Bəxtiyar Hacıyevə azadlıq tələb olunur

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi gənc siyasi məhbusların azad edilməsi tələbi ilə virtual kampaniyaya başlayıb. Kampaniya ilk olaraq 5 fevral bazar günü səhər 08:00-dan 11 fevral gecə saat 23:30-a qədər Bəxtiyar Hacıyevlə bağlı olub. Facebook sosial şəbəkəsində müxtəlif gənc fəallar “Bəxtiyar Hacıyevi azad edin!” tələbini status yazaraq gənc məhbusun fotosunu işarələməklə paylaşıblar.
Tvitterdə:https://twitter. com/supportHaciyev hesabındakı tvitləri retvit ediblər. Həmçinin tvitterdə *freebakhtiyar *supportbakhtiyar haştagı günün trendi olub. Eyni zamanda kampaniyanın təşkilatçıları çağırış edərək Bəxtiyar Hacıyev haqda bloq və ya köşə yazılmasını xahiş ediblər.
Xatırladaq ki, Harvard məzunu Hacıyev 2011-ci ilin martında Gəncədə tutulub və 2 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. Penitensiar Xidmətin Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
“Amnesty International”, “Human Rights Watch” və bir çox başqa beynəlxalq qurumlar Bəxtiyar Hacıyevi vicdan məhbusu kimi tanıyır və onun dərhal azadlığa buraxılmasını tələb edir.
GMHK-dan bildirilib ki, başqa bir gənc məhbusla bağlı tezliklə növbəti kampaniya başlayacaq.