
Azərbaycanlı “qanuni oğru” Arif Mehdiyev Moskvada yaxalanıb. Lent-az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, kriminal aləmdə “Arif Sumqaitski” ləqəbi ilə tanınan “qanuni oğru” saxlanılarkən saxta Azərbaycan pasportu təqdim edib. Onun üzəridən 2 qrama yaxın heroin də tapılıb.
Rusiya mətbuatının yazdığına görə, “Arif Sumqaitski” adam oğurluğu və narkotik satışı ilə məşğul olan azərbaycanlı cinayətkar dəstəyə başçılıq edirmiş. O, Moskvada Varaşava prospekti 154 ünvanında ələ keçib.
Hələ 2009-cu ildə “Arif Sumqaitski” Tula vilayətinin Şekinski rayonunda saxlanılarkən ondan saxta Azərbaycan pasportu götürülüb. Yerli məhkəmənin qərarı ilə o, 5 il müddətinə Rusiyadan deportasiya edilib. Amma heç bir il keçməmiş o, saxta sənədlərlə yenidən Rusiyaya qayıda bilib.
Rusiya hüquq-mühafizə orqanlarından sızan məlumatlara görə, “Arif Sumqaitski” köhnə “oğru qanunlarının” daşıyıcılarından sayılır və yeni formalaşan “oğru qanunlarını” qəbul etməyənlərdəndir. O, yeni formalaşan “qanunların” əleyhinə olduğunu “qanuni oğruların” keçirdiyi bir sıra görüşlərdə (“sxodka”larda) da açıq büruzə verib. Əvvəllər peşəkar cibgir olan Arif indiyədək də oğurluqla məşğul olan azərbaycanlılara dəstək verir və əsas qazanc yeri də bu sahədəndir.
Rusiya mənbələrinin açıqlamalarına görə, “qanuni oğru” oğurluqdan gələn pulları narkotik dövriyyəsinə buraxırmış. Bu isə bəzi “qanuni oğruların” xoşuna gəlmirmiş. Məhz bu hərəkətlərinə görə, onun Rusiyada tanınmış “qanuni oğru” Rövşən Canıyev – “Rövşən Lənkəranski” ilə ciddi konflikti yaranıb. Bundan sonra Rövşən “qanuni oğrular”ın növbəti görüşlərindən birində təkidlə “Arif Sumqaitski” nin “qanuni oğru” adından məhrum edilməsinə nail olub.
“Oğru Dadaş” kimi tanınan bəzi məşhur “qanuni oğrular” “Arif Sumqaitski”nin əvvəlki xidmətlərini qiymətləndirsələr də, sonradan “Rövşən Lənkəranski”ni haqlı sayıblar. Amma Arif bu görüşdə çıxarılan qərarla razı olmayıb və yeni görüşün keçirilməsini tələb edib. Buna görə də hələ də özünü indiyədək “qanuni oğru” sayır.
Qeyd edək ki, Mehdiyevin tutulduğu Moskvadakı Varşava prospekti 154 ünvanında azərbaycanlılara məxsus “Qəbələ” restoranı yerləşir. Keçən ilin noyabrında həmin restoranda iki azərbaycanlı qətlə yetirilmişdi. Bu cinayətin izi hələ də açılmayıb. “Arif Sumqaitski” bu restorana hamilik edən şəxslərdəndir.


