Əli Əhmədov zarafat edir?

eli ehmedovPrezident üçün ən prioritet məsələ təhsildirsə…

Büdcəsi yüz milyardlarla, ÜDM-i trilyonlarla ölçülən, orta aylıq əmək haqqının 3000-4000 dollar olduğu ölkə lərin hökumətləri heç vaxt sürətli inkişafdan danışmayıblar. Amma xarici borcu büdcəsindən çox olan, vətəndaşı səfil vəziyyətə düşən, müəllimi, həkimi 150-200 manata möhtac qalan, iqtisadiyyatı idxaldan asılı vəziyyətə düşən Azərbaycanda hökumət analoqsuz inkişafdan dəm vurur.

Hətta ölkənin böhranla üz-üzə qaldığı indiki vəziyyətdə də hökumət dayanmadan uğurdan danışır. Bəli, statistik rəqəmlər ölkənin uçuruma yuvarlandığını, göstəricilərin sürətlə aşağı düşdüyünü göstərsə də, hökumət təmsilçiləri bunun əksini iddia edir.

Bugünlərdə daha bir absurd arqumentlə baş nazirin müavini Əli Əhmədov çıxış edib. Əli Əhmədov deyib ki, Azərbaycan prezidentiÿ Ilham Əliyevin islahatlar strategiyasının ən mühüm istiqaməti təhsilin üzərinə düşür.

Təhsilimizin hər gün biraz da quyuya düşdüyünü hamılıqla müşahidə edirik. 17000 tələbə təhsil haqqının ödəyə bilmədiyi üçün ali məktəblərdən kənarlaşdırılıb, xaricdə təhsil proqramı ləğv edilib, TQDK-nın açıqladığı imtahan nəticələri kütləvi savadsızlığın anonsunu verir, elmi dərəcəsi olan müəllimlər də imtahanlarda müsbət nəticə göstərə bilmir, şagirdlər repititorlardan asılı vəziyyətə düşüb, ali və orta məktəblər korrupsiya yuvasına çevrilib, tələbə təqaüdləri ən zəruri ehtiyacları ödəməyə çatmır, təhsil işçiləri 150-200 manatın ümidinə qalıb və müəllimlər seçkilərin saxtalaşdırılmasında vasitəyə çevrilib. Nəhayət, büdcədən ən az vəsait elm və təhsil sahəsinə ayrılıb.

Bütün bunlardan sonra Əli Əhmədov təhsilə qayğının ən prioritet məsələ olduğunu iddia edir. Əgər prezidentin islahatlar strategiyasının ən mühüm istiqaməti bu vəziyyətdədirsə, o biri sahələrin vəziyyətini təsəvvür etmək çətin deyil.

Bu gün Azərbaycan təhsilinə göstərilən diqqət və qayğının hər hansı nümunəsi yoxdur. Yeganə arqument məktəb binalarının tikilməsidir ki, bu da külli miqdarda maliyyə yeyintisidir. Həm də əsas olan o dəbdəbəli binaların içində təhsilin olmasıdır. Deyəsən, Əli Əhmədov zarafat edib.

Yeri gəlmişkən, Əli Əhmədovun diqqətinə çatdırmaq istəyirik ki, ölkənin əyalətlərində şagirdlər bərbad vəziyyətdə olan daxmalarda dərs keçirlər. Məsələn, Şəkinin Muradbəyli kəndində şagirdlər vaqonda dərs keçirlər. Yaxşı olar ki, Həştərxandan tutmuş, Serbiyaya qədər abadlıq işləri həyata keçirən hökumətimiz, əyalətlərdəki xarabalığı xatırladan məktəblərə də diqqət yetirsin. Faktlar da göstərir ki, hökumətin ən az diqqət yetirdiyi və ən çox zərbə vurduğu sahə təhsildir.

Əli Əhmədov onu da qeyd edib ki, bu gün YAP-dan 40 ali məktəb tələbəsinə 50 manat məbləğində təqaüd verilir.  Xatırladaq ki, ötən il YAP təkcə üzvlük haqqından 6 milyondan artıq gəlir əldə edib. Hər il milyonlarla manata gəlir əldə edən partiya niyə 50 nəfər tələbəylə kifayətlənir? Bu, 6 milyon manat o tələbələrin məcburi partiya üzvü edilmiş valideyinlərinin, müəllimlərinin maaşından tutulan üzvlük haqqından ibarətdir. Elə YAP-ın qayğısının həcmindən də görünür ki, təhsilə qayğı fontan vurur.

Akif