Yaxud insan müqəddəs deyil
Fransa senatının erməni soyqrımını inkar edənlərin cəzalandırılması barədə absurd bir qərar qəbul etməsi Azərbaycanda da haqlı olaraq etirazlara səbəb olur. Çünki bu qərar dolayısı ilə həm də Azərbaycan torpaqlarını ermənilərin işğalına haqq qazandırmaq deməkdir. Amma maraqlıdır ki, bunun fonunda bəziləri bütün Avropaya inamı itirməyə cəhd edir. Hiss olunur ki, hakimiyyət bəzilərinin dililə “Budurmu Avropa”, “Belə Avropa bizə lazım deyil” şüarlarını cəmiyyətə sırımağa çalışır. Halbuki bir neçə ermənipərəst Senata və bir Sarkoziyə görə, bütün fransızların ittiham hədəfinə çevrilməsi doğru deyil. Axı hamımızın gözünün önündə Fransa Senatının 500-dən çox üzvünün qarşılığında cəmi 127 senator bu absurd qanunun qəbuluna səs verdi. Yerdə qalan 400-dən çox senator bu və ya digər formada buna etirazlarını ortaya qoydular. Bütün fransızları ermənipərəst adlandırarkən, bəs öz ölkəsində, öz prezidentinin tələbinə qarşı çıxan fransızları nə edək? Biz bütün fransızları yamanlayıb ermənipərəst etməklə nə qazanacağıq? Əksinə, qanuna etiraz edənləri dəyərləndirmək, onların vasitəsilə Fransanın azad cəmiyyətilə təmasda olmaq lazımdır. O ki qaldı bundan bəhrələnib Avropanı yamanlayanlara, onlara bir neçə sözüm var.
Avropada 500 milyondan çox insan yaşayır və təbii ki, iqtisadi krizis, işsizliyin artması və qloballaşma səbəbindən bu qitədə kifayət qədər problemlər var. Bunun üzərinə hər gün artan immiqrant axınını əlavə etsək, avropalıların durumunu anlamaq olar. Amma nə olmasından asılı olmayaraq, bütün avropalılara eyni gözlə baxmaq düzgün deyil. Axı bir türk və ya azərbaycanlı nə bilə bilər ki, qarşısında dayanmış avropalı bir səlahiyyətli şəxs yunan və ya erməni əsilli deyil və onun daxilində türkə qarşı bir kin yatmır?
Məsələn, bir məqamı qeyd edim. Bu günlərdə mənə Nederlanddın dövlər qurumlarından birindən bir arayış lazım idi. Arayışı almaq üçün həmin qurumun bir yetkilisi ilə görüşəndə o, çox ciddi bir problem yaradıb məni 10 dəqiqəyə həll olunacaq iş üçün düz iki ay zaman alacaq başqa bir quruma yolladı. Məcburən başqa quruma getdim. Orada məni gülərüzlə qarşılayıb həqiqətən də prosedurun 8 həftə çəkdiyini bildirdilər. Mən isə arayışın təcili lazım olduğunu izah edəndə 3 həftə içərisində məsələnin həll olunacağına söz verdilər. Evə pərişan halda döndüm. Anlayırdım ki, məni get-gələ salan bir millətçidir. Və məhz gəlmə olduğuma görə bu problemlə rastlaşdım. Üzərindən bir gün keçəndən sonra təkrar həmin quruma eyni arayış üçün getdim. Həmin millətçini başqa bir holland əvəz edirdi. O, mənə lazım olan sənədi 5 dəqiqə ərzində həll etdi. Sonda da söylədi ki, “mənim imzam uğurludur, işlərin alınacaq”.
Onlarla belə misal çəkə bilərəm. Yəni avropalılar da insandır və bütün avropalılar da eyni deyillər. Bir pisə görə on yaxşını da yamanlayıb itirməklə biz heç nə qazana bilmərik. Əksinə, biz yaxşılara dəyər verməliyik ki, pislər çoxalmasın.