Suriya diktatorunun mühüm generalı öldürüldü; «Həmas» da Əsədlə yollarını ayırdı
Suriyada gərginlik davam edir. Paytaxt Dəməşq və ona yaxın bölgələrdə hökumət qüvvələrilə üsyançı hərbçilər arasında şiddətli qarşıdurmalar yaşanıb. Dəməşqdə silahlı münaqişə nəticəsində Suriya ordusunun generalı öldürülüb. 11 ay davam edən münaqişədə ilk dəfədir ki, hökumət qüvvələrinin belə yüksək rütbəli zabiti öldürülür. Məlumata görə, öldürülən general Dəməşq hospitallarının birində komandanlıq edirmiş.
Bundan başqa, “Həmas” faktiki Suriyanı tərk etdiyini açıqlayıb. Türkiyənin “Anadolu” agentliyinin məlumatına görə, bu qərar “Həmas”ın siyasi bürolarının bir-birinin ardınca Dəməşqi tərk etməsi barədə verilən açıqlamalardan sonra məlum olub. Mənbə “Həmas”ın yeni “məskəninin” hara olacağı haqda yaxın vaxtlarda açıqlama veriləcəyini bildirib. Keçən bazar “Həmas”ın Dəməşqdəki son nümayəndəsi Imad Əl-Alaminin Suriyanın tərk edərək, Qəzza zolağına döndüyü xəbər verilmişdi.
Yaxın Şərq səyahətində olan “Həmas”ın siyasi büro sədri Xalid Meşalın bir daha Suriyaya qayıtmayacağı bildirilmişdi. Suriyada sürgün həyatı keçirən Meşalın Dəməşqi tərk etməsi bu ölkənin daha təhlükəsiz bir yer olmaması ilə əsaslandırılır. Ancaq Suriya ətrafında cərəyan edən siyasi proseslər başqa səbəblərdən xəbər verir. Görünür ki, Türkiyədə yüksək mövqeli siyasətçilərlə görüşən “Həmas” lideri Suriya məsələsində qərarını verib.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Türkiyədə “Həmas”ın yeni bürosunun yaradılacağı xəbəri yayılmışdı. Xəbər Türkiyə hökuməti tərəfindən nə təsdiq, nə də təkzib edilmişdi. Bəşər Əsədin “Həmas” kimi təşkilatların da dəstəyindən məhrum olması artıq rejimin sonunun gəlməsi haqda ciddi siqnaldır.
Bu arada, Səudiyyə Ərəbistanı BMT Baş Assambleyasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim edib. Rəsmi Ər-Riyadın hazırladığı sənəddə Ərəb Ölkələri Liqasının bundan öncəki “Yol xəritəsi”ni dəstəklədiyi bildirir. Səudiyyə Ərəbistanı təklif edir ki, Bəşər Əsəd 11 aydır davam edən zorakılıqları dayandırmalı və səlahiyyətlərindən imtina etməlidir. Yalnız bu variant ölkədə davam edən böhranın aradan qaldırılmasına imkan yarada bilər.
Rusiya isə Suriya məsələsinin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasına qarşı olduğunu bəyan edib. Qeyd edək ki, BMT Baş Assambleyasının Suriya ilə bağlı toplantısının bu gecə baş tutacağı gözlənilir.
Bəşər Əsəd rejiminə qarşı çıxan hərbçilərin yaratdığı “Azad Suriya Ordusu”nun qurucusu, polkovnik Hüseyn Mustafa Harmuşun öldürülməsilə bağlı yeni məlumatlar yayılıb. Polkovnikin Türkiyədən Suriyaya qaçırıldığı iddialarından sonra başlanan istintaqla bağlı ötən həftə keçmiş Milli Istihbarat Təşkilatının (MIT) əməkdaşı da daxil olmaqla, 5 nəfər həbs edilib. Srağagün Türkiyədə saxlanılan MIT-in sabiq əməkdaşının avtomobilindən dollar valyutasıyla külli miqdarda vəsait tapılıb.
Suriyadakı zorakılıqlara görə Bəşər Əsədi günahlandıran Harmuşun tutulması üçün başına 100 min dollar mükafat qoyulmuşdu. Polkovnik Suriyadan qaçaraq Türkiyənin Hatay vilayətində suriyalı qaçqınlar üçün salınmış düşərgədə məskunlaşmışdı. Iddiaya görə, Ö.S. 4 adamla birlikdə Harmuş və eyni düşərgədə olan mayor Mustafa Kassumu qaçıraraq Suriyaya təslim etmək üçün xüsusi plan hazırlayıb. Plan çərçivəsində Ö.S. hazırladığı saxta bir hesabatla rəhbərliyə Harmuşun Suriyaya qaçmaq istədiyini çatdırıb. Ötən il avqustun 29-da Harmuş və Kassumla düşərgədə görüşən Ö.S. bir avtomobillə buradan ayrılıb. Ö.S. Harmuş və Kassumu düşərgədən ayıraraq, digər MIT əməkdaşları M.A., S.A. və başqalarına təhvil verib. Daha sonra suriyalı polislər Harmuş və Kassumu həmin şəxslərdən təhvil alıb.
Ibrahim Harmuş deyib ki, böyük qardaşı Hüseyn Mustafa Harmuş Ö.S. tərəfindən maşınla aparıldıqdan sonra bir daha ondan xəbər almayıblar. Yerli hüquq-mühafizə orqanlarına müraciət edən Ibrahim Harmuş sonda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub yazaraq, onu baş verənlər barədə məlumatlandırıb. Bundan sonra baş nazir məsələnin araşdırılmasına göstəriş verib. Çox keçməyib ki, polkovnikin kimlər tərəfindən qaçırıldığı və hansı şəraitdə təslim edildiyi ortaya çıxıb.
Informasiya şöbəsi


