdilər. Axırda zəng elədi Əli Həsənova, vəzifəsi nədir bilmirəm, prezident aparatında işləyir e. Bizim kəndçidir, özü də böyük oğlumla bir sinifdə oxuyub. Ona şikayət elədi. O da dedi ki, bilirsən vallah, burda bizlik bir şey yoxdur, sənin televizordakı çıxışın prezidentlə Mehriban xanımın xoşuna gəlməyib. Bu sözdən sonra da Nemət dözmədi. Dedi bu nə deməkdir, mən televizorda çıxış eləyirdim ki, məni bəyənsinlər?! Başladı yazmağa. Düzü yazıları qəzetdə çıxanda atası yalvardı ki, Nemət yazma, səni tutacaqlar. Dedi yox, qaradan artıq boyaq olmaz.
Oğlum Ilham Əliyevə məktub yazmışdı
– Qaradan artıq boyaq olmaz deyəndə nəyi nəzərdə tuturdu ki?
– Ataların belə bir məsəli var, deyir, qarın süfrə deyil ki, açıb tökəsən. Amma yox, hamısını deyəcəm. Bəlkə mən də ölüb getdim, qoy heç olmasa ürəyimdə qalmasın. Nemət istefa verəndən sonra onun başına açılan oyunları, şəxsən mən bu gün düşmənimə də arzulamaram. Inanın ki, deməklə qurtarmaz. Vallah bu nə düşmənçilikdir, nə qisasdır, nə isə ki, bir ad tapıb verə bilmirəm. Əvvəlcə ailəsini dolandırmaq üçün özünə iş axtardı. Heç yerdə özünə iş tapa bilmədi ki, bilmədi. Çox çətin günlər yaşadı. Qıldığım namaz haqqı Nemətin çörəkpuluna ehtiyacı olan günləri olub. Adamı yandıran odur ki, neçə dəfə borc götürüb özünə iş qurdu, qurduğu işi alt-üst elədilər, özü də tanımadığı adamlar, hər dəfə də üzünə dedilər ki, bizə birbaşa prezident göstəriş verib, biz də eləmişik. Daha nə qədər olar? Dəfələrlə birbaşa prezidentə yazdı: “Yazdı ki, Ilham Əliyev, məndən istədiyiniz nədir? Mən bu ölkənin müstəqilliyi uğrunda bütün cavanlığımı qurban vermişəm. Yəni, mənim bu ölkədə yaşamağa da ixtiyarım yoxdur?! Uzun-uzadı bir məktub yazmışdı, mən hələ sizə nə danışdım ki, başına açılan bütün oyunları bir-bir yazmışdı. Daha bilmirəm aparıb ona çatdırdılar, ya yox, amma vəziyyət dəyişmədi. Hələ bir az da pisləşdi.
Bunu da yazmaq istəmirdi. Atası demişdi yazsın. Atası deyirdi ki, bəlkə bunu kimsə təşkil edir.
– Sizcə, kimin belə bir şeyə ehtiyacı olsun?
– Onu mən bilə bilmərəm. Amma hər halda lap belə olmuş olsa belə, mən Ilham Əliyevi qınamaya bilmərəm. Mən savadsız adamam, qəzetlərdə yazılanlardan xəbərim var, onun yoxdur? Bir baxıb görsün, bu günə kimi Nemətə Heydər Əliyevə kömək olmaqdan başqa bir qüsur tapıb deyən olubmu? (gülə-gülə əlavə edir) Mənim müsahibəmə camaat fikrini yazmışdı. Nemətin balaları oxuyurdular mənə. Deyirdilər ki, “Sara xala sənin oğlun Heydər Əliyevə kömək elədiyinə görə, ona bundan da ağır cəza vermək lazımdır. Eyni sözü o qabaq saxlandığı türmənin rəisi də demişdi ona. Bunları Ilham Əliyev bilmir? Bilmirsə, bilməməsi daha böyük qəbahət. Təkcə söhbət Nemətdən getmir. O, bu ölkənin rəhbəridir. Bilməlidir.
Deyir “Misir hadisələrini görmək istəyənlər, o günü görməyəcəklər.” Ay balam, hansı vicdanı olan adam Misirdəki o dəhşəti Azərbaycanda görmək istəyər? Amma necə ki, prezident camaatın dərdinə qulaq asmaq əvəzinə tutub camaatı türmələrə doldurur… Bir azdan türmələrdə yer də qalmayacaq. Camaatın canı boğazına yığılıb. Biri elə mən, gözümün qabağında 6 uşağın atasını tutub salıb türməyə, bu zülmü mən götürsəm də, Allah götürməz axı.
Oğluma Əliyevin vəzifəsindən arzulamıram
-Sara xanım, son bir sual. Amma mümkünsə səmimi cavab verin. Nə vaxtsa Neməti vəzifədə görmək istərdinizmi?
-(Fikrə gedir) Kişinin yeddisi günü onu yuxuda gördüm. Gördüm uzaqdan mənə Cənnəti göstərirlər. Cənnətin ortasında gözəl bir ağac var. Başında da xırda-xırda çəhrayı güllər. Mənə dedilər ki, bu peyğəmbərin ağacıdır. Cənnətdə ən yüksək vəzifə bu ağaca xidmət eləməkdir. Bir də baxdım ki, Nemətin atası ağaca su verir. Dedim ay Allah Əhədə vəzifə veriblər. Içimi elə çəkdim ki, yuxudan ayıldım. Bax, mən oğluma belə vəzifə arzulayıram. Ilham Əliyevin vəzifəsindən yox. O hələ bilmir ki, cəza deyəndə bu dünyadakıları, nə bilim Misiri filanı görür. Hələ o biri tərəfdən xəbəri yoxdur. Amma inanın ki, sidq ürəkdən deyirəm, ona da arzulayıram ki, bu dünyadaykən gözü açılsın, yanlışlarını görsün, günahlardan təmizlənsin. O biri tərəfə qul haqqı ilə getməsin.
Hikmət



