Misir inqilabının memarı

Bu gün – 12 fevral Misir inqilabının Mübarək diktaturası üzərində tam qələbə çaldığı gündür. Bu inqilab digərlərindən həm də internet gəncliyinin inqilabı olması ilə fərqləndi. Hərəkatın zərbə qüvvəsi siniflər yox, sosial şəbəkələrdə təşkilatlanmış gənclik oldu.
Inqilabadək milyonlarla gənc misirli internetdə şəbəkələşdi, yüz minlərlə gənc Təhrir meydanına çıxdı. Inqilabları kütlələr etsə də, hər bir inqilabın öz qəhrəmanları olur.
Misir inqilabının da qəhrəmanı Google şirkətinin ölkə üzrə təmsilçisi 30 yaşlı Vail Qonim oldu. Hər şey 6 iyun 2010-da 28 yaşlı gəncin polis tərəfindən öldürülməsi ilə başladı. Işlədiyi BƏR (Dubay)-dan vətəninə qayıdan Qonim öldürülən gəncin adına “Biz hamımız Xalid Səidik” səhifəsini yaratdı. Səhifəyə gənclə bağlı materiallar yerləşdirildi. Bir ay ərzində 85ÿ000 nəfər üzv oldu. Ilin sonuna qədər yarım milyon adam bu səhifəni ziyarət etdi. Qonim siyasətçi deyildi, amma o deyirdi: “Mən bilirəm ki, bir brend yaradıb insanları həmin brendə inandırmaq olar”.
Beləliklə, möcüzə gerçəkləşməyə başladı. 25 yanvar 2011-də Qonim twitterdə Təhrir meydanına çağırış edən ilk mesajlarını yazdı. “*Misir üçün dua edirəm. Biz hamımız *25yanvarda ölməyə hazırıq”, “Bu sizin ölkənizdi, hökumətin məmurları sizin verdiyiniz vergilər hesabına maaş alır, sizin hüquqlarınız var!”. Yüz minlərlə gənc çağırışa qoşulub Təhrir meydanına axışdı. Internet gəncliyi islamçı gənclərlə də əlaqə saxladı. Mübarək rejimin interneti bağlaması ilə gənclərə aydın oldu: “Hamımız Təhrirdə olmalıyıq!”. 27 yanvarda Qonim yoxa çıxdı. Ancaq 5 fevralda onun yeri məlum oldu. 11 sutkalıq həbsdən sonra azadlığa çıxdı. Azadlığa çıxan kimi Dream Tv telekanalında Mübarək rejimini devirməyə çağıraraq dedi: “Əgər mən Ərəb Əmirliklərində qalıb rahat həyat yaşasaydım, özümü vətən xaini hesab edərdim”.
Nəhayət, 12 fevral 2011-də Qonim və milyonlarla misirlinin arzusu gerçəkləşdi. Mübarək rejimi devrildi. Bir vaxtlar heç kəsin tanımadığı ofis işçisi cəsarəti ilə milyonlarla inqilabçının lideri oldu. Onun satmaq istədiyi brend – inqilabın özü idi.
Misir inqilabı ilə Vail Qonimin fəaliyyəti bitmədi. 2011-ci il aprelin 26-da o, “Time” jurnalının “Dünyanın 100 ən təsirli adamı” siyahısına daxil edildi və Nyu-Yorkda mükafalandırıldı. 2011-ci ilin mayında o, “Inqilab 2.0″ kitabını çap etdi. Bu kitabda o, internet texnologiyaları ilə inqilabı gerçəkləşdirməyin yollarını izah edir. CNN kanalı ondan yeni inqilabın harda olacağını soruşanda o demişdi: ”Facebookdan soruşun”. Hazırda o, Misir QHT-lərinin şəbəkələşdirilməsi texnologiyası üzrə layihələrini gerçəkləşdirir. Bu layihələr də Misirdə yoxsulluğun azaldılması və təhsilin yüksəldilməsinə xidmət edəcək.  
Vail Qonimin “Inqilab 2.0″ kitabından sitat: ”Bu inqilab 2.0-dır. Heç kəs qəhrəman deyildi, çünki hər birimiz qəhrəman idik”. Yeni nəsil – internet inqilablarının fəlsəfini izah etməyə təkcə bu cümlə yetər.