İstiqlalçı millət vəkili
Bəzi ağzıgöyçəklər orda-burda ağızlarını köndələn qoyub danışırlar ki, guya, indiki YAP iqtidarı heç kəsə fərq qoymadan yerli və xarici iş adamlarının dərisini soğan kimi soyur, analarını ağlar qoyur. Şəxsən mən bu fikirlə qətiyyən razılaşmıram. Ona görə yox ki, bu sözlərdə həqiqət yoxdur. Əsla. Ona görə ki, bizdə təkcə sahibkarların yox, nazirlərin də, komitə sədrinin də, hətta metro rəisinin də anasını ağladırlar.
Elə bu günlərdə məlum oldu ki, MTN-nin keçmiş şefinin qoçuları döşünə döyən, ona-buna “burcutma” deyib özü də çətin məqamda burcuda bilməyən, metro vaqonlarının köhnə təkərlərinin taqqıltısandan ilhamlanıb şeirlər qoşan Tağı Əhmədovun pişiyini ağaca dırmaşdırıblar. Babalı deyənlərin və yazanların boynuna, deyirlər ki, ondan nə az, nə çox – düz 3 milyon manat “boğublar”. Əslinə qalanda, bu məbləğ yapçılar üçün elə də böyük rəqəm deyil, sadəcə “semiçka” puludur.
Bundan başqa, indi hətta, iqtidar qəzetləri də parta-part yazırlar ki, bəs deməzsən, metroçu şairin metro ticarətindən qazandıqlarının 8 milyonu da “Texnikabank”da batıb. Lənət sənə, kor şeytan, bu “tupoy” iqtidar qəzetləri onun da fərqinə varmırlar, qanmırlar ki, bir müxalifətçi eləməyib tənbəllik onlara sual edər ki: məgər, ölkə rəhbərliyi bu metro alış-verişini görmürdümü? Görürdüsə, niyə ölçü götürmürdü, yox, görmürdüsə, onda niyə görmürdü, hara baxırdı?
Başa düşürəm, indi haqlı olaraq Yasamal rayon YAP təşkilatının 30 minlik ordusuna sədrlik edən, metro ticarəti təcrübəsini onlara sazla öyrədən Tağı əkə məndən inciyəcək ki, necə olur, 10 milyon manatlarla bac-xərac verən Rabitə və Yüksək Tenologiyalar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, adları hələ ki, dövlət sirri kimi gizli saxlanılan neçə-neçə nazirlik qala-qala niyə məhz mən qələmə gəlmişəm? Düz sözə nə deyəsən, kişi haqlıdır da bə!? Amma orası da var ki, birincisi, şükürlər olsun ki, bu dəfə bac-xəracı erməni, gürcü, moltanı, putin-mutin yox, özümüzkülər alıb. Ikincisi də, Allahdan gizlin deyil, bəndədən nə gizlin – Eldar Mahmudovun ağzı nə idi ki, o pulları özbaşına alaydı, məgər dünya dərəbəylikdir, bu ölkənin yiyəsi yoxdur? Düzdür, Eldar əkə də aranı xəlvət görüb tamahını itiləyib topladığı bac-xəracdan, özgə əmanətinin yağlı yerindən öz torbasını da doldurub ki, bu da ona çox baha başa gəlib. Bu xəyanət əmanətin yiyəsinin dəhşətli qəzəbinə tuş gəlib. Indi çoxları baş sındırır ki, ayə, görəsən, bu qədər zırıltıdan sonra MTN-lə bərabər ölkəni də söküb-dağıdan əsas fiqur – qoç Koroğlu – Eldar Mahmudov haqqında nə əcəb həbs qətimkan tədbiri seçilmir, öz dəlilərinin yanına, içəri atılmır? Başqalarını bilmirəm, şəxsən mənim üçün hər şey gün kimi aydındır, heç bir qaranlıq məqam yoxdur. Belə ki, xeyli qabaqlar bir köhnə dostumun mənə gizlicə açdığı sirr bütün qaranlıqlara aydınlıq gətirdi. Dostum danışırdı ki, keçmiş MTN-in şefinin qoçuları şəhərin lap mərkəzində yerləşən, bərkgedən bir neçə ticarət mərkəzinə hücum çəkib yağmalamışdılar, onları “tasa” otuzdururdular. Sən demə, bu ticarət mərkəzləri da ən yuxarı eşelonda qərar tutmuş birinin nəzarəti altında imiş. Vəziyyəti belə “rusca” görən tacirlər başılovlu lap-lap yuxarı, nəzarətçilərinin yanına qaçırlar və qoçu dəstəsini geri oturtmağı xahiş edirlər. Lap təpədə oturan isə, sizcə, nə desə yaxşıdır? O, çox yavaş səslə təkcə bunu deyə bilib ki, “Mən ona heç nə deyə bilmərəm, bu iş ona tapşırılıb, nə istəyirlər verin getsinlər”.
Indi sizə agah oldumu qoçubaşı – bac-xərac almaqda Koroğlunu da kölgədə qoyan E.Mahmudov nəyə görə içəridə, “dəlilər”inin yanında deyil? Halal olsun sizə, necə də düz tapdınız, quşu lap gözündən vurdunuz. Bəli, məhz ona görə ki, bu kişi 11 il ancaq və ancaq tapşırıq yerinə yetirib, tapşırıq yerinə yetirəni – elçini isə tutmurlar, tuta da bilməzlər.
04.05.2016.