Ötən gün Sabunçu rayon icra başçısı Adil Vəliyevin qəbul günündə dəhşətli hadisə yaşanıb. Qəbulda musavat.com-un müxbiri də iştirak edib və baş verənlərin şahidi olub.
İcra başçısı ilə görüşməyə gələn onlarla vətəndaş səhər saatlarından icra hakimiyyətinin binası qarşısında gözləsələr də, onlar siyahıya alınmayıb və günün sonuna qədər icra başçısı tərəfindən qəbul edilməyiblər. Bundan qəzəblənən vətəndaşlarla icra nümayəndələri arasında mübahisə yaşanıb. Vətəndaşlar icra başçısından onları qəbul etməsini tələb ediblər.
Əksəriyyəti yaşlı və əlil olan şikayətçilər artıq neçənci dəfədir ki, səhər saat 7-dən axşam saatlarına kimi burada gözlədiklərini, lakin qəbul edilmədiklərini deyiblər.
İcra başçısının qəbuluna gələn II qrup əlil Tağı Ağayev huşunu itirərək yerə yıxılıb. Vətəndaşların ilkin yardım göstərməsi nəticəsində gənc həyatda qalıb. Daha sonra hadisə yerində təcili tibbi yardım çağırılıb və Tağı Ağayevə yardım göstərilib. Gəncin anası Mətanət Ağayeva deyib ki, oğlu bu xəstəliyi 2003-cü ildə əsgərlikdə qazanıb. Hərbi xidmətini yerinə yetirərkən, mina partlaması nəticəsində “kantuziya” alıb, başında şiş yaranıb. Əsəb və narahatlıq keçirdikdə gəncdə ürəkgetmə halları baş verir.
31 yaşlı Tağı Ağayev əlilliyinə görə 130 manat pensiya alır. Onu isə kirayə qaldıqları evə vermək məcburiyyətində qalırlar. Ailəli və bir övladı olan gənc, vətən uğrunda itirdiyi sağlamlığının müqabilində dövlətdən bir otağı ,bir mətbəxi olan kiçik bir ev istəyir. Lakin hər dəfə qəbula gələndə başlarına buna bənzər hadisələr gəlir.





