İqtisadçı-ekspert Rövşən Ağayev “Azərbaycan Beynəlxalq Bankı”nın (AMB) maliyyə vəziyyətini düzəltmək üçün dövlət büdcəsindən Mərkəzi Banka (AMB) 3 milyard manat ayrılması fonunda qurumun 2015-ci ilə aid hesabatını təhlil edib. O, bu barədə özünün “Facebook” səhifəsində yazıb:
“Mərkəzi Banka dövlət büdcəsindən Beynəlxalq Bankı xilas etmək üçün ayrılan 3 milyard manat borc 2045-ci ildə qaytarılacaq. Borcun 2.5 milyardı artıq 2015-ci ildə götürülüb, yerdə qalan 500 milyon manat isə yəqin ki, 2016-cı ildə alınacaq.
Həmin borc illik 0.15%-lə cəlb edilib. Bu faktın əks edildiyi Mərkəzi Bankın 2015-ci il hesabatından media üçün maraqlı ola biləcək bəzi faktlar:
1) Mərkəzi Bankın ehtiyat vəsaitlərini yönəltidiyi ticarət qiymətli kağızları içərisində ABŞ Xəzinədarlığının notlarına üstünlük verib.
Ticarət qiymətli kağızları qiymətlər və ya ticarət marjasında qısamüddətli dəyişikliklər hesabına mənfəət əldə etmək məqsədilə alınmış maliyyə aktivləri və qısamüddətli mənfəətin əldə edilməsi üçün portfelə daxil edilmiş qiymətli kağızlardır. Bank qiymətli kağızları aldıqdan sonra onları qısa müddət ərzində satmaq niyyətində olarsa, həmin qiymətli kağızları ticarət qiymətli kağızları kimi təsnifləşdirir. 2015-ci ildə ticarət qiymətli kağızlarının növü kimi ABŞ Xəzinədarlığının notlarına yatırım 2014-cü ilə nisəbətən 5 dəfədən çox artaraq 808 milyon manata çatıb. Əvəzində Britaniya xəzinə notlarına yatırılan ehtuyatlar 3 dəfədən çox azaldılaraq 106 milyon manata enib;
2) Mərkəzi Bank ödəniş tarixinədək saxlanılan investisiyalara yatırım etməyib. Halbuki 2014-cü ildə bu qəbildən olan qiymətli kağızlarda 3.3 milyard manat ehtiyat sxlanmışdı. Ödəniş tarixinədək saxlanılan investisiyalara Mərkəzi Bankın ödəniş tarixinə qədər saxlamaq niyyəti ilə aldığı qeyri-törəmə maliyyə aktivləridir.
3) Mərkəzi Bank satış üçün nəzərdə tutulan maliyyə aktivlərinə yatırımları 5 dəfəfən çox artıraraq 1.191 milyard manata çatdırıb. Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinə Mərkəzi Bankın qeyri-müəyyən müddət ərzində saxlamaq niyyətində olduğu investisiya qiymətli kağızları daxildir. Bu çərçivədə 2015-ci ildə İpoteka Fondunun istiqrazlarına 336 milyon manat, Kapital Bank ASC tərəfindən buraxılmış istiqrazlara 16.4 miıyon manat, Beynəlxalq maliyyə qurumları tərəfindən buraxılmış notlara 355.5 milyon manat yatırılıb.
4) Banklara verilən kreditlər kəskin artıb. Belə ki, 2014-cü ildə Mərkəzi Bank kommersiya banklarına verilən kreditlərin həcmi 3.5 milyard manat, 2015-də isə 6.3 milyard manat təşkil edib. 2015-ci ildə banklara verilmiş kreditlərin təxminən 60%-i hökumətin zəmanəti ilə verilib. Hesabatda məlumat verilmir, amma böyük ehtimalla hökumət öz mülkiyyətində olan banklara, ilk növbədə ağır vəziyyətdə olan Beynəlxalq banka zəmanət verib.
5) Mərkəzi Bankın 2015 ci ildə kommersiya banklarına verdiyi kreditərin təxminən 1.023 milyard manatı və ya bütün kreditlərin 16%-i vaxtı keçmiş və ya dəyərdən düşmüş kreditlər olub. Halbuki 2014-cü ildə həmin göstərici 20 dəfə az – 50 milyon manat ətrafında olmuşdu (bütün kreditlərin 1.5%-i).
Hesabat bu linkdədi, maraqlananlar, analiz etmk istəyənlər baxa bilər”.